Mobil versiya
AŞIQ ƏLƏSGƏR FƏLSƏFƏSİNDƏ KAMİL İNSAN TƏRBİYƏSİ
Tarix: 05-02-2022 | Saat: 15:49
Bölmə:Ölkə | çapa göndər

AŞIQ ƏLƏSGƏR FƏLSƏFƏSİNDƏ KAMİL İNSAN TƏRBİYƏSİ

“Həqiqi fəlsəfi fikir heç vaxt tarixə
çevrilmir, o həmişə müasir qalır”.
Əbu Turxan

İndiki dövrdə fəlsəfə ilə poeziyanın doğmalılığı barədə heç kimsə mübahisə etmir. Bir çox alimlər də belə hesab edirlər ki, filosof olmadan şair olmaq olmaz, yəni şairlər həm də filosofdurlar. Sokratın təbirincə desək, poeziya ovsundur, hər kəsə qəlbini, sirrini açmır.

Fəlsəfə ilə poeziyanı birləşdirən nədir? Bu birləşmənin əsasında ilk növbədə bədii əsərin fəlsəfəsinin, ideyasının möhtəşəmliyinin estetik zəmində sözlə doğuluşu, dünyanın poetik yolla dərki dayanır. Hər yaranan yeni bir bədii əsər yeni bir həqiqətin ünvanına çevrilir. Bu məsələ ilə bağlı daha maraqlı bir fikir də böyük filosofumuz, professor Səlahəddin Xəlilovundur: “Bütün böyük sənətkarlar həm də ona görə filosofdurlar ki, onların əsərlərində mahiyyətlərin də təhkiyəsi var” (Əbu Turxanın hikmət dünyası. Prof.Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2012, 448 s., səh. 252).

Mədəniyyətin, elmi-tərəqqinin inkişafına dəstək olan belə fəlsəfi ideyaların poeziya ilə sintezinin zaman-zaman bir çox nümunələri yaranmışdır. Onlardan biri də fəlsəfi lirikadır. Mütərəqqi ideyaların fəlsəfi lirika şəklinə salınması, həm də onların geniş kütlələrə çatdırılmasında və təbliğində ən uğurlu seçim olmuşdur. Burada antik dövr yunan filosoflarının fəlsəfi düşüncələrinin tarixdən silinməməsində xüsusi xidmətləri olan şair Tita Lukresiya Karı xatırlamaq yerinə düşərdi. Yunan filosoflarının fəlsəfi ideyalarını sistemli fəlsəfi-lirik poemalar şəklinə salmaqla o, onlara əbədilik qazandırdı. Hamının diqqətini cəlb edən belə fəlsəfi-lirik əsərlər, böyük marağa çevrilərək geniş oxucu kütləsi toplamağa, ardınca aparmağa qadir oldular. Bu əsərlərlə daha yaxından maraqlanan insanlar onları dinləmək və müzakirə etmək məqsədilə bir araya gələrək fəlsəfi-lirik poeziya məktəblərinin yaranmasına güclü təsir göstərdilər. Dahi Nizami Gəncəvinin, İmadəddinNəsiminin, Məhəmməd Füzulinin və digər Azərbaycan şairlərinin əsərlərindəki poeziya ilə fəlsəfənin vəhdətinin uğurlu nümunələri də belə bir məktəbin davamıdır.

Fəlsəfi lirikadan məharətlə istifadə edənlərdən biri də Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, yaratdığı dahiyanə əsərlərinin ləngəri, dərin fəlsəfi tutumu və özünəməxsus poetik tərzi ilə könülləri fəth edən qüdrətli söz sahibi, ustad Aşıq Ələsgərdir.

Bütün Türk dünyasında böyük hörmət və şöhrət qazanmış bu dahi sənətkarın, “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 fevral 2021-ci il tarixli Sərəncamında qeyd olunur: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla, həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir. ...Azərbaycan aşıq sənətinin ümumbəşəri dəyərlər sırasında qorunan dünya qeyri-maddi mədəni irs nümunələri siyahısına salınması həm də Aşıq Ələsgər sənətinə ehtiramın təzahürüdür”...

Sərəncam milli-mənəvi dəyərlərimizə, poeziyamıza, bu sənətdə ucalıqda yeri və mənəvi haqqı olan Aşıq Ələsgər yaradıcılığına xalqımızın və dövlətimizin qayğısının və diqqətinin ən bariz nümunəsidir.

Yaranma tarixi çox qədim zamanlara söykənən aşıq sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin fomalaşmasında misilsiz rolu olmuşdur. Xalqın içindən çıxan, xalqla elə xalqın öz dilində də danışan bu müqəddəs sənətə və onun sahiblərinə vətənimizdə el məhəbbəti vardır. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun təbirincə desək: “Biz Dədə Qorquddan üzü bu yana aşıq sənətinə mərifət, təriqət, şəriət, həqiqət sənəti kimi baxmışıq. Biz aşığa Peyğəmbər kimi baxmışıq. Onun şəxsiyyətinə ustad, müəllim, ozan, dədə səviyyəsində baxmışıq. Qurbaniyə, Dədə Qorquda, Ələsgərə, Xəstə Qasıma, Abbasa dədə demişik. Bunlar həqiqi mənada xalqın mənəvi dədələridir” (Zəlimxan Yaqub. Əsərləri, 13 cilddə, XII cild. Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 400 s., səh. 353).

Türk dünyasının mənəvi dədələrindən birinə çevrilmiş Aşıq Ələsgərin yaratdığı əsərlərə diqqət yetirsək, hər bir kəlməsindən, fəlsəfi-lirik fikrindən onun kamil elm-ürfan əhli olduğu görünür. Aşıq Ələsgərin elmi dünyagörüşü haqqında daha düzgün təsəvvürlər formalaşdırmaq üçün onun özü haqqında öz dilindən qopan bəzi fəxriyyələrinə nəzər salsaq; “Ələsgər,elmində olma nabələd”, “Ələsgərəm, hər elmdən halıyam”, “Dərs almışam o Əliyyül-əladan, Xof еtmərəm Xеybər kimi qaladan”, “Arif məclisində, alim yanında,Neçə dəfə imtahana düşmüşəm”, “Altı min altı yüz ayə..., Firdovsi, Füzuli, Hafiz, Nəsimi, Onlar da yazdığı ayə məndədi”, “Ələst aləmindən, qalu-bəladan, Nuri-Əhməd yaranandan danışaq”, “Xalların dürrü-gövhərdi, Sərrafıyam, tanıram mən”, “Dərsiazlar Ələsgərdəndərs alsın” “On iki şagirdim işlər hər yana”, “Ələsgərəm, doğru yoldan azmaram”, “Ələsgər, mətləbin Xudadan istə” və s. deyənAşıq Ələsgərin yaratdığı əsərlərdə bədii təfəkkürləelmi təfəkkürünvəhdəti tam aydınlığı ilə görünür:

Hikmət məclisində əyləşən alim,

Gəl, səninlə yol-ərkandan danışaq.

Ələst aləmindən, qalu-bəladan,

Nuri-Əhməd yaranandan danışaq.

Və ya:

Əgər haqq aşıqsan, “mеydana gəl” dе!

Arifsənsə, bu sözlərə “gözəl” dе!

Farsiyyət bilirsən, şеri-qəzəl dе!

Ərəbxansan, gəl, Qurandan danışaq!

Aşıq Ələsgər yaradıcılığına, bir tam kimi baxdıqda başdan-başa sirli-sehirli gözəlliklər aləmidir, bu aləm içində daha maraqlısı onun əsərlərinin insanları özünə cəzb etməklə yanaşı, həm də onları fəlsəfi-lirik ideyaları ilə daha üstün düşünməyə vadar etməsidir. Bir sirr də onun sözlərinin bütün dövrlərdə canlı, insanlara təsir etmə, tərbiyə etmə, onları dəyişmə gücünə malik olmasındadır. Aşıq Ələsgərin fikirləri xalqa çatanda onu hərəkətə gətirir, elə bir təlatüm yaradır ki, el gücünə çevrilir, elin düşünmə tərzini dəyişir, istiqamətini və sürətini dəyişən sosial-pedaqoji dəyərə çevrilir və yaxud geniş vadidə su kimi bir sakitlik tapır, ruhu oxşayır, insan mənəvi bir rahatlıq tapır... Daha maraqlısı odur ki, böyük sənətkarların yaratdığı əsərlər bütün zamanlarda, bütün fəsillərdə təravətini itirmir, həmişə təzə-tər, sevilən və dəbdə olandır. Əbu Turxan demişkən: “Həqiqi fəlsəfi fikir heç vaxt tarixə çevrilmir, o həmişə müasir qalır” (Əbu Turxanın hikmət dünyası. Prof. Dr. Səlahəddin Xəlilovun təqdimatında. Bakı, “Çaşıoğlu” nəşriyyatı, 2012, 448 s., səh. 245).

Dünya, Türk xalqlarının həm maddi, həm də mənəvi sərvəti, yazılı yaddaşı olan “Kitabi-Dədə Qorqud” eposunda “Qadir tanrı verməyincə ər bayımaz” – deyilir (Kitabi-Dədə Qorqud. Əsil və sadələşdirilmiş mətnlər. Bakı, “Öndər nəşriyyat”, 2004, 376 s., s. 19). Bəli, bütün böyük dahilərin, o cümlədən, Aşıq Ələsgərin də Uca Tanrıdan payı bol olmuş, mütləq olaraq mayasıhaqqın nuru ilə yoğrulmuş, məqamı adi şairlərə verilən ilham məqamından çox-çox üstün olmuşdur.

Bir haşiyə: Belə rəvayət edirlər ki, birisi Azərbaycanın dahi və ölməz şairi MəhəmmədhüseynŞəhriyarayaxınlaşıb deyir: “Sizin şeirlərinizin hamısı çox güclüdür, amma bax bu çox zəifdir”. Cavab belə olur: “Onu mən yazmışam, geridə qalanları Allah yazdırıb”.

Uca Tanrıdan payı olan hər bir bəndənin haqqı hər şeydən üstün tutması, haqdan danışması və yaratdıqlarının da haqqa söykənməsi mütləqdir. Aşıq Ələsgər də tərəddüd etmədən əmin idi ki, sözləri haqdan gələn bir paydır. Bunu onun özü tez-tez xüsusilə vuruğulayırdı: “Şükr еylərəm haqdan gələn zülümə”, “Haqdan yanan çıraq bad ilə sönməz”, “Əyri yola gеdən haqdan utanar”, “Sidqin Allaha bağlayıb, Çağırır Şahi-Mərdanı”.

Aşıq Ələsgərin yaradıcılığına hansı tərəfdən baxsaq onun mərkəzində insan və onu kamala və kamilliyə aparan “uzun incə bir yol”, bütöv bir tərbiyə sistemi gorünür. Cəfakeşi olduğu bu müqəddəs yolda o, şərq fəlsəfəsinin ənənələrinə sadiq qalaraq insanı daha kamil görmək üçün əlindən gələnləri əsirgəmirdi. Gah sadəcə əlçatan həmdəm, dost-yoldaşdır, dostu sözündən, baxışından, duruşundan anlayan, dərdinə şərik olmağı bacaran, İlahi nəğmələrinin gücü ilə qaranlığa qərq olmuş könülləri nura qərq eyləyən bir Allah bəndəsidir, gah üstad aşıq-şairdir, insanı aliləşdirən, yerin və göyün sonsuz gözəlliklərindən, sirli-sehirli dünyadan heyranlıqla söhbət açan, xəbərdar olan arifdir, alimdir, el dərdini öz dərdi bilən el ağsaqqalıdır. Eldə baş verən ictimai-siyasi hadisələrlə birgə yaşayır, yeri gələndə üsyan edir, narazılığını bidirir, “Qazıların düz bazarın görmədim” – deyir. Bəzən “Sinəmdədi eşqin şirin çeşməsi” deyən yar sevdasının nakamı, əsl aşiqdir, Kərəmdi, Məcnundu, Fərhaddı. Bəzən isə əsl duymağı, insan qəlbini bəsirət gözü ilə oxumağı, inamsızlığa qalib gəlməyi, güc və inam verməyi, həyatdan küsənləri həyata qaytarmağı bacaran müəllim-psixoloqdur. O, düşüncələrindən baş açmayanlara, öz içində boğulanlara ilahi sözün qüdrəti ilə əl uzadır, məlhəm olur:

O qəmli könlünü, müşkül halını

Düşünən də yazıq, bilən də yazıq!

Ağlasan, ağlaram mən səndən bеtər,

Dağladın sinəmi güləndə, yazıq!

Gah da dünyanınçoxunu da, azını da,yaxşısınıda,pisinidəgörmüş, müşahidə, müqayisə aparmağı, nəticə çıxarmağı, insanları haqqa çağırmağı bacaran piranidir, dədədir.

Xoşbəxt bir cəmiyyət istəyir, ilk növbədə onun insanlarından Uca Tanrıya sevgi, inamla yanaşı, digər dəyərləri – doğru-dürüst olmalarını, sözü ilə əməlinin bir olmasını istəyir və bu yolu tutanlara canını da qurban eləyir:

Mən istərəm, alim, mömin yüz ola,

Mеyli haqqa doğru, yolu düz ola,

Diliylə zəbanı üzbəüz ola,

Ələsgər yolunda can qurban еylər.

“Altı min altı yüz ayə məndədi” deyən, hafizliyi ilə qürur duyan Aşıq Ələsgər həm də İslam dininin gözəl alimlərindən biri idi. O, insanın yer üzünün əşrəfi olduğunu dəqiqliklə bilirdi, poeziyasının aparıcı ideyası da elə kamil insan idi. Aşıq Ələsgər, insanlığın tərbiyə olunmasında xilas yolunu “İnsanların tanrısına” (Qurani-Kərim. Bakı, "Çıraq", 2004. 636 s. ən-Nas surəsi, ayə-3, səh. 631) xidmət etməkdə, əsmaül-hüsnanın mənasını bilməkdə, əzbərləməkdə, saymaqda, onun gözəlliklərinə vurulmaqda və onlara əməl etməkdə, islami dəyərlərin zənginliyində görürdü. O, insanların doğru-dürüst, halal olmasını istəyirdi və cəmiyyətin uğurunu, üstünlüyünü də uzaqgörənliklə bunlarda bilirdi. Zəmanəsinin qabaqcıl ziyalısı, sayılan aşığı kimi bir sıra insanları tərif etsə də, əslində insanlarda olan üstün insani dəyərləri təbliğ edirdi. Həm də möhtəşəm poeziyasının, fəlsəfi-lirik ideyalarının təsiri ilə müxtəlif yollarla diqqəti daha müasir və humanist tərbiyəyə yönəldirdi.

Aşıq Ələsgər dövründən sonra dünyada elm, texniki-tərəqqinin sürətli inkişafı hesabına insanlara xidmət göstərən bir sıra qabaqcıl texnalogiyalar yaradıldı. Lakin cəmiyyətin əsas problemlərindən biri olan humanist insan ehtiyacı, onun modeli və tərbiyəsi ilə bağlı məsələlər indi də qlobal olaraq qalmaqdadır. Burada əsas məsələ, humanist insan tərbiyəsi baxımından insanların bir-birini başa düşməsi, duyması, hörmət etməsi və insanlığın əldə etdiyi nailiyyətlərin qorunması ilə bağlı bir məsuliyyət hissinin formalaşdırılmasıdır. Bu görünən və düşündürücü problem inkişaf etmiş dövlətləri daha çox narahat etməkdədir. ABŞ-ın görkəmli təhsil nəzəriyyə­çisi Hovard Qardner yazır: “İnsanların bir-birini başa düşməsi səviyyəsinin yüksəldilməsi baxımından nə olursa olsun, təhsil öz məxsusi təsdiqini tapmalıdır. Bütün elmlərin əsas obyekti insan olmalıdır” (Пятьдесят современных мыслителей об образовании. От Пиаже до наших дней. М.: Изд. дом Высшей школы экономики, 2012, 488 с., c. 448).

Aşıq Ələsgərin düşüncəsindəki insan obrazı mələk simalıdır, əxlaqlıdır. Onun düşündüyu kamil insana aid olan dəyərlər sırasında bir Allah bəndəsi, humanist olmaq ideyası hər şeydən öndədir. Belə bir müqəddəs, eyni zamanda mürəkkəb tərbiyə modelinin formalaşmasında o, mərifət elminin rolunu xüsusilə vurğulayırdı. O, mərifəti ayrıca elm hesab edir, hər kəsin bu elmdən hali olmasını istəyir: “Nütfədən pak olan, loğmadan halal, Mərifət elminə nabələd olmaz”, kamil insan üçün isə bir qayda olaraq “Mərifət elmindədolu gərəkdi” – deyir. Siracəddin Hacı yazır: “Arınmış, nurlanmış, bəsirət gözü açılmış qəlb, yəni vəhylə inşa olunmuş qəlb və ağıl mərifətullaha qovuşa bilər”, daha sonra “mərifətelmdir, elm də mərifətdir, mərifətelmi olan da arifdir... arifalimdir; mərifətinmənbəyi uca Allahdır, sonu isə yoxdur” – deyir (Siracəddin Hacı, AMEA NizamiadınaƏdəbiyyat İnstitutunun aparıcı elmi işçisi, 525-ci qəzet, 19 may 2016-cı il. səh. 6).

Özünü alim hesab edənlərə belə, mərifət elminin önəmli olmasını və bu elmə əməl etmələrini məsləhət bilir:

Alimin еlmiylə hеlmi yarıdı,

Həcvü-hədyan dеmək nahaq söhbətdi.

Aşıq Əlsgər eyni zamanda insanların tərbiyə olunmasında mərifət elminin hər kəs üçün deyil, onun kamilliyə aparan dərin bir elm olduğunu, seçilmişlərə-ariflərə aid olduğunu da vurğulayır: “Arif məclisində bir söz söylərəm”, “Bir söz söyləyərəm, ariflər qanar”, ... “Oxu “əlif”, “ğеyn”, “еylə haqq-say”, “Arif sеçər əbcəd ilə cəm əli”, “Gövhər sözüm məclislərdə yayılı, Arif ondan mətləb qanıb ayılı”, “Arif ola, еyham ilə söz qana”, “Bu, bir müəmmadı, ariflər qanar, Nadan bu еlmdən hali ola bilməz”, “Arifsənsə, bu sözlərə “gözəl” dе” və nəticə olaraq “Arif olan hər insana gözəldi” – deyir şair.

Aşıq Əlsgər düşüncəsindəki insanı ağıllı, savadlı, mərhəmətli və müasir dünyagörüşlü görmək istəyir. İnsanlarda belə dəyərlərin formalaşmasının yeganə yolunu isə ilk növbədə onların təhsil almasında görür. Həm də boş-boşuna yox, tələblər dəqiq elmi-pedaqoji əsaslara söykənir. Təhsil alan dərs almalı, öyrənməli və öyrəndiyini də öz malı etməyi bacarmalıdır. Böyük bir pedaqoji prosesin ardıcıllığını, məqsədini və nəticəsini öz şəxsi nümunəsində təcrübəli şair, alim-pedaqoq kimi dahiyanə, hər kəsə yetəcək üsulla, fəlsəfi-lirik dildə şərh edir:

Yazıq Ələsgərəm, azdı kamalım,

Vacibdi ki, bir ustaddan dərs alım.

Dərs aldım, öyrəndim, oldu öz malım,

Bizdən də ustada nəfi rəhmətdi.

Əxlaq insan davranışı ilə əlaqəli olduğundan, insan tərəfindən istifadə olunan bütün dəyərlər aksiologiyanın predmetidir. Yunan alimlərindən Demokrit əxlaq qurucusu, Sokrat isə əxlaq filosofu kimi tanınır. Bu baxımdan Aşıq Ələsgəri əxlaq şairi, əxlaq aşiqi, əxlaq müəllimi kimi qəbul etməliyik. Onun yaradıcılığına fikir versək görərik ki, aksiologiyanın diqqəti daha çox çəkən tərbiyəli-tərbiyəsiz, yaxşı-pis, xeyir-şər, xoşbəxtlik-bədbəxtlik, vicdanlı-vicdansız və s. kimi dəyərlərinə tarixi ənənə, milli dəyərlər baxımından aydınlıq gətirir. Mahiyyət etibarı ilə Aşıq Ələsgərin fəlsəfi-lirik ideyalarında ümumbəşəri dəyərləri özündə ehtiva edən əxlaqi-mənəvi keyfiyyətlərin formalaşmasının vacibliyindən, bunun bir çox tarixi hadisələrə və insanların həyatına mənfi və müsbət təsirlərindən bəhs edilir. Onun təkcə aşıqlara deyil, hamı üçün qanuna çevrilən, əxlaqi-mənəvi keyfiyyətlərlə zəngin məşhur “Gərəkdi” rədəfli qoşması başdan-başa “təmiz əxlaqın” fəlsəfi məktəbidir:

Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqda ədəbin bilə,

Mərifət elmində dolu gərəkdi.

Aşıq Ələsgərin elmi-fəlsəfi düşüncəsində, bir birindən maraqlı və çox çeşidli dünya anlayışları mövcüddur. O, bu dünyalarda sərbəst olaraq birindən digərinə transfer etməklə, öz düşüncələrini, qənaətlərini, hesab etdiyi üstün dəyərlərlə oxucusunu maarifləndirməyə, tərbiyə etməyə çalışır. Bu dünyalar içində bir fani dünya da var. Dədə Qorqud, Qurbani, Qaracaoğlan, Yunus Əmrə kimi, Aşıq Əlsgər də “Aldanma dünyanın bu fənasına” – deyərək, Uca Tanrıya aparan yolları hər şeydən üstün tutur, qalanları isə fani bilir. Allaha olan sonsuz inam və sevgisini xüsusilə “Allahın adı ilə” şeirində və ümumilikdə əksər əsərlərində ən çox “Allah”, “Allahu-əkbər”, “Xaliqi-ləmyəzəl-Allah”, “Allahimmə səlli”, “Vallahül-əzim bеlədi”, “Maşallah”, “Şükür еylə Allaha”, “Sən Allahı sеvərsən”, “Sən Allah”, “İnşallah” və s. kimi müraciətləri daha müqabil bilir:

Tut orucun, qıl namazın,

Şükür еylə Allaha;

Gül olma dünya malına,

Qalacaqdı dünyada.

Bir dünya da sirr olaraq qalmaqdadır: Var olanın varlığına münasibət. Şübhəsiz ki, Aşıq Ələsgər kimi bir dahini də bu fikirlər düşünməyə vadar etmişdir. Onun ontoloji düşüncələri dövrünə bəlli elmi biliklərə əsaslanırdı. Elm aləminə bəllidir ki, Aristotelin ontologiyası var olanı var olduğu kimi, ilk öncə olanın nə olduğunu öyrənməkdən ibarətdir. Bu baxımdan ontologiya elminin ən önəmli sualları; “İlk olan nədir?”, “Hər şeyin başlanğıcı nədir?”, “Bütün varlıqların ilk tozu-zərrəciyi nədir?” – Aşıq Ələsgər yaradıcılığında da özünəməxsusluğu ilə ən çox rast gəlinən (daha çox bağlamalarda) fikirlərdəndir:

Yеrin, göyün, ərşin, kürsün, insanın

Künhü, bünövrəsi ay nədən oldu?

Və ya:

Bizdən salam olsun arif olana,

Haqq nə gündə xəlq еylədi dünyanı?

Yеr ilə göy nə saatda bəhs еtdi?

Yеr nə üstə bəndə saldı asmanı?

Və ya da:

Altı gündə dünya nеçə don gеydi,

Nə üstə əyləşdi, bərqərar oldu?

Əvvəli kim oldu ərşin bənnası?

Ulduzlar nə təhər yеrbəyеr oldu?

Aşıq Ələsgərin yaradıcılığında daha sıx rast gəldiyimiz möcüzəli bir dünya diqqəti cəlb edir. Bu, könül dünyasıdır. Onu dolduran sevincin, həyəcanın, kədərin, qəmin duyulmasında, dərkində və şərhində elmin gücu yetərli deyildir. Bu sirli-sehirli insan dünyansının əngəlliklərindən xəbər verməyə yalnız incəsənətin, poeziyanın – bədii təfəkkürün gücü qadirdir. Öz düşüncəsində buna tam əmin olan Aşıq Ələsgərin istedadı, gücü adi adamların görə bilmədiklərini görməsində, deyə bilmədiklərini isə fəlsəfi-lirik dildə, qaydada deməsində idi. Bu baxımdan onun yaratdığı əsərlərin mahiyyətinin, ideyasının daha çox hər kəs üçün əl çatan və qəlbəyatan olmasıdır. Məsələn, “Yazıq” rədəfli qoşmasında bir adamı başqasından fərqləndirən psixi hallarvə ya vəziyyətlər elə ilk cümlədən səmimiyyətlə diqqəti cəlb edir. Gözəllik, insanlıq ondadır ki, bu könlü qəmli, müşkül hallı insana böyük şairin özü həm həmdəm, həm də məlhəm olur:

O qəmli könlünü, müşkül halını

Düşünən də yazıq, bilən də yazıq!

Ağlasan, ağlaram mən səndən bеtər,

Dağladın sinəmi güləndə, yazıq!

Bildiyimiz kimi, ünsiyyət insanlar arasında qarşılıqlı əlaqənin ilkin forması olmaqla, həm də onun insanlar arasında qarşılıqlı münasibətlərin tənzimlənməsində və inkişafında böyük rolu vardır. İnsanlarınbir-biriniqavraması və anlamasını ümumilikdə sosiallaşmağa doğru atılan ilkin addım kimi də başa düşmək olar. Hər cəmiyyətdə insanların bir-birini düzgün anlaması siyasi gücə, dəyərə çevrilir. Cəmiyyət tərəfindən qəbul edilmiş bu dəyərlərin gənc nəsil tərəfindən mənimsənilməsi, sosiallaşma prosesində böyük əhəmiyyətə malikdir. Aşıq Ələsgərin əsərlərində bu önəmli sosial-ictimai xarakterli hadisələrin həlli yolları ustalıqla göstərilir, insanlar səmimiyyətə, humanistliyə, qarşılıqlı anlaşmaya dəvət edilir:

“Can” dеməklə candan can əskik olmaz,

Məhəbbət artırar, mеhriban еylər.

“Çor” dеyənin nəfi nədi dünyada,

Abad könlü yıxar, pərişan еylər.

Belə əsərlər hər bir adamın hisslərinə ustalıqla sığal çəkir, oxşayır, hakim kəsilir, oxucusunu öz təsirinə salaraq onu istqamətləndirir, dünyadan əlini üzənlərin “əlindən tutaraq” dünyaya qaytarır, daha inamlı və güvənli bir həyata səsləyir. Elə buna görə də insanların inam və güvən məbədinə çevrilmiş Aşıq Ələsgər məktəbinin oxucularının-sevdalılarının sayı günbə-gün artmaqdadır, milyonlarladır.

İnsanların kamilliyə dəvət olunmasında, tərbiyə olunmasında səmavi dinlərlə yanaşı, Tanrıdan payı olan şairlərin də rolu çox böyük olmuşdur. Xüsusilə, Şərq aləmində – cəmiyyətində şairlər daha çox hörmət sahibi olmaqla yanaşı, həm də təsir gücünə malik olmuşlar. Avestanın yaradıcısı Zərdüştə peyğəmbər kimi baxmışlar, Əfzələddin Xaqaniyə, Nizami Gəncəviyə, İmadəddinNəsimiyə və başqalarınada el məhəbbəti böyük olub. Məhəmməd Füzuli “Mətlə ül-etiqad” əsərində müqəddəs Quranın “Yasin” surəsindən 69 ayəni xatırladaraq: “Biz ona (Məhəmmədə) şeir öyrətmədik” – deyərək, “məni öyrətmişdir”- deyir (Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. V cild. Bakı, “Şərq-Qərb”, 2005, 224 s., səh. 81). Məhəmməd Füzuli qürurla belə bir yüksək dəyərin peyğəmbərlərə yox, Allah tərəfindən şairlərə nəsib olmasını vurğulayır. Bu sevdalarla yaşayan Aşıq Ələsgər də şairləri peyğəmbərlərə, onların şeirlərini də Quran ayələrinə bənzər, Uca Tanrının payı bilirdi:

Firdovsi, Füzuli, Hafiz, Nəsimi–

Onlar da yazdığı ayə məndədi.

Əslində, yaradıcılıq yeni maddi və mənəvi dəyərlərin, gerçəkliyin modelinin yaranmasının canlı prosesidir. Fəlsəfi-poetik üslubda yaranmış bədii əsərlə tanışlıq zamanı bədii dərketmə yolu ilə yeni bir həqiqəti dərk edirik, qəbul edirik. Digər bir baxımdan, bu əsərlərin pərvazlanmasında fəlsəfə və poeziya qoşa qanaddır. Bunların hər ikisi dil hadisəsidir, hər ikisi dilin köməyi ilə reallaşır. Dil yeni bir əsərin yaradılması üçün əsas material, əsas vasitədir. Bədii əsərin səviyyəsi dilin inkişafı ilə birbaşa əlaqəlidir. Dil həm də düşünmə fəaliyyətinin ümumiləşmiş formasını oxucuya çatdırmaq üçün də əsas vasitədir. Yaranan əsərin estetik idealın zirvəsinə can atması, cəmiyyətin tələblərinə uyğun olması birbaşa dillə bağlıdır. Bu işdə dil əsas amildir. Xüsusilə, fəlsəfi-poetik dil müəyyən ideyaları gündəlik danışıq tərzindən daha çox işıqlandırmağa qadirdir. Məsələnin belə qoyuluşu təlim-tərbiyə prosesində qoyulmuş məqsədə çatmaqda xüsusi əhəmiyyət kəsb edir, onu asanlaşdırır. Bu baxımdan Aşıq Ələsgərin yaradıcılıq dili obrazlı, çoxçeşidli, daha mükəmməl dildir. Fikirlərin sadəliyi, təbiiliyi, anlamlığın geniş olması, insanların bir-birinə yaxınlaşması, bir-birini başa düşmələrində maqnit təsirinə bənzəyir. Onun dili deyilmə tərzi ilə obrazlara nəfəs, can verməklə, əhval ruhiyyə yaratmaqla, həqiqəti diqqət mərkəzinə çəkir. Aşıq Ələsgərin dili dialektlərdən yüksəkdə olmaqla, daha qədim və daha müasirdir: Dədə Qorqud, Xəstə Qasım, Qurbani, Tufarqanlı Abbas, Yunus Əmrə, Qaracaoğlan, Vaqifin dili olmaqla yanaşı, həm də onun coğrafiyası çox genişdir, müasir türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edir.

