Mobil versiya
Təlimin texniki vasitələrindən düzgün istifadə keyfiyyətli təlimə əsaslanır
Tarix: 03-05-2021 | Saat: 09:37
Bölmə:Təhsil | çapa göndər

Təlimin texniki vasitələrindən düzgün istifadə keyfiyyətli təlimə əsaslanır



Müasir elmi-texniki inkişaf öz təsirini təlim prosesində də göstərir. Məktəbdə fənlərin tədrisində materialın həcmi və məzmunu artdıqca, təlim prosesinə yeni tələbələrin tətbiqini də vacib məsələ halına gətirir. Ona görə də, sürətlə inkişaf edən elmlərin əsasını şagirdlərə köhnə tədris metodları ilə mənimsətmək mümkün olmama vəziyyətinə gəlir. Bu baxımdan tədris metodlarını təkmilləşdirməklə bərabər, elmin sürətli inkişafı ilə uyğunlaşan yeni metodların istifadəsinə zəmin yaranır. Yeni metodların yaradılması və təkmilləşdirilməsi öyrədənlə öyrənən arasındakı təlim vasitələri arsenalının genişləndirilməsi, təlimin texniki vasitələrinin tədris prosesində tətbiqi ilə əlaqəsini təmin etmiş olur. Təlimin texniki vasitələri dedikdə, şagirdlərə verilən bilikləri məqsədəuyğun formada mənimsəməsi, bacarıqların müasir tələblər səviyyəsində formalaşması, biliklərin əsaslı şəkildə möhkəmləndirilməsi və tədris prosesinin effektivliyini artıran bütün texniki vasitələr nəzərdə tutulur. Təlimin müasir texniki vasitələri istifadə baxımından çox müxtəlif olmaqla, faydalılığına görə bir-birindən fərqlənir, çünki bu vasitələr ayrılıqda müxtəlif funksiyaları icra edir. Dərs prosesində müəllimin ixtiyarına verilən bu vasitələr şagirdlərin anlama və qavrama prosesinə təsir göstərir. Təcrübə göstərir ki, təlimin texniki vasitələrinin tədris prosesinə səmərəli tətbiqini təmin etmək üçün həmin vasitələrin spesifik xüsusiyyətlərinə əsaslanan bir sıra ciddi pedaqoji problemləri həll etmək vacibdir. Bu problemlər həmin vasitələrin məzmun və texniki tərəfi, dərs prosesində təsir edə biləcək effekt, digər əyani vasitələrlə uzlaşması, onları birgə tətbiqi və istifadə metodları, müəllimin statusu məsələsi, şagirdlərin psixi keyfiyyətlərinə təsiri və s. ilə əlaqədardır. Qeyd olunanlar içərisində ən əsas və xüsusi problem texniki vasitələr tətbiq olunan dərslərdə müəllimin statusu məsələsidir. Hətta xarici ölkələrdə də müzakirə mövzusuna çevrilmişdir. Bir sıra pedaqoq və psixoloqun fikrincə, təlimin texniki vasitələrinin tətbiqi zamanı müəllimin rolu və təsir gücü azalır və öyrətmə prosesində, biliklərin öyrənilməsində sadəcə təşkilatçı funksiyasını daşımış olur. Əsas öyrədicilik funksiyası isə texniki vasitələrin üzərinə düşür. Əlbəttə ki, tədris prosesində işləyən və bu prosesə bələd olan hər kəs yaxşı bilir ki, təlimin əsas həyata keçirildiyi dərsdə müəllim mərkəzi simadır. O, təlim prosesinin təşkilatçısı, verilən biliklərin normasını, sistemini və ardıcıllığını müəyyən edən və bu biliklər sistemini, hər şagirdə öz dilində anlada bilən əsas simadır. Təlim prosesində eyni zamanda şagirdlərin dünyagörüşü formalaşdırılır. Məhz, bu formalaşma müəllimlə şagird arasında qarşılıqlı əlaqə olmazsa, gerçəkləşə bilməz. Buna görə də, müəllim şagirdlərə verilən biliklərin mənbəyi, problemlərə aid müzakirələrin həlledicisi, tədris rəhbəri və eyni zamanda tərbiyəçidir.

Təlimdə tətbiq olunan digər əyani vəsaitlər kimi texniki vasitələrdən də istifadə zamanı öyrətmə prosesində aşağıdakılara nail olmaq olar:

1. Şagirdlərin psixikasına güclü təsir göstərməklə öyrətmə prosesini asanlaşdırır.

2. Öyrədiləcək mövzu haqqında şagirdlərə veriləcək məlumatların tamlığını və dəqiqliyini təmin edir, qazanılan biliklərin keyfiyyətini yüksəldir.

3. Öyrətmə və öyrənmə prosesini əhəmiyyətli dərəcədə əyaniləşdirir.

4. Şagirdlərdə yaranan sual və maraqlarını əhatəli və tam şəkildə ödəyə bilir.

5. İstənilən mövzu və tapşırıqları, hətta nəzəriyyə şəklində olan mövzuları göz önünə gətiməklə illüstrasiya imkanlarını genişləndirir.

6. Hadisələrin inkişafını fəza və zamandan asılı olmayaraq, anlama və qavrama baxımından uyğunlaşdırır, bu prosesdə məkan və zaman uyğunluğunu təmin edir.

7. Öyrənmə zamanı şagirdlərin bir neçə analizatorunun birlikdə iştirakını təmin etməyə imkan yaradır.

8. Yaradıcı fəaliyyəti təmin etmək baxımından əlavə vaxt imkanı yaranır.

9. Şagirdlərin işinə daha dəqiq diqqət yetirir, bilikləri daha obyektiv şəkildə öyrənməyə imkan yaradır.

Məktəbə daxil olan uşağın təfəkkürü, artıq davamlı olaraq təlim prosesinə qoşulur və bilik, bacarıqlar sisteminin formalaşmasının inkişafına yönəlir.

Məktəbli təfəkkürünün əsas əlaməti öyrənməyə yönəlməsidir. Təlim prosesində elmi anlayışlar birdən-birə mənimsənilmir. Şagird dəfələrlə eyni anlayışa rast gəlir və təkrarlayır. Məhz anlayışların mənimsənilməsinin birinci mərhələsində şagirdlər öyrənəcəklərinin bəzi mühüm xarici əlamətləri ilə tanış olur, sonra onların daha mühüm xassələrini mənimsəyir və nəhayət onların əmələgəlmə və inkişafı haqqında məlumatlara yiyələnirlər. Mənimsəmə prosesi sanki bir zəncirvari xarakter təşkil edir. Belə ki, mənimsəmənin hər bir sonrakı mərhələsi əvvəlki ilə bağlı olur və ona əsaslanır. Anlayışların bu cür silsilə öyrənilmə prosesi mahiyyət etibarilə vizuallıq, əyanilik tələbə edir ki, bu da təlimdə texniki vasitələrin istifadəsini labüd etmiş olur. Mərhələlərarası əlaqəni təmin edən texniki vasitələr təlimin daha keyfiyyətli şəkildə təşkilini təmin edir.

Təlim prosesinə cəlb olunan şagird hər şeydən əvvəl təsəvvürlər dairəsi əhəmiyyətli dərəcədə genişlənir. Təfəkkürün məzmunu, təkcə şagirdin ətrafında olanlardan və ona təsir göstərən varlıqdan ibarət olmur. Yəni şagirdlərin görmədikləri heyvan və bitkilər, dağlar, dənizlər, ölkələr onların fəaliyyəti, hətta başqa planetlər haqqında informasiya kiçik məktəb yaşlı şagirdin təfəkkürünün məzmununu təşkil edir. Bu informasiyaların kiçik məktəb yaşlı şagirdin təfəkküründə yer etməsi üçün texniki vasitələr mütləq formada xüsusi rol oynayır və təsəvvürlərin biliklərə çevrilməsini təmin edir.

Mücərrəd və məntiqi təfəkkürün əsası məhz kiçik məktəb yaşı dövründə qoyulur. Təsəvvürlərin dairəsi genişləndikcə, onların əsasında qurulan anlayışlar da o qədər tam və dərin olur. Bu zaman şagirdin fikri, artıq mövcud olan təsəvvür və ya anlayışlar üzərində çalışır, daha əvvəl formalaşmış təsəvvür və anlayışlar yox olmur, demək olar ki, başqa şəklə düşür. Texniki vasitələr isə bu prosesə əhəmiyyətli şəkildə təkan vermiş olur.

Kiçik məktəblinin təfəkküründə eyni zamanda köhnə və yeni məzmun, köhnə və yeni formalar mövcuddur. Təlimin texniki vasitələrdən istifadə etməklə vəzifəsi – yeni məzmun vasitəsilə təfəkkürün yeni formalarını əmələ gətirməkdən ibarətdir.

Müasir texniki vasitələrin təlim prosesində tətbiqi bir sıra psixoloji yanaşmaları, şagirdlərə təqdim olunan məlumatların mənimsəmə ölçüsünü obyektiv olaraq müəyyənləşdirmə məsələsini ön plana çıxarır. Belə ki, verilən informasiyaların insan beynində nə qədərinin həkk olunmasını müəyyənləşdirmək, nəzəri baxımdan öyrənilməmişdir.

Aparılan psixoloji təcrübələr nəticəsində müəyyən edilmişdir ki, informasiyalar kəmiyyətcə artdıqca, insan beyni daha faydalı olanları faydalı olmayanlardan ayıraraq özündə saxlaya bilir. Beləliklə, informasiyanın kəmiyyətcə artımı beyində daha mühüm keyfiyyət dəyişmələrinə səbəb olur. Bu da fikri prosesin forma və məzmunca dəyişməsini təmin edir.

Ayxan Hüseynli,
Naxçıvan Müəllimlər İnstitutunun psixologiya müəllimi,
Durna Əliyeva,
Naxçıvan Müəllimlər İnstitutunun I kurs tələbəsi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024