Mobil versiya
Ələt Azad İqtisadi Zonasının yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək
Tarix: 02-07-2021 | Saat: 13:29
Bölmə:İqtisadiyyat | çapa göndər

Ələt Azad İqtisadi Zonasının yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına mühüm təsir göstərəcək

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması ilə bağı bir sıra mühüm layihələr reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlbi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində önəmli göstəricilər əldə olunub.

Bu sözləri AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

O, pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun inkişafına yönələn bu proseslərin hazırda da uğurla davam etdirildiyini bildirib: “Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, “Şərq-Qərb” və “Şimal-Cənub” tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Eyni zamanda, dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasını, yeni investisiyaların cəlbini sürətləndirəcək”.

E.Bağırov “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri vasitəsilə ölkəmizin rəqabətqabiliyyətliliyini təmin etməyin mühüm vəzifə kimi qarşıya qoyulduğunu vurğulayıb: “Son illərdə bu məsələ nəqliyyat və iqtisadi əhəmiyyəti ilə bərabər, geosiyasi rolu baxımından da xüsusi diqqət çəkib. Bu, təsadüfi deyil. Çünki Azərbaycanın həm nəqliyyat dəhlizlərinin kəsişdiyi coğrafi məkan, həm də ciddi rəqabət qabiliyyətinə malik dövlət olaraq bu prosesdə iştirak etməsi, ölkəmizi regionun geosiyasi, iqtisadi, kommunikasiya və logistika mərkəzi kimi tanıdıb”.

O xatırladıb ki, Prezident İlham Əliyevin hələ 2016-cı il mart ayının 17-də Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması da məhz yuxarıda vurğulanan məqamla bağlı olub.

E.Bağırov, həmçinin adıçəkilən sərəncamın əsas məqsədlərindən birinin də Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsindən ibarət olduğunu, Ələt Azad İqtisadi Zonasının yaradılmasının isə Bakının beynəlxalq qovşağa çevrilməsinə böyük təkan verəcəyini, limanın birinci kateqoriya limanlar üçün müəyyənləşdirilən texniki tələblərə uyğun layihələndirilərək, qurulduğunu diqqətə çatdırıb: “Bu isə onu göstərir ki, Prezident İlham Əliyevin nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, ölkəmizin tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirdiyi dövlət siyasəti və qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın sosial-iqtisadi inkişafına mühüm töhfə verir”.

O qeyd edib ki, son dövrlərdə iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafında mühüm rolu olan nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli tədbirlər həyata keçirilir, modern nəqliyyat infrastrukturu yaradılır, tranzit potensialı artırılır. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir, dövlətimizin siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlətimizin başçısının Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan, “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir: “Bu limanın inşası üçün ərazi təsadüfi olaraq seçilməyib. Belə ki, Ələt qəsəbəsi respublikanın ərazisindən keçən avtomobil və dəmir yollarının kəsişməsində yerləşir. Bura su yollarının da əlavə olunmasından sonra həmin ərazinin geniş potensial ixrac imkanlarına malik beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün zəmin yaranır. Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan hazırda dəniz nəqliyyatının inkişafının yeni, müasir mərhələsinə qədəm qoyur. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri üzərində yerləşməsi yeni liman üçün zəngin tranzit potensialı yaratmaqla, ölkəyə daxil olan və ölkədən çıxan, habelə tranzit yüklərin aşırılmasında strateji nəqliyyat qovşağı funksiyalarını yerinə yetirməyə imkan verərək Xəzər dənizindən səmərəli, sürətli və təhlükəsiz bərə keçidini təmin edəcək. Bu kompleks Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yükcəmləyici məntəqə funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəyə daxil olan yük axınlarının yeni liman kompleksində cəmlənərək, buradan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropa istiqamətində və ya gəmilər vasitəsilə Şərq istiqamətində nəqlini təmin edən səmərəli və dayanıqlı logistik zəncirin formalaşdırılması üçün zəmin yaranacaq”.

“Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazilərdə azad iqtisadi zonanın yaradılması nəzərdə tutulur ki, bu da mühüm nəqliyyat qovşağı kimi limanı daha geniş tranzit və daşıma imkanları ilə təmin edəcək. Məhz elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən “Ələt Azad İqtisadi Zonası haqqında” 18 may 2018-ci il tarixli Qanun imzalayıb. Ələt Azad İqtisadi Zonasının iqtisadiyyatımıza necə təsir edəcəyi barədə əlavə edib ki, bu iqtisadi zona respublikamızda daha çox nəqliyyat və logistikanın formalaşmasına xidmət etməklə yanaşı, investisiyaların cəlb olunması prosesini də sürətləndirəcək. Ümumiyyətlə, belə bir iqtisadi zonanın yaradılması Azərbaycanın tranzit ölkə olaraq öz imkanlarını genişləndirəcək və ölkə ərazisində daha çox yükdaşımalara müsbət təsir göstərəcək”, - deyə E.Bağırov bildirib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-11-2024