Aşıq Ələsgərin oxuduğu kitablar sırasında Quranla, insanla yanaşı bir də təbiət var idi. Təbiətdəki ənginlik və zənginlik onu sehrləmişdi, təbiət vurğunu etmişdi. Ana təbiətin gözəlliklərindən doymaq bilmirdi. Hər an təbiətdəki min bir gözəlliklərə heyran olmaqla yanaşı, onları duymağa, öz dilində danışmağa, onlara qovuşmağa can atırdı. Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun yazdığı kimi: “Təbiət Allahın şah əsəridir... Hamısı ilham çeşməsi, şeir qaynağı, poeziya bulağı, müqəddəslik beşiyi, duruluq, təmizlik, halallıq mənbəyi!” (Zəlimxan Yaqub. Əsərləri, XIII cilddə, I cild. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011, 416 s., səh. 20). Gözünü-könlünü təbiətin belə gözəllikləri ilə doyuran Aşıq Ələsgər, yaratdıqlarını da “Allahın şah əsərinə” bənzər, bənzərsiz yaratmışdır. Xüsusilə, insanı – dağa, qızı, gözəli, göyçəyi – çiçəyə, mənəvi saflığı – ucalığa, ağılı, düşüncəni dərin dəryalara bərabər tutmuşdur.

İdeal qadın obrazı zaman-zaman dəyişsə də, Aşıq Ələsgərin vəsf etdiyi gözəllərin gözəlliyi bu gün də dəbdən və dillərdən düşmür. Onun gözəlləmələrində Maral, Ceyran, Tərlan, Yaxşı xanım, Gülxanım, Sarıköynək, Səlbi, Salatın, Güllü, Gülpəri, Güləndam, Leyli Bəyistan, Kəklik, və s. vəsf olunan gözəllərdə qadın xarakteri gözəlliyin əsas şərtidir. “Hər yеtən gözələ “gözəl” dеmərəm”, deyən Aşıq Ələsgərin məqsədi sadəcə zahiri gözəllikləri vəsf etməklə bitmir, daxili gözəllikləri də gözəlliyin əsas şərti bilir, daxili və zahiri gözəlliyin vəhdətini qəbul edir. O,əsərlərində insani dəyərləri təbiətdəki gözəlliklərlə müqayisə edir və önəmli olanı diqqət mərkəzinə gətirir. Lakin bu əsərlərdə insani dəyərlərlə bağlı fikirlərlə tanış olduqca gözlərimizin önündə zəngin və əzəmətli, kamil bir insan obrazı canlanır.

Aşıq Ələsgər Peyğəmbər Əfəndimizin “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” hədisini meyar tutaraq vəsf etdiyi insanları kamilliyə yönəldir. Bu yolda kamala çatmaqüçün onlara faydalanmağın yollarını göstərir. Allaha doğru cəhdi kamilliyə gedən yolun başlanğıcı hesab edərək, onun sonunu Qurani Kərimin “Şəms” surəsindəki “And olsun nəfsə və onu yaradıb kamilləşdirənə” ayəsində görür (https://quran-al-karim.com/sems-suresi-91).

Orucov Vidadi Ömər oğlu pedaqogika üzrə elmlər doktoru,
Lənkəran Dövlət Universiteti “Pedaqogika, psixologiya və incəsənət fənləri”
kafedrasının professoru [email protected]

AİA.Az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-03-2025