AZ RU Mobil versiya
Lütvəli Şıxəliyev: “Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi naminə daim əməli addımlar atıb”
Tarix: 13-10-2021 | Saat: 13:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Lütvəli Şıxəliyev: “Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi naminə daim əməli addımlar atıb”

Bu il Qoşulmama Hərəkatının yaradılmasının 60 illiyi qeyd olunur. Qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda keçirilmiş Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan Yüksək Səviyyəli Toplantıda videoformatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri cənab İlham Əliyevin dediyi kimi, bu təşkilatın təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, son vaxtlar dünyada müşahidə olunan mürəkkəb qlobal çətinliklər Hərəkatın aktuallıq və əhəmiyyətini daha da artırıb.

Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğuna görə ölkəmiz 2011-ci ildən Qoşulmama Hərəkatına üzv olub. Birmənalı olaraq qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq həyata keçirilən düşünülmüş və praqmatik xarici siyasət qısa müddət ərzində Azərbaycana Hərəkatda olduqca böyük nüfuz və etimad qazandırıb. Nəticədə Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur.

Azərbaycan bu təşkilata sədrlik etməyə başladığı gündən beynəlxalq müstəvidə Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. 2019-cu ilin oktyabr ayında Bakıda Qoşulmama Hərəkatının tarixi XVIII Zirvə Görüşündən sonra keçən müddət ərzində beynəlxalq müstəvidə təşkilata üzv ölkələrin qanuni maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə əməli addımlar atıb. O cümlədən Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu məqsədlə 2020-ci il mayın 4-də məhz Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşü təşkil olunmuşdu. Təmas Qrupunun dünyanın müxtəlif regionlarını təmsil edən üzvləri ilə yanaşı, onlayn Zirvə görüşündə BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı Komissiyasının sədri, Avropa İttifaqının Ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti də iştirak etmişdilər. Nəticədə Hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılmışdır və Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün həmin məlumat bazasını istinad mənbəyi kimi istifadə edir. Yeri gəlmişkən, məhz bu Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Ümumilikdə həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutub.

Azərbaycan, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizələrini dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib və təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda etdiyi çıxışında Prezident İlham Əliyevin ikili standartlar və selektiv yanaşma siyasəti ilə bağlı ifadə etdiyi fikirlər böyük siyasi əhəmiyyət kəsb edir. Birmənalıdır ki, Qoşulmama Hərəkatının təşviq etdiyi bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri Azərbaycanın tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələrinin mahiyyətində aşkar şəkildə əks olunub. Məhz bu səbəbdən Təşkilata üzv ölkələr hər zaman beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək veriblər. O cümlədən 2019-cu ildə keçirilmiş Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulamış və təsdiq etmişdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq. Öz çıxışında Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ermənistanı ölkəmizə qarşı təxribatlara və təcavüzə sövq edən əsas amillərdən biri də dünyada tətbiq olunan ikili standartlar siyasəti olub. Ümumiyyətlə bir çox hallarda beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan da son 30 il ərzində məhz belə selektiv yanaşmaya məruz qalıb. Ermənistan isə cəzasızlıq mühitindən ruhlanaraq beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. Bununla belə hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Əksinə, Ermənistan işğalı möhkəmləndirir, hərbi cinayətlər törədir, qanunsuz məskunlaşdırma və təbii sərvətlərimizin qeyri-qanuni istismarını həyata keçirir, Azərbaycan xalqının mədəni və dini irsini məhv edirdi. Cəzasızlıqdan həvəslənən Ermənistan 2020-ci il sentyabrın 27-də Azərbaycana qarşı genişmiqyaslı hərbi hücum törətdi. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Həmçinin dövlət başçımız Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin daim dəstəklənməsini yüksək qiymətləndirdiyini vurğuladı, Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin bizə verdiyi dəstəyi xüsusi qeyd etdi.

Lütvəli Şıxəliyev,
YAP Saatlı rayon təşkilatının sədri səlahiyyətlərini icra edən




Məlumatlanmaq üçün Facebook səhifəmizi

11204 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-10-2021