Mobil versiya
BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR
Tarix: 26-04-2021 | Saat: 10:05
Bölmə:Yazar2 | çapa göndər

BƏDİİ-ESTETİK MEYARLAR CARÇISI AŞIQ ƏLƏSGƏR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 fevral 2021-ci il tarixdə ozan-aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun, yenu ruh qazandırmış Aşıq Ələsgərin anadan olmasının 200 illiyi ilə bağlı Sərəncam imzalamışdır.

Ozan-aşıq şeirinin zirvəsi Aşıq Ələsgər şeir yaradıcılığından başlanır desək, bizə elə gəlir yanılmarıq. Çünki Aşıq Ələsgər sadəcə şənliklərin təntənə ilə keçməsinə maraq göstərən, mağarlarda sazını köksünə basıb çalıb-oxuyan aşıq olmamışdır. O, həm də əxlaq kodeksi daşıyan şeirlərini xalqa çatdırmış, uzun qış gecələrində yorulmadan məclislər aparmış, yaşadığı dövrə baxarsaq yüzlərlə, minlərlə savadsız, biliksiz kəndliyə əxlaq, mənəviyyat, xeyirxahlıq, gözəllik dərsi deyən ustad müəllim olmuşdur. Deməli, Aşıq Ələsgər ümumən Vətənin, xalqın, bəşəriyyətin firavanlığı, xoşbəxtliyi naminə çalışmışdır.

İrsi silinməz tarixi yaddaş rəmzi kimi yaşayan Aşıq Ələsgərin yaradıcılığını əhatə edən qoşmaları (Qoşayarpaq qoşma, Müstəzad qoşma və s.), təcnisləri (Dodaqdəyməz təcnislər, Cığalı təcnislər, Müstəzad təcnislər və s.), divaniləri, müxəmməsləri, gəraylıları (Dildönməz gəraylı), bağlamaları, həcvlər və hərbə zorbaları, deyişmələri, qəzəlləri, mərsiyə və dastan rəvayətləri heç də gəlişi, yaxud deyilişi gözəl sözlər kimi qəbul etmək əlbəttə ki, düzgün olmaz. Çünki onun yaradıcılığı­nın hər sözündə, hər cümləsində böyük hikmət, məna vardır. Davranış qaydaları, səadətə, xoşbəxtliyə çatmaq yolları, ağsaqqala, qadına, böyüyə hörmət, sevgiyə, nikaha, ailə həyatına, kişilik, məğrurluq etolonlarına ciddi münasibət öz əksini tapmışdır. Görkəmli xalq şairi Məmməd Arazın sözləri ilə desək “Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın (artıq iki əsr olmuşdur – K.C.) böyük bir ədəbiyyat universiteti rolunu oynamışdır” [Bax: “Ulduz” jurnalı. Aşıq Ələsgər yüksəkliyi. 1972, №5, səh.16].

Şair-aşığın fikrincə sazı sinəsinə basıb şeir deyən, şair olan kəs gərək həm də:

Danışdığı sözün qiymətin bilə,

Kəlməsindən ləlü, gövhər süzülə,

Məcazi danışa, məcazi gülə,

Tamam sözü müəmmalı gərəkdi

– kimi ali keyfiyyətlərə yiyələnsin. Bəli, böyük sənətkar belə bir tələblə əlinə saz almış, həmçinin Azərbaycan aşıq şeirinə yeni ruh, yeni təravət, yeni görüş gətirmişdir.

Qüvvətli bədii məntiq Aşıq Ələsgər şeirinin üslubunu müəyyən edən amillərdəndir. Çox vaxt oxucunun mənəvi dünyasını oxşayan da elə bu amildir. Onda hissiz, duyğusuz deyilmiş bir söz, ifadə tapmaq çətindir. Aşıq şeirində sözü, fikri yüksək bədii səviyyəyə qaldırmaqda xalq ozanı Aşıq Ələsgər əvəzsiz sənətkardır.

Ələsgərəm, yandım eşq ataşında,

Gözüm qaldı kirpiyində, qaşında.

Qazdır məzarımı çeşmə başında,

Sal sinəm üstünnən yol, incimərəm.

Sadə fikirdir. Lakin nə qədər bədii və ifadəli deyilmişdir! Güclü məntiq fikri bir-birinə möhkəm bağlanmışdır: aşığa yar tərəfindən nə qədər naz-qəmzə satılsa da, könül şəhəri talan edilsə də, əzab verilsə də, incidilsə də, qəm ləşkəri üstünə hücum çəksə də, qəmə-ələmə düçar olsa da, ancaq o yardan incimir.

Aşıq Ələsgərin şeirləri rəvan oxunur, onun dili axıcıdır, gözəldir. Bunun bir səbəbi sənətkar aşığın sözləri seçməyi, mənalandırmağı bacarmasındadırsa, digər səbəbi, sözləri yerinə görə işlətməsində, sıralamasında, cümlə qurmasında, məharət sahibi olmasındadır. Cümlələrin rəngarəng qurulması, həyəcanlı vurğu ilə deyilməsi yaradıcılıq görüşlərinin gözəlliyini artırmış, dilinə rəvanlıq, yüksək bədii keyfiyyət gətirmişdir:

A bimürvət, axı səndən ötəri

Ah çəkməkdən bağrım qana dönübdü.

Qədd əyilib, gül irəngim saralıb,

Xəzan dəymiş gülüstana dönübdü.

Atalar sözləri və zərbi-məsəllər Aşıq Ələsgərin şeir dili və üslubuna xüsusi rövnəq verərək, deyilən fikri xalq hikməti ilə bağlamış, onun təsir mahiyyətini artırmışdır. Hikmət sahibi xalq dilindən eşitdiyini özünün şeir dilinə çevirmişdir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə də bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Əgər məktəb uşaqları Aşıq Ələsgəri şeirlərindəki doğmalığa, təmizliyə, nəğmə ahənginə görə sevirlərsə, böyüklər də sadaladıqlarımızla yanaşı, onun hikmətinə, onun dərinliyinə görə səcdə edirlər. Aşıq Ələsgər atalar sözü və zərbi-məsəllərdən, bir qayda olaraq onları öz misra və beytlərinə uyğunlaşdıraraq istifadə edir: “Dost uzaq olmaqla könül yad olmaz”; “Qarğı mızraq qıl çuvala sığışmaz”; “Qonşuya kəc baxan özü ac olur”; “Dostun məzəmməti adam öldürür, - Düşmənlə döyüşüb söyüşmək olar”; “İyid odur namusunu atmasın”; “Bir baş ki, ilqara qurban getməsin, onu bir qarpıya dəyişmək olar”; “Görürsən ki, baxtın yatıb, sən də yat”; “Bədəsildən hərgiz olmaz heç əsil”; “Bir gün yaranıbsan, bir gün ölürsən”; “Dost yolunda boran, qar olacaqdır”; “Söyüddən bağ saldım, peyvəst eylədim, Almasın, heyvasın, narın görmədim”; “Qarı düşmən bir də gəlib dost olmaz”... Aşağıdakı bəndlər bütünlüklə atalar sözü və xalq hikməti ilə bağlandığından fikir daha təsirli və qüvvətli çıxmışdır:

Alçaqda dayan ki, çıxasan başa,

Tülküsən, aslanla girmə savaşa.

Gəl yapışma gücün çatmayan daşa,

Götürə bilməzsən, zora düşərsən.

Yaxud:

Danışdıq, barışdıq mərhəmət ilə,

İnciklik araya qatma, hayıfsan!

Sən tacir olmazsan bir manat ilə,

Namusu, qeyrəti atma hayıfsan!

Yaxud da:

Arif olan, gəlin sizə söyləyim,

İyid sözü mərd-mərdana yaxşıdı.

Kişi gərək dediyindən dönməsin,

Biilqardan bir zənana yaxşıdı.

Göründüyü kim, Aşıq Ələsgər xalqdan öyrənən və xalqa öyrədən sənətkarlardan­dır. O, el ədəbiyyatından, zəngin xalq yaradıcılığından çox şey götürmüş və ona çox şey də əlavə etmişdir.

Xalq ozanı Aşıq Ələsgər poeziyasında Vətən təbiətinin gözəlliyi, onun misilsiz zənginliyi, poetik sözün bütün əzəməti, onun nəhayətsiz rəngləri və incə çalarlıqları təsvir və tərənnüm edilmişdir. Aşıq Ələsgərin bizə gəlib çatan irsi zəngin bir irsdir. Xalq yazıçısı Mirzə İbrahimov əbəs yerə demir ki, Aşıq Ələsgərin poeziyası əbədi yaşayacaq böyük sənət nümunəsidir, Azərbaycan xalqının bədii təfəkkürünün qabaqcıl, mütərəqqi ənənələrini davam və inkişaf etdirmişdir. Bu böyük poeziyada insan və onuun mənəvi gözəllikləri, xalq həyatı və məişətinin konkret bədii səhnələri, vətənin təbiəti, xalqın adət və ənənələri zəngin boyalarla əks olunmuşdur. Onun yaradıcılığının bədii keyfiyyətləri sənətkarlığı, bədii dili və obrazlı ifadələri bişmiş, bitkin, bütöv və gözəldir. Bu mənada, Aşığın təbiət mövzusundakı şeirlərini oxuyarkən gözlərimiz qarşısında aydın bir səma, parça-parça mavi buludlar, nəhəng xalını xatırladan çəmənlər, çağlayan şəlalələr, durna gözlü bulaqlar və s. qarşı böyük bir sevgi, kövrək bir məhəbbət oyanır. Bu qəbildən olan şeirlərindən, Aşıq Ələsgər hər şeydən əvvəl, bir təbiət vurğunu, gözəllik aşiqi kimi çıxış edir. Xalq dilinin hüdudları xeyli dərəcədə genişlənmişdir. “Şah dağı” şeirində oxuyuruq:

Aləmdə dastan olub

Səddin, sorağın, Şah dağı!

Açılıb nərgiz, bənövşən,

Əcəbdi çağın, Şah dağı!

Abi-kövsər kimi axır

Çeşmən, bulağın, Şah dağı!..


Süsən, sünbül, gül, ərğəvan

Köysündə laləzar verib;

Alan, satan gözəllərdi,

Nə rəvanc bazar verib;

Damənin çəhar fəsildi,

Hər meyvə bitib, bar verib;

Xudam səni çox bəyənib,

Bir belə ixtiyar verib;

Dalın dənizə söykənib,

Kürdü ayağın, Şah dağı!

Təbiət anlayışının şair tərəfindən bu cür izahı məqsədəmüvafiqdir. Çünki bədiili­yin, gözəlliyin doğurduğu təsir öz növbəsində xeyirxahlığın və yüksək əxlaqlılığın rəhni kimi özünü göstərir. Şair sanki hər bir oxucusuna belə demək istəyir: Ulu Tanrı tərəfindən ya­radılan həyatın gözəlliklərini düzgün dərk et, ətraf mühiti öyrənməyi bacar, onları qoru, mühafizə et, həmçinin bədii yaradıcılığa dair vərdişlərə yiyələn.

Nəğməkar şair Aşıq Ələsgər ətraf aləmin harmonik-ahəngdar xüsusiyyətlərini emosional ruhda təsvir edir. Onun yaradıcılığında “dağlar” mövzusu geniş məfhumdur. Ümu­miyyətlə, “Dağlar” Ələsgər yaradıcılığında kişilik, mərdlik, cəsarət, əyilməzlik, vüqar­lılıq, əzəmət simvolu kimi dəyərləndirilir:

Gahdan çiskin tökər, gah duman eylər,

Gah gəlib-gedəni peşiman eylər,

Gahdan qeyzə gələr, nahaq qan eylər,

Dinşəməz haramı, halalı dağlar.


Ağ xalat bürünər, zərnişan geyməz,

Heç kəsi dindirib, xətrinə dəyməz.

Sərdara söz deməz, şaha baş əyməz,

Qüdrətdən səngərli, qalalı dağlar.

“Sərdara, şaha baş əyməyən”, “qüdrətdən səngərli, qalalı” olan dağlar aşığın qəlbini dolduran, riqqətə gətirən poetik obyektdir.

Aşıq Ələsgər xalq şeirinin məziyyətlərindən demək olar ki, daha gözəl istifadə etmişdir. Sinədəfdər Aşıq, onun zəngin mənəvi varlığı xalq həyatı ilə o qədər yaxın olmuşdur ki, doğma və xəlqi olan hər bir şey dərhal onun poeziya dühasına hopmuşdur. Bu da ondakı parlaq istedadla əlaqədardır. Aşıq Ələsgər şeirinin gözəlliyi, dilinin xəlqiliyi bir də ondadır ki, o, həyatda olan hər cür mətləbdən söz açmışdır.

Aşıq Ələsgər dediyimiz kimi, xalqın həyat və məişətinə çox yaxın və dərdlərinə qəlbən şərik olmuşdur. Yaradıcılığında bəzən gizli, çox zaman isə açıq etiraz səsini ucaltmışdır. