AZ RU Mobil versiya
Azər Həsənov: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə yazdı
Tarix: 26-10-2021 | Saat: 18:30
Bölmə:Cəmiyyət | çapa göndər

Azər Həsənov: Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə yazdı

“Ölkənin hərbi qüdrətinin durmadan artması Azərbaycanda həyata keçirilən uğurlu ordu quruculuğu işinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri düz bir il bundan öncə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla yerinə yetirdi. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması da məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab olaraq 27 sentyabr 2020-ci il tarixində başladığı və cəmi 44 günə tarixi Qələbə əldə etməklə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə sübut etdi ki, Cənubi Qafqazın ən qüdrətli ordusudur.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti,Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti,Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həsənov deyib.

Tarixi Qələbəmizin bir illiyi münasibətilə öz fikirlərini paylaşan müsahibimiz belə bir məqamı vurğulayıb ki, işğal dövrü ərzində vasitəçilik missiyasını həyata keçirilən beynəlxalq təşkilatların əsil məqsədləri münaqişəni qeyri-müəyyən müddətə dondurmaq və Azərbaycanı ərazilərinin itkisi faktı ilə barışdırmaq olub: “Əslində II Qarabağ müharibəsinin başlanması artıq çoxdan tarixi zərurət kimi öz təzahürlərini göstərməkdə idi. Bununla belə Azərbaycan münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Bu da məlumdur ki, sülh danışıqları əslində məhz Ermənistana verilmiş bir şans idi. Lakin onlar bu şansdan yararlana bilmədilər. Azərbaycan isə əlbəttə ki, daha 30 il gözləyə bilməzdi. Həm də bu gözləntilərin nəticə etibarı ilə bizə heç bir xeyri olmayacağı da artıq məlum idi. Bütün bu illər ərzində sülh yolu ilə münaqişənin həlli imkanları qəsdən, süni şəkildə tükədilirdi. Həm də bu proses mərhələli şəkildə həyata keçirilirdi ki, işğalın baş verməsindən mümkün qədər çox müddət keçsin. Ermənistana havadarlıq edən dünya gücləri ümid edirdilər ki, Azərbaycan gec-tez işğal faktı ilə, ərazilərinin itirilməsilə barışacaq və bunun üçün çalışırdılar. Gedən danışıqlar da, təklif olunan variantlar da birmənalı olaraq vaxtı mümkün qədər uzatmaq məqsədi güdürdü. Təbii ki, belə münasibət işğal altında olan Qarabağda yaradılmış separatçı rejimin azğınlaşmasına yol açırdı. Bu rejimin cinayətkat başçıları artıq açıq-aşkar bəyan edirdilər ki, onlar üçün Ermənistanla Azərbaycan arasındakı məlum paketlər və danışıqlar qətiyyən qəbuledilməzdir. İkinci bir tərəfdən də Ermənistan özü artıq 2019-cu ildən vəziyyəti daha da gərginləşdirmək üçün əlindən gələni edirdi. Məsələn, həmin ilin avqust ayında Qarabağın işğal olunmuş ərazisinə səfəri zamanı Paşinyan, “Qarabağ – Ermənistandır və nöqtə” tipli populist bir cümlə söyləmişdi. Əlbəttə ki, bütün bunlar sülh danışıqları üçün siyasi müstəvini demək olar ki, tamamilə bağlamışdı. 2020-ci ilin iyul ayının 12-də Ermənistanın silahlı qüvvələri artilleriya və iriçaplı silahların köməyilə Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan silahli qüvvələrinin Azərbaycan-Ermənistan sərhədindəki mövqelərinə hücuma keçməklə bizə irimiqyaslı hərbi əməliyyatlra başlamaq üçün tam əsas vermişdilər. Sözügedən hücum nəticəsində Azərbaycanın 11 hərbçisi həlak olmuş, bir neçəsi yaralanmış, həmçinin dinc sakinlər həyatlarını itirmiş, mülki obyektlərə, kəndlilərin evlərinə və xəstəxana binasına ciddi zərər yetirilmişdi. Əlbəttə, o zaman da biz rahatlıqla Ermənistan ərazisinə keçə bilərdik, orada da torpaqları zəbt edə bilərdik. Heç kim bizim qabağımızı ala bilməzdi. Vətən müharibəsi də bunu göstərdi. Lakin dövlət başçısı yenə də siyasi iradə nümayiş etdirərək buna imkan vermədi. Çünki bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Nəhayət 2020-ci il sentyabr ayının 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdular. Bu, Azərbycanın səbr kasasını daşdıran son damla oldu. Həmin gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə erməni təxribatlarına son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün bütün təmas xətti boyunca hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Şanlı Azərbaycan Ordusu erməni qoşunlarını darmadağın etdi. Düşmən rüsvayçı şəkildə torpaqlarımızdan qovuldu, tarixi ədalət bərpa olundu.”

