Mobil versiya
“Boraltan – azadlığın tələsi” kitabının İMZA GÜNÜ - FOTOLAR
Tarix: 03-10-2022 | Saat: 10:59
Bölmə:Seçki 2024 | çapa göndər

“Boraltan – azadlığın tələsi” kitabının İMZA GÜNÜ

2 oktyabr 2022-ci ildə LIBRAFF kitab evində Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Boraltan - azadlığın tələsi” tarixi romanının imza günü keçirilib. MİMTA Yayımlarında nəşr olunan kitabın təqdimat mərasimində ziyalılar, media nümayəndələri və oxucular iştirak edib.

Roman İkinci Dünya müharibəsi illərində qırmızı terrordan qaçaraq qardaş Türkiyəyə sığınan, lakin 1945-ci ildə Stalinin tələbi ilə Cümhuriyyət Xalq Partiyası (CHP) hökumətinin zorla SSRİ-yə təhvil verdiyi soydaşlarımızın məşəqqətli və nakam taleyinə həsr olunub.

Yazıçı Azərbaycan-Türkiyə ortaq tarixinin daha bir dövrünü tarixi faktlarla romana çevirib. Bütövlükdə, müəllif qardaş Türkiyənin 100 illik tarixinə nəzər salıb. Osmanlı imperiyası dağılandan sonra tarix səhnəsinə çıxan Türkiyə Cümhuriyyətinin keçdiyi çətin və mürəkkəb yolu əsər boyu müxtəlif hadisələrlə əlaqəli şəkildə təqdim edib. Boraltan faciəsi XX əsrin ortalarına təsadüf etsə də, yazıçı Cümhuriyyətin qurulduğu illərə baş vurur, İkinci Dünya müharibəsinə qədərki dövrün mənzərəsini yaradır, XX əsrin ikinci yarısındakı Türkiyənin siyasi təlatümlərlə dolu dövrlərinə səyahət edir və əlbəttə ki, müasir Türkiyənin də təqdimatını verir. Bu, keçmişin Türkiyəsi ilə bugünkü Türkiyəni müqayisə etmək, ölkənin bir əsrlik tarixi yoluna nəzər salmaq üçün gözəl fürsət yaradır: bir vaxtlar SSRİ-nin qarşısında aciz qalan Türkiyədən artıq əsər-əlamət yoxdur. İndi Türkiyə bir dünya dövlətidir, super gücdür, türk dünyasının onurğa sütunudur, düşünən beynidir...

Əsərin qəhrəmanları Azər və Araz adlı iki gənc azərbaycanlıdır. Onlar Boraltan faciəsinin real qəhrəmanları olan Ənvər Qazıyevin və Adəm Qardaşbəylinin prototipləridir. Müəllif onların yolunu düşünən beyinlərimizin məhv edildiyi Qazaxıstanın buzlu cəhənnəmindən, can alan səhralarından salır, onları məşəqqətli yollardan keçirir, İrana aparıb çıxarır. Azərbaycan xalqının – türk dünyasının XX əsr boyu üzləşdiyi fəlakətləri onların dilində, yaşantılarında, ağrılı taleyində oxucuya çatdırır. Bununla da, xalqımızın qırmızı terrorun qurbanı olan övladlarının xatirəsini əbədiləşdirir, müstəqilliyimizə hansı mərhumiyyətlərdən keçərək gəldiyimizi anladır...

Ukrayna xalqının, Ahıska türklərinin, Krım tatarlarının faciəsi də romanın əhatə coğrafiyası, ötən əsrdə yaşadığımız regionda hadisələrin məzmunu və mahiyyəti barədə oxucuda geniş bədii təsəvvür yaradır.

Romanın qəhrəmanları həm də o dövrün siyasi fiqurları – dövlət başçılarıdır. Türkiyə Prezidenti İsmət İnönü, xarici işlər naziri (daha sonra baş nazir) Şükrü Saracoğlu, Britaniyanın baş naziri Çörçil, SSRİ Nazirlər Sovetinin sədri Stalin, SSRİ xalq xarici işlər komissarı Vyaçeslav Molotov arasında gedən danışıqların məzmunu romanın tarixi gücünü daha da artırır, baş vermiş faciənin - sovet əsgələrinin elə sərhəddəcə güllələdiyi 146 azərbaycanlının keçdiyi çətin və iztirablı yola işıq tutur.

Kitabın təqdimat mərasimində müəllif – Əməkdar jurnalist Yunis Orucov romanın ərsəyə gəlmə prosesindən bəhs etdi, nəşrə verdikləri dəstəyə görə MİMTA Fondunun əməkdaşlarına təşəkkürünü bildirdi.

Tədbir zamanı Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, “Boraltan – azadlığın tələsi” tarixi romanının redaktoru, Əməkdar jurnalist Firuzə Nadir, MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli və digər ziyalılar kitab və Yunis Orucovun tarixi roman janrına verdiyi töhfələr barədə fikirlərini oxucularla bölüşüblər.

Qeyd edək ki, bu, yazıçının tarixi janrda yazdığı ikinci romanıdır. Ötən il müəllifin böyük oxucu rəğbəti qazanan “Nargin – saralmış kədər” romanı işıq üzü görmüşdü. Hər iki roman MİMTA yayınlarının dəstəyi ilə çap olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə