Mobil versiya
Heydər Əliyev – bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycanın ən böyük xilaskarı
Tarix: 08-05-2021 | Saat: 12:51
Bölmə:Manşet / Gündəm | çapa göndər

Heydər Əliyev – bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycanın ən böyük xilaskarı


Müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının taleyində ən ali missiyanı daşımış və onu şərəflə yerinə yetirmiş dahi şəxsiyyət olmuşdur. XX əsr tariximizin ən parlaq siması, ən böyük şəxsiyyəti olan ümummilli lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən ali və dayanıqlı keyfiyyətlərinin canlı təcəssümüdür.

1969-1982 – Sovet Azərbaycanının intibah dövrü

Ulu Öndər Heydər Əliyevin ilk dəfə respublikamızın rəhbərliyinə gəldiyi 1969-cu ilə qədər Azərbaycan faktiki olaraq həm iqtisadi və həm də mədəni sahələrdə tənəzzül dövrünü yaşayırdı. Məhz Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə respublikada ictimai həyatın bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü başlandı. Sovet imperiyası kimi güclü siyasi rejimin bütün qadağalarına, ideoloji tabularına rəğmən xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev Azərbaycanın milli-mənəvi dəyərlərini qorudu və yeni əsrə inamla çıxardı. Ulu Öndər 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyətə başladığı ilk gündən xalqına bağlı olduğunu, respublikanın və onun bölgələrinin sosial-iqtisadi inkişafına nail olmaq üçün əzmkarlıqla çalışdığını və əhalinin rifahının yaxşılaşmasına xüsusi önəm verdiyini əyani surətdə göstərdi. Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyevin apardığı əhatəli işlər, yüksək işgüzarlığı sayəsində Azərbaycanın iqtisadiyyatı möhkəmləndi, respublika neft-maşınqayırma və kimya sənayesi, üzüm istehsalı və bir sıra digər sahələrdə ittifaqda öncül sıraya çıxdı, istehsal etdiyi rəqabətqabiliyyətli məhsulları 65 xarici ölkəyə ixrac edərək beynəlxalq aləmdə tanınmağa başladı. Məhz həmin illərdə Azərbaycan Respublikasının gələcəkdə müstəqil bir ölkə kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaradıldı.



İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər hələ sovet dönəmində respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, sənaye potensialının gücləndirilməsi istiqamətində möhtəşəm nailiyyətlərə imza atıb. Həmin illərdə məhz Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı sayəsində keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda inşa olunub, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılıb. Ulu Öndər Heydər Əliyev bu məsələdə daim qətiyyətli mövqe tutub, keçmiş ittifaqın rəhbərliyi qarşısında israrlı tələblərlə çıxış edib, prinsipiallıq göstərib. Neft sənayesinin iqtisadi inkişafdakı rolunu böyük uzaqgörənliklə nəzərə alan ulu öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olub. Həmin dövrdə neft sənayesinin inkişafında tamamilə yeni mərhələ başlanıb, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulub.

Həmçinin həmin dövrdə Heydər Əliyevin gərgin əməyi, uzaqgörənliklə həyata keçirdiyi iqtisadi siyasət, göstərdiyi əzmkarlıq, tələbkarlıq və yüksək idarəetmə qabiliyyəti nəticəsində respublikamızad aqrar-sənaye kompleksinin digər sahəsi olan aqrar maşınqayırma sənayesi, mineral gübrə və kənd təsərrüfatı üçün lazım olan digər maddi-texniki vasitələr istehsalı da təşəkkül tapıb. Bu məqsədlə kənd təsərrüfatı texnikası, mineral gübrə istehsal edən yeni zavodlar tikilib və mövcud zavodlar genişləndirilib. Aqrar sahədə həyata keçirilən bu düşünülmüş siyasət nəticəsində Azərbaycanda nəinki möhtəşəm aqrar-sənaye kompleksi yaradıldı, həmçinin iqtisadiyyatın digər sahələrinin inkişafı da stimullaşdı, qaz, işıq, su, rabitə, yol və digər infrastruktur sahələrin genişlənməsi təmin edildi, kənd ərazilərinin sosial siması kökündən dəyişdi. Yenə də həmin illərdə Azərbaycand sosial obyektlərin tikintisi böyük vüsət aldı, bölgələrdə yeni müasir məktəblər, xəstəxana, mədəniyyət, kinoteatr binaları və digər obyektlərin inşa edilməsi xüsusi nəzarətə götürüldü və uğurlu nəticələr əldə olundu. Əhalinin sosial-rifah halının yaxşılaşdırılması və rahatlığının təmin edilməsi daim diqqət mərkəzində saxlanıldı. Nəticədə respublikamızda həmin dövrdə mənzil tikintisində rekord göstəricilərə nail olundu və keçən əsrin 80-ci illərinin əvvəlində hər il bir milyon kvadratmetr yaşayış sahəsi vətəndaşlarımızın istifadəsinə verilirdi.

Əlbəttə ki, Heydər Əliyevin sovet dönəmində respublikamıza rəhbərlik etdiyi illər ərzində gördüyü işlər, məhz Ulu Öndərin müdrik rəhbərliyi altında Azərbaycanın qısa zaman kəsiyində keçdiyi möhtəşəm inkişaf yolu barədə hələ uzun illər dərin elmi tədqiqatlar aparılacaq, fundamental əsərlər yazılacaq. Lakin bir həqiqəti əminliklə demək olar ki, 1969-1982-ci illər ərzində Azərbaycan Respublikası özünün sovet dönəmindəki ən parlaq intibah dönəmini yaşayıb.

