AZ RU Mobil versiya
Allahverən Əliyev: “Heydər Əliyev siyasi kursu Azərbaycanı dünyaya bir Qalib dövlət və yeni reallıqlar yaradan ölkə kimi tanıtdı”
Tarix: 08-05-2021 | Saat: 15:46
Bölmə:Siyasət | çapa göndər

Allahverən Əliyev: “Heydər Əliyev siyasi kursu Azərbaycanı dünyaya bir Qalib dövlət və yeni reallıqlar yaradan ölkə kimi tanıtdı”



Müasir müstəqil Azərbaycanın inkişaf yolu məhz ötən əsrin 70-ci illərindən başlayır. Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə respublikamızda siyasi rəhbərliyə gəlməsilə Azərbaycan bu çətin, bəzən əzablı, bəzən acı, lakin hər zaman şərəfli yolda ilk inamlı addımlarını atmışdır.


Geridə qalmış aqrar əyalətdən qabaqcıl sənayə respublikasına doğru

1960-cı illərin sonlarına qədər Sovetlər İttifaqının əyalətlərindən biri kimi baxılan Azərbaycanda həmin dövrdə sosial-iqtisadi həyatın bütün sahələrinin gerilədiyi, mənfi meyllərin güclənərək getdikcə daha dərin kök saldığı, xalqın milli-mənəvi birliyinə güclü neqativ təsirlərin olunduğu aşkar hiss edilirdi. Məhz belə bir mürəkkəb ictimai-siyasi şəraitdə Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyevin ilk işi respublikada iqtisadi potensialın dağılmasının, ictimai-siyasi həyatda yaranmış tənəzzülün və xalqın mənəvi-psixoloji vəziyyətinə mənfi təsirlərinqarşısını almaqdan ibarət oldu. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən dərhal sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Sənayenin inkişafı, ona qədər qeyri-qənaətbəxş səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bu tədbirlərin fonunda isə ümummilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı.

Qısa müddət ərzində ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi. Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan iqtisadi inkişafının əsl çiçəklənən dövrünü yaşayırdı. Bütün sahələrlə yanaşı, iqtisadiyyatda da bu yüksək inkişaf Azərbaycanı digər respublikalardan fərqləndirirdi. Heydər Əliyev hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi hədəfləri öz qarşısına məqsəd kimi qoymuşdu. Bu hədəflər respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, kənd təsərrüfatını elmi nailiyyətlərin köməyi ilə qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycanın kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək. Ulu öndər 1969-1982-ci illər ərzindəki fəaliyyəti dövründə bu məqsədlərinə tamamilə nail oldu.



İlk növbədə Xəzər dənizinin təbii resuslarından səmərəli istifadə və onların artırılması Azərbaycan iqtisadiyyatının güclənməsinə təkan verdi. Bununla yanaşı, ümummilli lider Heydər Əliyev neft və qaz sahəsində də bir çox addımlar atdı. O dövrlərdə bir çox neft sahəsinə aid olan sənaye müəssisələrinin təməli qoyuldu və istifadəyə verildi. Həmçinin Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Azərbaycan həmin dövrlərdə pambıq yığımına, üzüm və texniki bitkilərin becərilməsinə görə ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tezyetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Bu inkişaf Azərbaycanın bütün bölgələrində nəzərə çarpırdı.

Ulu öndər Heydər Əliyev əmin idi ki, millətin siyasi müstəqilliyinin özülünü onun iqtisadi cəhətdən azadlığı şərtləndirir. O illərdə milli ideyanın qıtlığı üzündən baş alıb gedən, həm iqtisadi, həm mədəni tənəzzülə aparan mənfi hallar Heydər Əliyevin hakimiyyətə gəlişi ilə aradan qaldırıldı. Onun yorulmaz fəaliyyətinin nəticəsidir ki, 1970-1985-ci illər baş verən dəyişikliklərin miqyasına görə, ictimai və iqtisadi sahədəki dərin islahatların səciyyəsinə və xalqın maddi rifah halının keyfiyyətcə yeni mərhələyə keçməsinə görə Azərbaycanın quruculuq salnaməsində, sözün həqiqi mənasında, ən parlaq səhifələri təşkil etmişdir.


Milli məfkurəmizin banisi, ana dilimizin mühafizəçisi və təbliğatçısı

Ümummilli lider Heydər Əliyev milli ideologiyanın yüksəlişi və digər bu kimi təməl xarakterli məsələləri hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. Həm sovet dönəmində, həm də müstəqillik dövründə xalqımız tərəfindən möhtəşəm nailiyyətlərin qazanılmasına səbəb olmuş uğurlu daxili və xarici siyasət də məhz elə Heydər Əliyev dühasının formalaşdırdığı azərbaycançılıq konsepsiyasının tərkib hissəsi olub. Ötən əsrin 30-cu illərində formalaşmağa başlayan azərbaycançılıq vətənpərvərlik, milli özünüdərk dünyagörüşünün təşəkkülü ilə bağlı olmuşdur. Bu mənada Heydər Əliyev ən böyük azərbaycanlıdır. Bu fikir, mütərrəqqi ideya əvəzolunmaz şəxsiyyətin siyasi nitqində də öz parlaq təzahürünü tapmışdır: “Hər bir kəsin milli mənsubiyyəti onun üçün qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam.” Ulu öndər azərbaycanlı olması ilə daim fəxarət duyurdu. Bu, Azərbaycan vətənpərvərliyinin ali zirvəsidir. Ən ali vətənpərvərlik hissi öz xalqına mənsubluqdan qürur hissi keçirməkdir. Azərbaycançılıq dünyagörüşü ulu öndərin siyasi fəaliyyətinin bütün sahələrində geniş kontekstdə öz ifadəsini tapmışdır. Hələ 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf və həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü və gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu. Bunun ardınca milli-mənəvi dəyərlərin qorunması istiqamətində əhəmiyyətli tədbirlər görüldü. Musiqi, teatr, kino, təsviri incəsənət və digər sahələrdə xüsusi dəyişikliklər və inkişaf meyilləri qeydə alındı. Bütün ölkə üzrə kütləvi şəkildə mədəniyyət evləri inşa edildi, abidələr ucaldıldı, incəsənət xadimlərinə fəxri adlar, ordenlər, təqaüdlər ayrıldı. Bütün bunlar isə cəmiyyətin intellektual təbəqəsinin fəaliyyətinin səmərəlilik səviyyəsini daha da artırdı. Bütövlükdə,

1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Ulu öndər deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın bunu aradan qaldırın.” Azərbaycan ədəbiyyatının və dilinin inkişaf edib zənginləşməsi ulu öndərin siyasi-mədəni fəaliyyəti ilə möhkəm bağlıdır.


Ölkəni parçalanmaqdan qurtaran Lider

1993-cü ilin yayında ölkədə faktiki olaraq vətəndaş müharibəsi başlamışdı. Eyni zamanda da ölkədə xalqın sağlam qüvvələrinə arxalanan Qurtuluş hərəkatı meydana gəlir və sürətlə genişlənirdi. Bu hərəkat zamanın böyük siyasətçisi, ümummilli lider Heydər Əliyevin ətrafında toplaşırdı. Xalqın nümayəndələri, qabaqcıl ziyalılar dəfələrlə Naxçıvana gedib ulu öndərin yenidən böyük siyasətə qayıtmasını xahiş etmişdilər. 1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. Bu arada isə respublikanın səriştəsiz siyasi rəhbərliyi ölkəni parçalanmaq həddinə çatdırmışdı. Bu təhlükəli məqamda ulu öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Bakıya gəldi. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı. Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırmaq üçün siyasi manevrlər etdi. Artıq iyunun 23-də prezident səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə həvalə olundu. Xalq öz dahi rəhbəri Heydər Əliyevin ətrafında daha sıx birləşməyə başladı. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı Heydər Əliyevi mütləq səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçkilər bütün Azərbaycan xalqının ulu öndər Heydər Əliyevə böyük ümidlər bəslədiyini, inandığını bir daha nümayiş etdirdi. Mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə ulu öndərin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. İmperialist qüvvələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən daxildəki avantürist subyektlərin bölücü fəaliyyəti neytrallaşdırıldı və ölkədaxili stabillik təmin edildi. Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” - deyən ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz ulu öndərin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkəmiz firavan gələcəyə doğru aparan yola qədəm qoydu.




Ümummilli liderin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi oldu. Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi və artıq bir müddət sonra Azərbaycan regionun lider dövlətinə çevrildi.

Heydər Əliyev siyasi kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davamlı olaraq uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan artıq bütün Avrasiya məkanında nüfuzlu, etibarlı və əhəmiyyətli tərəfdaşa çevrilib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ən əhəmiyyətli tranzit nöqtəsidir. Həmçinin ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından böyük rol oynayır. Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycan artıq bütün dünyada daim irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə sürətlə inkişaf edən, istisnasız olaraq hər addımda insan və şəxsiyyət amilini uca tutan, xarici siyasətində etibarlı tərəfdaşlıq və sabitlik mərkəzi kimi çıxış edən ölkə kimi tanınır.

Bu gün isə ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi sayəsində özünü bütün dünyaya həm də bir Qalib dövlət və yeni reallıqlar yaradan ölkə kimi tanıtmışdır. Bu isə müasir dövrdə Heydər Əliyev siyasi kursunun növbəti möhtəşəm təntənəsidir.


Allahverən Əliyev
YAP Ağdam rayon təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi

8312 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-06-2021