Mobil versiya
Qarşılıqlı dəstək
Tarix: 15-12-2022 | Saat: 13:36
Bölmə:Özəl | çapa göndər

Qarşılıqlı dəstək

Ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir:

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir.

Beləliklə, Azərbaycanın xarici siyasətində onun 1992-ci ildən üzv olduğu BMT-yə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi yanaşılır. Yuxarıda adı çəkilən BMT TŞ-nın Ermənistan-Azərbaycan münaqişəsinə dair qətnamələrilə yanaşı, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımını da qeyd etmək lazımdır. Azərbaycan-BMT münasibətləri çərçivəsində ölkəyə müxtəlif layihələrlə bağlı yardım göstərən BMT-nin İnkişaf Proqramının oynadığı mühüm rolu da misal gətirmək olar. Bundan əlavə, UNESCO, UNİCEF və BMT-nin digər xüsusiləşdirilmiş təşkilatlarının fəaliyyəti də diqqətdən yayınmamalıdır.
1991-ci ildə İKT-yə üzv olduqdan sonra Azərbaycan bu təşkilat çərçivəsində fəal iştirakçıya çevrilmiş və İslam Konfransı Təşkilatı ilə mühüm önəm kəsb edən münasibətlərinin daha da möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış edir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində tanıyan və pisləyən ilk beynəlxalq təşkilatdır. İKT-nın bu həyat əhəmiyyətli məsələyə dair aydın və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərimizin yüksələn xətlə inkişafına əlverişli zəmin yaratmışdır.

Azərbaycanın 1992-ci ildən üzv olduğu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına 1992-ci, Paris Xartiyasına 1993-cü və Avropa Təhlükəsizliyi Xartiyasına 1999-cu ildə qoşulmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsindəki roluna görə, ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. Daxildir.

Avropa institutlarına inteqrasiya Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Bu səbəbdən Azərbaycan 2001-ci ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli qanunvericiliklərin demokratikləşdirilməsinə köməklik göstərən AŞ-nin Venesiya Komissiyası ilə sıx əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqları və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiyası və onun Protokollarını 25 yanvar 2001-ci il tarixində imzalamış, 15 aprel 2002-ci ildə isə onları ratifikasiya etmişdir. Azərbaycan nümayəndə heyəti Avropa Şurası çərçivəsində, ilk növbədə bu təşkilatın Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyinin formalaşdırılmasında məqsədyönlü və məhsuldar fəaliyyətilə seçilir.

Avropa məkanına daha sıx inteqrasiyanın zəruriliyi mövqeyindən çıxış edən Azərbaycan Avropa Birliyilə çoxşahəli qarşılıqlı əlaqələr yaratmışdır. Azərbaycanın AB ilə münasibətləri TACİS, TRACECA və s. Kimi müxtəlif proqramlar çərçivəsində inkişaf etdirilir. 1996-cı ildə Azərbaycan ilə Avropa Birliyi arasında 1999-cu ildən qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanmışdır. Bu saziş siyasi dialoq, demokratiyanın qurulmasına kömək, eləcə də iqtisadi əməkdaşlıq və sərmayələrin qoyuluşunu nəzərdə tutur. 2004-cü ildə Avropa Birliyinin şərqə doğru genişləndirilməsilə Azərbaycan Cənubi Qafqaz ölkəsi olaraq, “Genişləndirilmiş Avropa” təşəbbüsü çərçivəsində AB-nin “Yeni qonşuluq siyasəti”nə daxil edilmişdir. Bu isə ölkəmizin Avropa Birliyilə əməkdaşlığı daha da inkişaf etdirərək yeni keyfiyyət mərhələsinə qaldırması üçün zəmin yaradır.

Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə münasibətlərinə gəldikdə isə, qeyd etmək lazımdır ki, ölkəmiz “Sülh naminə tərəfdaşlıq” proqramına elə onun təqdim edildiyi 1994-cü ildə ilk qoşulanlardan olmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur. O dövrdən etibarən Azərbaycanın alyansla əməkdaşlığı uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində fəaliyyət, eləcə də Azərbaycan hərbçilərinin NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı əməliyyatlarda iştirakını buna bariz nümunə kimi göstərmək olar.

Həm nisbətən yaxın olmayan tarixdə, həm də müasir dövrdə qarşılaşdığı erməni terrorçuluğu timsalında bu bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabr ayının 11-dən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasının fəal üzvü olaraq, terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə öz töhfəsini verməkdədir. Belə ki, azərbaycanlı sülhməramlılar Əfqanıstan və İraqda həyata keçirilən sülhməramlı əməliyyatlara qoşulmuşdur.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət 1997-ci ildə GUAM şəklində yaranmış, 1999-cu ildə Özbəkistanın daxil olması ilə isə ÖGUAM-a çevrilmiş bu trans-regional qrupun təsisçilərdən biri olaraq, Azərbaycan həmin qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər üçün vacib əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədi güdür. Bu, siyasi məsələlər, münaqişələrin sülh yolu ilə həll edilməsində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa və trans-Atlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri əhatə edərək, üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə öz töhfəsini verir.
1993-cü ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həmçinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və cinayətkarlığa qarşı mübarizədə səylərin uyğunlaşdırılması və s. Bu kimi sahələrdə fəaliyyətin nizama salınması üçün çərçivə kimi çıxış edir.

Rafiq Süleymanlı,
Azərbaycan Dövlət Pedaqoji Universiteti



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə