AZ RU Mobil versiya
Novruzəli Aslanov: “Müharibənin ilk günlərindən Kəlbəcərin şimal hissəsinin azad olunması böyük strateji əhəmiyyət kəsb edirdi”
Tarix: 19-11-2021 | Saat: 16:54
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Müharibənin ilk günlərindən Kəlbəcərin şimal hissəsinin azad olunması böyük strateji əhəmiyyət kəsb edirdi”

“Bu gün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən artıq bir ildən artıq müddət keçsə də işğaldan azad edilmiş torpaqlarımızda erməni vandallarının işğal dövründə törətdikləri vəhşiliklərin və talanşılığın nəticələrini əks etdirən görüntüləri ürək ağrısız izləmək olmur. Erməni qəsbkarları bizim torpaqlarımızı zəbt edərək, həmin ərazilərdə bütün infrastrukturu dağıdıb, rayon və şəhərlərimizi viran qoyub, talayıblar. Bütün bu faktlar bir daha göstərir ki, biz hansı ümumbəşəri bəlaya qarşı mübarizə aparmışıq və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu bütün Cənubi Qafqazı necə böyük bir təhlükədən xilas edib. O cümlədən erməni işğalı dövründə böyük dağıntılara məruz qalmış rayonlarımızdan biri də Kəlbəcər olub. İşğala qədər rayonun əhalisi 88 300 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. 1993-cü il 2 aprel tarixində Ermənistan tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra bütün bu infrastruktura dağıdıcı zərbələr vuruldu. Məlumdur ki, işğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, həmçinin Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub. Həmçinin işğal nəticəsində rayon ərazisində mövcud olmuş onlarla tarixi-mədəniyyət abidəsi, yüzə yaxın məktəb, uşaq bağçaları, yüzdən çox kitabxana, onlarla klub və mədəniyyət evləri, tarix-diyarşünaslıq muzeyi, yüzdən artıq səhiyyəmüəssisələri, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100-lərlə maşın, texnika və s. talan edilib, dağıdılıb və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınıb. Və bütün bunlara yalnız və yalnız Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində son qoyuldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili qeyd edib ki, müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsinin Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilməsi böyük strateji əhəmiyyət kəsb edən hadisə olmuşdu: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə həm də illərlə kağız üzərində qalan BMT Qətnamələrinin icrasını təmin etdi. Belə ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası özünün 3205 saylı iclasında 822 saylı Qətnamə qəbul etmişdi. Həmin Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədilər. Beləliklə bu tarixi missiyanı da Azərbaycan təkbaşına həyata keçirmiş oldu. Qeyd etmək lazımdır ki, şanlı Ordumuz tərəfindən müharibəsinin ilk günlərində Kəlbəcərin şimal hissəsinin nəzarətə götürülməsi də hərbi əməliyyatların sonrakı gedişinə kifayət qədər təsir etmiş əhəmiyyətli hadisə idi. Bu barədə Ali Baş Komandan cənab İlham Əliyev belə demişdir: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.” Təsadüfi deyil ki, 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9424 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.”

Daha sonra Novruzəli Aslanov Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2021-ci il avqustun 16-da Kəlbəcərə etdikləri səfərin əhəmiyyətindən danışaraq bunları deyib: “Beləliklə, 2020-ci il sentyabr ayının 27-də başlanmış Vətən müharibəsi cəmi 44 gün ərzində Azərbaycanın möhtəşəm tarixi Zəfəri ilə nəticələndi. Artıq noyabr ayının 10-da Ermənistan özü üçün faktiki kapitulyasiya aktı olan Üçtərəfli Bəyanatı imzalamalı oldu. Məhz həmin Bəyanatın şərtlərinə görə Ağdam, Laçın və Kəlbəcər rayonları qan tökülmədən Azərbaycana qaytarıldı. O cümlədən noyabr ayının 25-də Kəlbəcər rayonu işğaldan azad edildi. Bundan az müddət sonra da işğaldan azad olunmuş digər ərazilərimizlə yanaşı Kəlbəcərdə də vüsətli bərpa-quruculuq işləri start götürdü. Məlum olduğu kimi, 2021-ci il avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər rayonunda səfərdə olmuşlar. Prezident İlham Əliyev Kəlbəcərdə Azərbaycan bayrağını şəxsən qaldırmışdı. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoydular. Beləliklə Göygöl və Kəlbəcər rayonlarını birləşdirəcək yeni yolun inşasına başlandı. Həmçinin həmin tarixi səfər zamanı 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı edilib, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli qoyulub. Kəlbəcər şəhərində Dövlət bayrağını ucaldan Prezident İlham Əliyev öz çıxışında bir çox vacib məsələlərə toxunaraq belə demişdi: “Son 10 il ərzində nədən söhbət gedirdi - beş rayon Azərbaycana qaytarıla bilər, Kəlbəcər və Laçın rayonları isə keçmiş Dağlıq Qarabağda referendum keçiriləndən sonra Azərbaycana qaytarıla bilər. Əlbəttə, biz buna heç cür razı ola bilməzdik. Çünki heç bir referendumdan söhbət gedə bilməzdi. Mənim siyasətim ondan ibarət idi və mən bunu açıq şəkildə bəyan edirdim ki, bizim bütün torpaqlarımız işğalçılardan azad edilməlidir, ərazi bütövlüyü tam bərpa edilməlidir, bizə məsələnin yarımçıq həlli lazım deyil.” Əlbəttə, ermənilər hər zaman kiməsə güvəniblər. Azərbaycan xalqı isə hər zaman öz Prezidentinə güvənib. Nəticə də göz qabağındadır. Azərbaycanda formalaşan xalq-Prezident-ordu birliyi düşmənin başını əzdi və ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

16391 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-01-2022