Mobil versiya  Şənbə, 1 mart 2025, 14:05:45  
Zahir Qəhrəmanov: “Azərbaycan yeni regional reallıqların müəllifi kimi Cənubi Qafqazda gedən bütün proseslərə müstəsna təsir imkanlarına sahibdir”
Tarix: 08-04-2022 | Saat: 16:10
Bölmə:Ölkə | çapa göndər

Zahir Qəhrəmanov: “Azərbaycan yeni regional reallıqların müəllifi kimi Cənubi Qafqazda gedən bütün proseslərə müstəsna təsir imkanlarına sahibdir”

Cənubi Qafqaz istər enerji resursları, istərsə də malik olduğu geostrateji mövqeyi ilə hər zaman böyük dövlətlərin diqqətini cəlb edib. Lakin bu gün artıq bu regionun verə biləcəyi üstünlüklərdən yararlana bilmək üçün sadəcə gücə sahib olmaq heç də yetərli amil deyil. Çünki Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və tarixi Zəfərlə başa vurduğu Vətən müharibəsinin nətcələri ilə bütün dünyaya birmənalı olaraq bəyan etdi ki, artıq Cənubi Qafqazda yeni, tamamilə fərqli reallıq formalaşıb. Bu isə o deməkdir ki, bundan sonra bu regionda hər hansı bir layihəni həyata keçirmək niyyətində olan istənilən ölkə ilk növbədə yeni reallığı yaradan Azərbaycanın maraq və mənafeylərini nəzərə almalıdır. O cümlədən özünün enerji təhlükəsizliyinin təmin olunması məqsədilə bu gün Azərbaycanın imkanlarından maksimum dərəcədə yararlanmaq niyyətini göstərən Avropa İttifaqı artıq postmüharibə dövründə Cənubi Qafqazda gedən proseslərə müəyyən dərəcədə nüfuz etmək imkanı əldə edə bilmək üçün yeni formatın yaradılmasının zəruriliyini də qəbul etdi.

Özünün ərazi bütövlüyünü təmin etdikdən sonra Azərbaycanın həm iqtisadi, həm də siyasi imkanları daha da genişlənib. Hadisələrin gedişi bunu deməyə əsas verir ki, artıq Avropa Birliyi ölkələri də Azərbaycanın müəllifi olduğu bütün bu reallıqları obyektiv qiymətləndirmək və qəbul etməkdə qərarlıdırlar. O cümlədən aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə keçirdiyi görüşün nəticələri də bunu təsdiq edir.

Dörd saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Həmçinin Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların Avropa Birliyi tərəfindən qəbul olunduğunun bariz göstəricisidir. Brüssel görüşündə bir sıra vacib məsələlər müzakirə olunub. O cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyantda Azərbaycanın haqlı mövqeyi təsdiq olunub və dəstəklənib. Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu bəyanat Azərbaycanın mövqeyinə tam uyğundur və o anlama gəlir ki, Azərbaycan Prezidentinin dəfələrlə dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır.

Qeyd etmək lazımdır ki, əldə olunmuş razılığa əsasən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Həmçinin nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması da qərara alınmışdır.

Xüsusi olaraq diqqət yetirməli olduğumuz bir məqam da budur ki, qəbul olunmuş sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad qətiyyən yer almayıb. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib və Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb. Belə ki, məhz Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı. İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib və bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub.

Məlumdur ki, Avropa İttifaqı dünyada mövcud olan ön böyük siyasi və iqtisadi mərkəzlərdən biridir. Hal-hazırda həm Azərbaycan, həm də Ermənistan ona etimad göstərirlər. Bu isə Avropa İttifaqının ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında imkanlarını xeyli genişləndirir. Eyni zamanda da bu gün Avropa İttifaqı məhz Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Həmçinin son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında baş tutan dialoqlar və telefon danışıqları da dövlət başçımızın dünyada yüksək nüfuzunun ən bariz göstəricisidir.

Zahir Qəhrəmanov,
YAP Şirvan şəhər təşkilatının sədri

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025