Mobil versiya
Xəzəryanı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq bu regionda sülhü və sabitliyi təmin edən vacib amildir
Tarix: 04-07-2022 | Saat: 15:08
Bölmə:Seçki 2024 | çapa göndər

Xəzəryanı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlıq bu regionda sülhü və sabitliyi təmin edən vacib amildir

Hələ bir neçə il bundan əvvələ qədər Xəzər dənizinin ətrfında yerləşən beş ölkə arasında münasibətlərdə müəyyən gərginliklər yaşanmaqda idi. Təbii ki, bu gərginliyə səbəb ilk növbədə SSRİ-nin süqutundan sonra yaranmış Xəzərin statusu ilə bağlı qeyri-müəyyənlik idi. Əvvəllər bu status SSRİ və İran arasında imzalanmış razılaşma əsasında müəyyən edilmişdisə, artıq 5 Xəzəryanı ölkədən digər dördünün də müstəqillik əldə etməsindən sonra həmin razılaşmalar öz qüvvəsini itirmişdi. Xəzər dənizi isə məlum olduğu kimi, həm də zəngin neft və qaz yataqlarına malikdir. Bu səbəbdən də regionda gedən proseslərə hövzə ölkələrindən başqa digər dünya gücləri də öz təsirlərini göstərməyə çalışırlar. Məhz bütün bu problemlərin öz həllini tapması baxımından Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya böyük tarixi əhəmiyyət kəsb edir. Çoxillik və gərgin iş nəticəsində imzalanmış bu sənəd ilk növbədə Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi hövzə ölkələrinin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlərin görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq və bu istiqamətdə artıq bir çox önəmli addımlar atılıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında etdiyi çıxışında da vurğuladığı kimi, artıq ölkələr arasında təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə qarşılıqlı maraq doğuran başqa sahələrdə sazişlər imzalanıb və qüvvəyə minib. Əlbəttə ki, bütün bu hüquqi sənədlər beş Xəzəryanı ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı təşviq edir və bu əsasda bütün regionda sülhün və sabitliyin bərqərar olmasına əhəmiyyətli töhfədir.

Az öncə də qeyd etdiyimiz kimi, Xəzər dənizi karbohidrogen yataqları ilə çox zəngindır. Bu isə dənizin dibinin sərhədlərinin dəqiq müəyyənləşdirilməsi məsələsini aktual edir. Bu baxımdan Xəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi xarakter daşıyan sazişlərin imzalanması da Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən əsas amillərdən biri kimi çıxış edir. Öz növbəsində hövzə ölkələri arasında dostluq və mehriban qonşuluq münasibətləri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Təbii ki, ölkələr arasında münasibətlər qurularkən ilk növbədə bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri gözlənilməlidir. Öz çıxışında bu məsələyə xüsusi toxunan dövlət başçımız qeyd etdi ki, Xəzər dənizi bütün region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Bu layihələrin effektivliyini artırmaq üçün isə iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək, investisiya mühitini yaxşılaşdırmaq, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulmasını təmin etmək, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaq lazımdır.

Azərbaycan üçün Xəzər regionunda əməkdaşlığın mühüm istiqamətləri kimi nəqliyyat infrastrukturunun inkişafını, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılmasını qeyd etmək olar. Məlumdur ki, bu gün ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. O cümlədən Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Əlbəttə ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Və əlbəttə ki, Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları da çox dəfələrlə artacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat arteriyalarının önəmli bir hissəsidir və o, artıq reallığa çevrilir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-09-2024