Mobil versiya
BU GÜN BEŞİKDƏ HIÇQIRAN UŞAQ SABAHIN DAHİSİ OLA BİLƏR
Tarix: 01-06-2021 | Saat: 10:20
Bölmə:Yazar2 | çapa göndər

BU GÜN BEŞİKDƏ HIÇQIRAN UŞAQ SABAHIN DAHİSİ OLA BİLƏR

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Yer üzündə uşaq qığıltısından əzəmətli himn yoxdur.
V.Hüqo

Övlad böyüdüb tərbiyə etmək, özü də xoşbəxt övlad tərbiyə etmək o qədər də asan iş deyildir. Gənc ana məşhur filosof və pedaqoq Aristotelə müraciət edərək ondan öz uşağını düzgün tərbiyə etməklə bağlı məsləhət istəyir. Aristotel anadan uşağın yaşını soruşur. Ana isə uşağın üç günlük olduğunu bildirdikdə filosof başını bulayaraq «Siz artıq çox gecikmisiniz. Gərək uşağın tərbiyəsinə o, anadan olduğu saatdan başlayaydınız!» – deyir.
Dərin məna kəsb edən bu sözlərdə böyük bir hikmət vardır. Övladın doğulması evə işıq, yaraşıq, sevinc gətirir. Çünki müasir dövrdə valideyn olmaq, uşaq tərbiyə etmək atadan da, anadan da böyük məsuliyyət, gərgin əmək, həyat təcrübəsi, səbir və bilik, dözüm və pedaqoji axtarışlar tələb edir. Ailədə uşağın şən, fiziki cəhətdən gümrah olmasını şərtləndirən növlərdən biri də oyundur. Mərhum pedaqoq Y.Talıbov qeyd edir ki, «oyun uşaqlarda müşahidəçilik, səy, çətinlikləri aradan qaldırmağı bacarmaq, düşünmək kimi qabiliyyətlər tələb edir. Oyun uşaqları sevindirir. Bu sevinc ya yaradıcılıq, ya da qabiliyyət sevinci ola bilər. Oyun uşaqların iradəsini inkişaf etdirir. Oyun prosesində uşaqlar oyunun qaydalarına sözsüz əməl edir, çətinliklərdən qorxmur, yoldaşlarına tabe olmağı, əmr etməyi öyrənirlər». Təbii ki, burada da valideynlər yada düşür. Çünki uşaqla hər bir valideyn rütbəsindən asılı olmayaraq oynamalı, uşağın oyununa düzgün rəhbərlik etməyi səy və səbirlə bacarmalıdır. Dahi çex pedaqoqu Y.A.Komenski məşhur «Ana qucağı məktəbi» adlı əsərində uşaq həyatını altı ilə bölür. Hər ili ətraflı təhlil edərək göstərir ki, valideynlər uşaqlarla birgə oynamalı və onların oyunlarını istiqamətləndirməyə xüsusi əhəmiyyət verməlidir. Komenski fikrini maraqlı bir misalla ümumiləşdirir. «Belə nəql edirlər ki, məşhur yunan sərkərdəsi Femistoklun öz uşaqları ilə qum topaları olan meydançada atat oynaması yoldan keçən bir gəncin heyrətinə səbəb olur. Necə? Böyük sərkərdə uşaqlarla at-at oynayır? Femistokl bunu hiss edir və həmin gəncə yaxınlaşıb belə deyir: ata olana kimi bu gördüklərini heç kimə demə».

Bir zamanlar «Bütün ölkənin proletarları birləşin» məşhur devizinin dahi rəhbəri sayılan K.Marks da bir ata kimi uşaqları ilə saatlarla oynayar, uşaqlarla birlikdə kağızdan düzəltdiyi gəmiləri su ilə dolu ləyənə buraxarmış. Gəmilər bir-biri ilə toqquşanda uşaqların sevincinə səbəb olurmuş. Məşhur pedaqoq Suxomlinski deyirdi: «Oyunda uşaqların qarşısında dünya açılır, şəxsiyyətin yaradıcı qabiliyyəti açılır. Oyunsuz dolğun, məzmunlu əqli inkişaf yoxdur. Oyun çox böyük işıqlı pəncərədir: həmin pəncərədən uşağın mənəvi aləminə ətraf aləm haqqında təsəvvürlərin, anlayışların həyatverici axını daxil olur. Oyun hər şeylə maraqlanmaq, biliyə səy göstərmək odunu yandıran qığılcımdır…».

Uşaqların da oyunlar vasitəsilə gələcəyin bir vətənpərvər, əqidəli, doğruçul, səmimi olmasında isə ilk növbədə milli mentalitetlərimizi sevən, sayqı duyan və ən əhəmiyyətlisi yad təsirlərdən qoruyan ana yada düşür. Repressiya qurbanı Yusif Vəzir Çəmənzəminli iddia edir ki, dünyada nə qədər böyük dühalar, o cümlədən Napoleon, Teymurləng, Motsart, Volter, Viktor Hüqo, Höte və b. kimilər varsa onları yetisdirən analardır. Böyük pedaqoq bu haqda olan fikrlərini ümumiləşdirərək yazırdı: «Böyük adamların tərcümeyi-hallarını oxuduqda görürük ki, istedad və qabiliyyətləri uşaqlıq və cavanlıq zamanlarından aşkar olmağa başlayır. Napoleonun hüsn-təsirinin qüvvət və qorxusu məktəbdə ikən büruzə verilirdi. Yoldaşları Napoleondan qorxub həmişə ona tabe olardılar. Deməli sonralar milyonlarca adamlar onun əmrinə baxaraq ölüm şərbətini içdikdə həmən uşaqlıqda büruzə verilən qüvvəyə tabe olurmuşlar.

Teymurləng uşaq vaxtında yoldaşları ilə oynadıqda onları iki yerə bölüb bir-birilə dava elətdirərmiş və özünü də əmir adlandırıb sərkərdə olarmış.
Məşhur nemsə (Alman – K.C.) musiqikarı Motsart dörd yaşında uşaq ikən havacatlar icad edərmiş. Altı yaşında konsert təlifinə müvəffəq olub, on iki yaşında isə opera yazmağa qədəm qoyub (...).

Firənglərin (Fransızların – K.C.) böyük filosof şairi Volter on iki yaşında həcv yazarmış. İyirmi yaşında isə Firəngistan hökmdarını həcv elədiyi üçün həbsə alınıb.

Ədib Viktor Hüqo ilk faciəsini on beş yaşında yazıb qurtarıb. İtalyanların böyük heykəltəraşı Kanova da qabiliyyətini uşaqlıqda büruzə verib: nağıl edirlər ki, dörd yaşında şit yağdan şir düzəltməyə başlayıb. On dörd sinnində isə mərmərdən heykəllər qayırarmış. Belə-belə bir çox tərcümeyi-hallar göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Onun üçün lazım gəlir ki, uşaqları ən balaca vaxtlarından etinamızdan salmayıb onların meyl və həvəslərinə diqqət edək.

Mədəni millətlər arasında uşağa yanaşma tamam ayrı cürdür. Orada təbii vergiyə artıq etina olunub tərəqqisinə çalışırlar. Əlbəttə ən əvvəl övladın zəka və istedadı uşaqlarla oyun zamanında anaların nəzərini özünə cəlb edir. Odur ki, Avropanın bir böyük şəxslərinin gələcəyinə anaların daha çox təsiri olub. Buna dəlil Şiller, Şenye, Lamartin və b. kimilərinin tərcümeyi-hallarıdır.

Məşhur alman şairi Şillerin də ədəbiyyatda böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu qadın oğluna oynamaq, oxumaq və yazmaqdan savayı bir xeyli məlumat da verib. Tövrat səhifələri ilə tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib, onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün Yelizaveta ona alman həyatına dair hekayələr də oxuyarmış. Bu minval ilə əlbəttə Şillerin ədəbiyyata olan həvəsi daha da artacaq idi.

Böyük Hötenin də anası oğluna artıq etina edərmiş. Vaxtının çoxunu onunla oynamaqla bərabər hekayə oxumağa da sərf edərmiş. Bunun nəticəsi olaraq balaca Höte də yoldaşlarını toplayıb özünün təlif etdiyi oyun oynayar və ya hekayələr nağıl edərmiş. Deməli, hər bir ana övladının istedadını balaca vaxtından oyunlar və təmrinlər vasitəsilə uca bir mərtəbəyə çıxartmağa qadir ola bilər. Bu şərtlə ki, ana özü elmli və qanacaqlı ola. Ana ki, istedadın nə olduğunu düşünmədi, daha o artıq zəkalı övlad yetirib tərbiyə edə bilməz. Yusif Vəzir yenə yazaraq qeyd edir ki, «hərgah Şillerlər, Hötelər bizim arvadların tərbiyəsi ilə böyüsə idi, baqqaldan ya hambaldan biri olub adları çoxdan itib getmişdi. Məhz qanacaqlı anaların və həyatbəxş mühitin dövlətindən onlar məhv olmadılar, özlərinə və millətlərinə əbədi ad qazandılar».