Azərbaycançılıq ideologiyası – dünya azərbaycanlılarının milli istinad mənbəyi

Ulu Öndər milli özünüdərkin, milli ruhun hədsiz yüksəlişinin təmin olunması yolunda yorulmaz fəaliyyət göstərmişdir. Milli özünəqayıdış və özünüdərkin məhz sovet dönəmində başlanğıcını qoyan, azərbaycançılıq məfkurəsinin keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan ulu öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını tamamilə müasirləşdirib. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik cəhətləri, böyük vətənpərvərliyi Azərbaycanda milli ideyanın yüksəlişinin təmin edilməsində misilsiz rol oynayıb. Ümummilli liderimizin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına qətiyyən yol verməmiş və bu ruhu yüksəltmək yolunda bütün imkanlardan məharətlə istifadə etməyi bacarmışdır. Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.



Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib.

Ən böyük Azərbaycanlı, ən böyük Xilaskar

Azərbaycan parlamenti 1991-ci il oktyabrın 18-də Azərbaycanın Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edərək, suverenliyimizi bütün dünyaya bəyan etmişdi. Bununla belə 1991-1993-cü illər Azərbaycanın müstəqillik və dövlətçiliyinin mövcudluğunun böyük risk altında qaldığı, xaos və anarxiya dövrü kimi tarixə düşdü. Həmin dövrdə bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə Azərbaycanı müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz şəxslər rəhbərlik edirdi. Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Dağlıq Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildilər və aciz durumda idilər. Bundan azğınlaşan erməni faşistləri 1992-ci ilin fevralında insanlığa sığmayan Xocalı soyqırımı dəhşətlərini törətdilər və şəhər yerlə-yeksan edilərək 613 günahsız azərbaycanlı görünməmiş vəhşiliklə qətlə yetirildi, yüzlərlə insan şikəst oldu, əsir götürüldü və itkin düşdü. Həmin ilin may ayında Azərbaycanın musiqi beşiyi olan Şuşa şəhəri erməni separatçıları tərəfindən işğal olundu. Bir tərəfdən erməni işğalçıları xarici qüvvələrin dəstəyi ilə tarixi yurd yerlərimizi işğal edir, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilirdi.

1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatdı. Azərbaycan müstəqilliyini və dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı. Xalqımız belə ağır bir zamanda ümid dolu nəzərlərini Heydər Əliyevə, onun həmin dövrdə yaşayıb fəaliyyət göstərdiyi Naxçıvan torpağına çevirdi. Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı.

Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Bu gün artıq hamıya aydındır ki, o zaman ulu öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm Qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında öz əksini tapdı. Bu gün müasir müstəqil Azərbaycanın taleyini Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycanın ən böyük xilaskarıdır.

Heydər Əliyev siyasi kursu Azərbaycanı parlaq və firavan gələcəyə aparan yeganə doğru yoldur

Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası artıq on səkkiz ildir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən inamla və uğurla idarə olunur. İlk növbədə bu illər ərzində ölkəmiz beynəlxalq aləmdə regionun lider dövləti kimi öz yerini təsdiq etmişdir. 18 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu bütün strateji məqsədlərə nail olub. Cənab Prezidentin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət tərəfindən qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirilir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun yaradılması istiqamətində təsirli tədbirlər görülür. Dövlət başçımızın hər zaman elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan yaradıb. Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin o cümlədən, müdafiə və kosmik sənayenin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar parkların yaradılması, onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə məhsullar istehsalına başlaması Azərbaycanın uzun-müddətli dayanıqlı və davamlı inkişafına zəmin formalaşdırıb. Bu dövrdə nəhəng transmilli enerji layihələri həyata keçirilib, ölkənin hər yerində möhtəşəm abadlıq-quruculuq işləri aparılıb, insanlarımızın rifah səviyyəsi qat-qat yüksəlib, Azərbaycanın dünyada tanınması və yüksək nüfuz sahibi olması istiqamətində fundamental addımlar atılıb. Eyni zamanda, ötən müddət ərzində dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin edib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Rasional və praqmatik xarici siyasət Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsini, dostlarının və tərəfdaşlarının sayının mütəmadi olaraq artmasını təmin edib. Ötən müddət ərzində regional güc mərkəzinə çevrilən Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınıb. Eyni zamanda, respublikamız xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürərək beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edib. Azərbaycan strateji əhəmiyyətli transmilli layihələr reallaşdırmaqla Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini formalaşdırıb və yeni geostrateji əməkdaşlıq platformaları yaradıb. Respublikamız öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm kəsb edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nahət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, öz xilaskar oğlunun anadan olmasının 98-ci ildönümünü möhtəşəm tarixi Qələbə ilə qeyd edən Azərbaycan Ulu Öndərin ideyalarına uyğun olaraq gündən-günə daha da inkişaf edəcək və getdikcə daha qüdrətli, daha firavan bir ölkəyə çevriləcək.

Yusif Yusibov,
Gəncə Dövlət Universitetinin rektoru,
kimya elmləri doktoru, professor




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024