AZ RU Mobil versiya
Rəşad Mahmudov: Buster dozasının vurulması virusa qarşı immunitet reaksiyasını yenidən gücləndirir
Tarix: 15-10-2021 | Saat: 10:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəşad Mahmudov: Buster dozasının vurulması virusa qarşı immunitet reaksiyasını yenidən gücləndirir

Azərbaycanda koronavirus pandemiyasının yayıldığı ilk gündən ciddi mübarizə tədbirlərinə başlanıldı. Ölkə rəhbərliyi hətta iqtisadi fəallığa mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlar atmaqdan çəkinmədi. Prezident İlham Əliyev bununla bağlı çıxışlarının birində dövlətin qarşısında iki seçim olduğunu - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını qorumaq sualının dayandığını diqqətə çatdıraraq, birmənalı şəkildə, heç bir tərəddüd etmədən ikinci amili önə çəkdi. Bu, təsadüfi deyildi. Çünki dövlətimizin başçısı ölkəyə rəhbərliyinin bütün mərhələlərində sosialyönümlü siyasətinə sadiq qalaraq insan amilini daim önə çəkmişdi və koronavirus kimi bəlanın tüğyan etdiyi bir zamanda da, bu, başqa cür də ola bilməzdi.

Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva pandemiyanın ilk günlərindən etibarən bütün görüşlər və çıxışlarında insanları nizam-intizama dəvət etdilər. Vətəndaşların karantin rejiminin qaydalarına məsuliyyətlə əməl etmələrinin zəruriliyini bildirdilər.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı, YAP-ın İdarə Heyətinin üzvü , tanınmış həkim Rəşad Mahmudov söyləyib.

Deputat qeyd edib ki, ötən müddət ərzində ölkədə insanların bu təhlükəli, gözə görünməz virusun fəsadlarından qorunması, ölümlə üzləşməmələri məqsədilə çox ciddi addımlar atılıb. Respublikada daha az yoluxmanın, eləcə də insan tələfatının olmaması üçün dövlət başçısı tərəfindən dünya ictimaiyyətinin də diqqətin çəkən mühüm tədbirlər reallaşdırılıb.

“Yeri gəlmişkən, bu məqamda onu da xatırladım ki, pandemiyaya qarşı mübarizədə hər bir vətəndaş sosial məsuliyyət daşıyır. Vaksinasiyada fəal iştirak etmək də bu məsuliyyətin ayrılmaz bir hissəsi, önəmli göstəricisi, eyni zamanda, ətrafdakıları qorumaq missiyasının ayrılmaz bir parçasıdır. Bu, həm də o deməkdir ki, hər kəs özünün və ətrafındakıların bu amansız virusun qurbanına çevrilməməsi üçün tərəddüdsüz peyvənd olunmalı, bu məsələni daim diqqətdə saxlamalı, digər şəxsləri də sözügedən kampaniyanın xəstəlikdən yeganə çıxış yolu olduğuna inandırmalıdır,” – deyə deputat bildirib.

Rəşad Mahmudov qeyd edib ki, hazırda bir çox dövlətlərdə vaksin çatışmazlığı ciddi narahatlıq doğurduğu halda, Azərbaycanda bu problem yoxdur. Hazırda respublikada əhalinin 4 növ vaksin seçimi var. Ölkədə aparılan peyvənd kampaniyası çərçivəsində indiyədək “Sinovac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik” vaksinləri ilə 9 milyon dozadan artıq peyvənd istifadə edilib. Onların hər biri səmərəliliyi və təhlükəsizliyi ilə diqqət çəkib.

Həkim vaksinin təsir mexanizmi barədə də danışıb: "Xatırladım ki, immun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır”.

O, hazırda cəmiyyətdə müzakirə edilən pandemiyanın fəsadlarının bütün yaşlarda olan insanlara təsir edib-etməməsi ilə bağlı məsələyə də toxunub: “Çoxu COVID-19 virusuna ancaq yaşlı və yan xəstəliyi olan şəxslərin yoluxma ehtimalı olduğunu bildirir. Əslində bu, birtərəfli fikirdir. Bu xəstəlik, necə deyərlər, yaşa baxmır. Virusa gənc və sağlam insanların da yoluxması elə bir sual doğurmamalıdır. Düzdür, gənclər xəstəliyi simptomsuz və yüngül keçirə bilərlər. Ancaq onların ətraflarında olan digər şəxsləri yoluxdurmaları şübhəsizdir. Yeri gəlmişkən, bildirim ki, vaksinasiya olunmayan şəxslərin kütləvi tədbirlərdə iştirakı da insanların həyatını təhlükə ilə üzləşdirir. Belə məsuliyyətsizliyə yol verən hər bir şəxs cəmiyyətin gələcəyini təhlükə altına qoyduğunu anlamalıdır”.

Rəşad Mahmudovun sözlərinə görə, hazırda dünyada müşahidə olunan tendensiyalar COVID-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərinin görülməsini zəruri edir. Belə ki, peyvənddən bir müddət sonra maksimum həddə çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Ona görə də peyvəndin üçüncü - buster dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin səmərəliliyini artırmağı zəruri edir.

Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun və xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun sayılır və mühüm önəm daşıyır.

Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ilə bağlı fikirlərə münasibət bildirən tanınmış həkim deyib: “İndiyədək ürək xəstəlikləri, şəkərli diabet, yüksək təzyiq, xroniki böyrək xəstəlikləri, hamiləlik, süd əmizdirmək, mövsümsəl rinit və ya sadə allergiya problemi olan insanların COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Bu halları olan insanların vaksinasiyasında nəinki bizdə, dünyada da ciddi problem nəzərə çarpmayıb. Əsas yan təsirlər isə hər kəsdə olan keçici təsirlərdir. Vaksinasiya nəticəsində yaranan şikayətlər isə vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Sonda hamını düşündürən bir məqama da münasibət bildirməyi zəruri hesab edirəm. Hər iki doza vaksinlə peyvəndlənən şəxslərin koronavirusun yeni ştamlarına yoluxma riski var. Yoluxma ilə bağlı beynəlxalq statistika artıq təkrar vaksinasiya olunmanın zəruriliyini isbat edir. Ona görə də buster dozasının alınmasının sürətləndirilməsi böyük əhəmiyyətə malikdir. Artıq ölkəmizdə, bəzi xarici ölkələrdə olduğu kimi, buster dozasının vurulmasına başlanılıb. Bir sözlə, koronavirusun ştamlarından qorunmaq üçün buster dozasının vurulması tövsiyə olunur.

“Peyvəndin üçüncü dozası virusa qarşı güclü qorumanı bərpa edir. Buster dozası yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq qüvvətləndirir. Bu anticisimlər insanda koronavirusun yeni ştamlarına qarşı da güclü müqavimət yaradır”, - deyə Rəşad Mahmudov fikirlərini yekunlaşdırıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

7117 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021