Göründüyü kimi, bu kimi oyunlar və təmrinlər uşağın gələcəkdə artıq bir fərd kimi deyil, bir şəxsiyyət kimi formalaşmasına daha böyük təsir göstərmiş olur. Köhnə psixologiya dərsliklərində yazılırdı: Əgər uşaq aynaya baxıb özünü tanıyırsa, deməli o şəxsiyyətdir. Artıq bundan sonra uşağın hər bir hərəkətinə, hər bir davranışına, hətta verdiyi hər bir yerli və ya yersiz suallara yorqunluq hiss etmədən və ya bezikmədən daha artıq diqqət və qayğıyla yanaşmalıyıq. Çünki dünyaya təzəcə göz açan körpə görüb eşitdiklərini öyrənir. Uzun müddət tez-tez gördüyü adamların hərəkətlərini təqlid edir, dediklərini yadda saxlayır, yerli-yersiz təkrar edir. Beləliklə, ailə tərbiyəsinin xüsusiyyətlərinə uyğun olaraq uşaqlarda əxlaqi və qeyri-əxlaqi keyfiyyətlərin əsası qoyulur. Hətta, həmin bünövrə hər ehtimala qarşı dözümlü olur. Ailə mühitindən çıxdıqdan sonra ilk tərbiyənin təsiri öz qüvvəsini ya uzun müddət, ya da həmişəlik saxlaya bilər. Xalq arasında haqlı olaraq deyirlər ki, «uşağa uşaq ikən ədəb öyrətmək daş üzərində naxış vurmaq kimidir».

Öz uşaqlarına həqiqi tərbiyə vermək, onları ictimai həyata hazırlamaq, uşaqlarda həqiqi vətənpərvərlik, əməksevərlik, sağlam və gümrah, yüksək dərəcədə mədəni və şüurlu vətəndaş kimi yetişdirmək hər bir ata və ananın gündəlik arzusudur. Qeyd etmək lazımdır ki, hər bir valideyn rütbəsindən asılı olmayaraq öz uşağının tərbiyəsi üçün böyük məsuliyyət hiss etməli, həmçinin uşaqların ailədə düzgün tərbiyə almaları üçün diqqətli olmalıdırlar. Belə ki, valideynin hərəkətləri, davranışı uşaq üçün canlı nümunə rolunu oynayır və ona əsaslı təsir göstərir. Heç də elə bilmək lazım deyil ki, «siz uşağınızı yalnız onunla danışanda və ya onu öyrədəndə, yaxud ona əmr verəndə tərbiyələndirirsiniz. Siz onu həyatınızın hər bir anında, hətta evdə olmadığınız zaman da tərbiyə edirsiniz. Siz necə geyinirsiniz, başqa adamlarla və özgə adamlar haqqında necə danışırsınız, necə sevinir və necə kədərlənirsiniz, dostlar və düşmənlərlə necə rəftar edirsiniz, necə gülürsünüz, qəzeti necə oxuyursunuz – bütün bunların uşaq üçün böyük əhəmiyyəti vardır. Uşaq sizin həyatınızın ahəngindəki ən kiçik dəyişikliyi görür, yaxud hiss edir, sizin fikrinizin bütün dönüşləri gözə görünməyən yollarla ona çatır, siz bunları görmürsünüz».

Qeyd etdiyimiz kimi, əgər ata və yaxud ana ailədə etik normalara əməl edirsə övladı da ona oxşamağa çalışacaq, yox əgər ata evdə kobudluq edir, nalayiq söyüşlər söyür, özünü öyür və yaxud sərxoşluq edirsə bu da uşağın pis tərbiyəsinə dəlalət edəcək. Necə ki, Marağalı Əvhədi yazır:

Ey ata, bir utan öz övladından,
Pisi rəva görmə ona heç zaman.
Oğluna pis deyib söymə dünyada,
Onda söyüş söyən olacaq o da.
Abır, həya gözlə söz danışanda,
O da həya edər, utanar onda.

Biz valideynlər dərindən dərk etməliyik ki, uşağın düzgün tərbiyəsinin və sonrakı inkişafının əsası ailədə qoyulur, ailə tərbiyəsinin düzgün qoyulmasından başlayır. Əgər valideyn öz övladının tərbiyəsi ilə düzgün məşğul olmursa, onun mənəvi aləminə dəyər vermirsə, sabahkı gün «övladının zillət, fəlakət odunda yanıb qovrulduğunu», hətta onların həyatda yeri olmadığını ağlaya-ağlaya seyr edəcək.

N.Tusi qeyd edir ki, ailənin əsas vəzifələrindən biri budur ki, «uşağı onun təbiətini korlaya biləcək adamlarla və şeylərlə oturub-durmağa və oynamağa qoymayasan, çünki uşaq nəfsi sadə olar, ətrafdakıların xasiyyətini tez götürər. Uşağı mehribanlıq və məhəbbət doğuran kəramətlərlə tərbiyə et-mək lazımdır, xüsusilə ağıla, şüura, idraka təsir edən başa salmaq yolu ilə; pul vermək, şirnikdirmək, əsil-nəsəbə aid olan şeylərlə yox. Bundan sonra adət-ənənə, davranış qaydaları, dini vəzifələri öyrətmək, onları yerinə yetirməyə təhrik etmək, tabe olmadıqda tənbeh vermək, xeyirli işləri onun yanında tərifləmək, zərərli şeyləri pisləmək məsləhətdir. Ondan yaxşı bir hərəkət baş verdikdə həvəsləndirib artırmaq, kiçik bir nöqsan gördükdə danlayıb qarşısını almaq lazımdır. Çox yemək, çox içmək, bahalı, modalı paltar geyməyi onun gözündən salmalı; qarınpalıq, əyyaşlıq, modabazlıq və başqa bu kimi xasiyyətlərin onun qəlbinə yol tapmasına imkan verilməməlidir. Bəzək-düzəkli paltarların arvadlara aid olduğu təlqin edilməli, ağıllı kişilərin, böyük adamların sadə geyindikləri ona başa salınmalıdır. Elə ki, razı oldu, qulağı belə şeylərlə doldu, təkrar edildiyindən adətə keçər. Bunun əleyhinə gedənləri, ziddini edənləri, xüsusilə həmyaşlarını, tay-tuşlarını yaxına buraxmamalıdır. Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Uşaq inkişafın ilk anlarında çoxlu səhvlərə yol verər, qəbahətli iş görər, çox zaman yalançı, paxıl, oğru, xəbərçi, tərs və inadkar olar, füzulluq eləyər, deiyindən əl çəkməz, başqalarını da zərərli və xoşagəlməz iş tutmağa vadar edər, sonra isə tənbeh və tərbiyə yaşı keçər».

Deməli, ailə tərbiyəsinin əsas vəzifələrindən biri uşağı körpəlikdən tərbiyə etməsidır. Uşaqdan xoşagələn bir hərəkət baş verdikdə onu tərifləyib həvəsləndirmək lazımdır, lakin əks hallarda hər dəqiqə danlayıb başına vurmaq lazımdır.

Yuxarıda Nəsirəddin Tusinin fikirlərinə əsaslanarkən belə fikir söylədik ki, «uşağa pul vermək», «şirnikləşdirmək» kimi şeylərə alışdırmaq qəti qadağandır. Bu fikirdən belə bir haşiyə çıxmaq yerinə düşər: N.Tusinin bu fikrini əlində əsas tutan bir çox valideynlər uşaqlarına cib xərcliyi verməkdən çəkinirlər ki, pul uşağı korlayar. Bu heç də düzgün fikir olmamalıdır. Qeyd etdiyimiz kimi uşaq pul xərcləmək təcrübəsinə yiyələnməlidir. Yiyələnməlidir o mənada ki, gələcək müstəqil həyat tərzində pulu düzgün və məsrəfli xərcləyə bilsin. Ancaq bu cib xərcliyi də həddi aşmamalıdır. Əgər həddini aşarsa, pul doğrudan da uşağı korlayar, öz təbii ehtiyacı ilə bir əlaqəsi olmayan şeylər alar, hətta yoldaşlarına tez-tez qonaqlıqlar verər.

Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, ailədə qarşılıqlı hörmət və tələbkarlıq, qayğı və kömək normada olmalıdır. Bunsuz ailədə əlverişli psixoloji iqlim haqqında danışmaq mümkün deyildir. Ərlə arvad arasında münasibətlər qarşılıqlı hörmət və tələbkarlığa, qayğı və köməyə əsaslandıqda, onlar bir-birini daha yaxşı başa düşür, bir-birlərinə güzəştə getməyi, «xırda» səhvləri bağışlamağı öyrənirlər. Ərlə arvadın bir-birini düzgün başa düşməsi ailənin möhkəmlənməsi, kollektiv kimi inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir.

Yekun olaraq qeyd edək ki, uşaqlarda hər şey – nəzakət də, qayğı da, düzlük də, doğruçuluq da, insanpərvərlik də, səmimilik də, vətənpərvərlik də, əməksevərlik də və s. ata və ananın uşağa diqqət, qayğı və ehtiramından başlayır. Gələcək gənc ailə başçısının, vətəndaşın mənəvi siması da bax buradan formalaşır və təkmilləşir.

KAMAL CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024