Mobil versiya
Sosial evlər, adi ipoteka və kirayə mənzil layihəsinin bir-birindən fərqi nədir? - AÇIQLAMA
Tarix: 10-11-2021 | Saat: 15:59
Bölmə:İqtisadiyyat | çapa göndər

Sosial evlər, adi ipoteka və kirayə mənzil layihəsinin bir-birindən fərqi nədir? -

Aztəminatlı gənc ailələrin mənzillə təmin olunması son illər ən çox müzakirə olunan sosial məsələlərdəndir. Mənzil almaq üçün kifayət qədər nağd vəsaiti olmayan şəxslər üçün dövlət müxtəlif variantlar təqdim edir. Hazırda evi olmayan vətəndaşlara ipoteka, kirayə mənzil və güzəştli mənzillərlə bağlı dövlət proqramları həyata keçirilir.

Bu sosial layihələrin bir-birindən fərqi nədir? Ehtiyacı olan vətəndaşların həmin mənzillərə əlçatanlığı hansı səviyyədədir?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, sosial ipoteka İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən kreditlərdir.

"Hazırda bu növ ipoteka üzrə verilən kreditlərin sayı 36130-dur. Bu ipoteka növləri üzrə ayrılmış vəsait 1 988 mln manatdan yüksəkdir. Adi ipotekada vətəndaşa ayrılacaq maksimum məbləğ 100 min manat, güzəştli ipotekada isə 150 min manatdır. İllik faiz dərəcəsi müvafiq olaraq 8 və 4%, müddət isə 25-30 ildir. Güzəştli ipotekada ilkin ödəniş 10%, adi ipotekada 15% təşkil edir" - deyə ekspert bildirib.

E.Kərimli qeyd edib ki, güzəştli ipoteka növü ən cəlbedici ipoteka növüdür. Lakin ona çıxış imkanı olan insanların siyahısı məhduddur.

"Müəyyən və ciddi tələblər var. Yaş məhdudiyyəti qoyulur. Lakin qiymət sərfəli olduğuna görə müraciət edənlər çoxdur. Bir tərəfdən də bu layihə üçün ayrılmış vəsait azdır. Ona görə çox insan bu layihədən faydalana bilmir. Digər səbəblərdən biri də güzəştli ipoteka ilə mənzil alanların bir çoxu ikinci mənzil kimi onu əldə edirlər, həqiqətən mənzilə ehtiyacı olanlar isə kənarda qalır. Bu layihəyə əsasən, hazırda dövlət xətti ilə ipotekaya verilən mənzillər Bakı şəhərindədir. Bu layihənin regionları da əhatə etməsi məqsədəuyğun olardı. Həmçinin, bu mənzillərin daha çox ehtiyacı olanlar və uyğun gəliri olub, mənzili olmayanlar üçün əlçatanlığı daha yaxşı olardı" - deyə E.Kərimli qeyd edib.

Sosial kirayə mənzillərində isə ilkin ödənişə ehtiyac yoxdur. Sadəcə müəyyən olunmuş kirayə haqqının 12 aylıq məbləği əvvəlcədən ödənilir.

"Aylıq kirayə haqqı isə mənzilin ümumi dəyəri 25 ilə, yəni 300 aya bölünərək müəyyənləşir. Hazırda bu layihə üzrə 1122 müqavilə bağlanıb. Bu, banklarla tikinti şirkətlərinin ortaq layhəsidir. Burada İpoteka və Kredit Zəmanət Fondu zəmanətçi kimi rol oynayr. Bu da vətəndaşların etibarını qazanmaq məqsədi daşıyır. Əslində, bu layihənin aztəmiantlı, gənc ailələrin mənzilə çıxış imkanlarının asanlaşdırılması kimi həyata keçiriləcəyinə dair bəyanatlar var idi. Əvvəlcədən belə təqdim olunurdu ki, kredit faizləri hesablanmayacaq. Lakin hazırda mənzillərin satışı faizsiz elan olunsa da, faizlər əvvəlcədən hesablanaraq, ümumi qiymətin üzərinə gəlinib. Ona görə də qiymətlər çox yüksəkdir. Kirayə şərtləri ilə satışa çıxarılan mənzili nağd şəklində 3 dəfə ucuz qiymətə almaq olar" - deyə, ekspert bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024