Daha sonra Azər Həsənov Azərbaycan Ordusunun ən yeni texnologiyalara yiyələnməklə, XXI əsrin müasir döyüş taktikasının müəllifi olduğunu da vurğulayaraq bunları deyib: “Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu öz adını hərb tarixinə həm də XXI əsrin ən yeni döyüş taktikasının müəllifi kimi yazdırdı. II Qarabağ müharibəsi zamanı istifadə olunan bu taktika dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. O cümlədən ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd ediblər. Həqiqətən də bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. Əbəs yerə deyil ki, bir çox aparıcı Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müharibə Kollecinin və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası öyrənilərkən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dünyanın aparıcı ölkəsi olsaydı belə onun da heç bir şansı olmayacaqdı.”

Həmçinin Azər Həsənov Vətən müharibəsində Azərbaycana tarixi Qələbəni qazandıran ən mühüm amillərdən birinin Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizdə formalaşmış birlik və həmrəylik mühitinin olduğunu qeyd edərək bunları deyib: “Unutmaq lazım deyil ki, Vətən müharibəsinin gedişində məhz xalqın birliyi və ədalətli mövqeyi dövlət başçısının ətrafında “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuş və tarixi ədaləti bərpa etmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, indiyədək görünməmiş birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızı düşməndən təmizləmiş, erməni faşizmini məhv etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş daxili siyasətin nəticəsi olaraq Azərbaycan cəmiyyətində formalaşmış milli birlik və həmrəylik mühitinin tez bir zamanda ölkədaxili siyasi müstəviyə də sirayət etməsi dövlətimizin gücünü daha da artırmışdır. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərdi. Məsələ bundadır ki, hərbi əməliyyatların davam etdiyi dövrdə bütün dünyanın ermənipərəst qüvvələri Azərbaycana qarşı siyasi-diplomatik müstəvidə də savaş açmışdılar. Bu savaşın isə əsas hücumları məxsusi olaraq informasiya cəbhəsində təşkil olunurdu. Lakin Prezident İlham Əliyev müharibənin davam etdiyi bütün dövr ərzində, davamlı olaraq verdiyi müsahibələrində bu hücumları məharətlə dəf etdi və əsil Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılmasına, erməni yalanlarının ifşasına nail oldu. Məhz belə bir məqamda da dünya ictimaiyyətinin ölkəmizdə həm vətəndaş cəmiyyətində, həm də siyasi qüvvələr arasında birlik və həmrəyliyi müşahidə edə bilməsi sözsüz ki, Azərbaycanın mövqeylərini daha da möhkəmlətmiş oldu.”

Müsahibənin sonunda Azər Həsənov Cənubi Qafqazda yaranan yeni reallıqların həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açdığının xüsusi qeyd edərək bunları deyib: “Azərbaycanın tarixi Qələbəsi nəticəsində Cənubi Qafqazda yaranan yeni reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açıb. Bu imkanlar regional əməkdaşlıqda maraqlı olan bütün ölklər tərəfindən çox yüksək qiymətləndirilir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışılarında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini dəfələrlə vurğulayıb. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Həmçinin bu layihələr digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, Azərbaycan artıq yeni nəqliyyat dəhlizinin yaradılması istiqamətində iri həcmli işlərə start vermişdir. Lakin Azərbaycan hər zaman humanizm prinsiplərindən çıxış edib. Məhz buna görə bu gün Ermənistanın da yaranmış yeni iqtisadi inkişaf perspektivlərindən yararlanmaq şansı almaq imkanı var. Məlumdur ki, Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Lakin bütün bunlar üçün Ermənistan rəhbərliyinin artıq reallıqları qəbul etməsi və qonşu dövlətlərlə, ilk növbədə əlbəttə ki, Azərbaycan və Türkiyə ilə münasibətlərini yenidən qurmağa səy göstərməsi vacibdir. Yalnız bu yolla Ermənistan ona təqdim olunan tarixi şansdan yararlanmaq imkanı əldə edə bilər.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

11125 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021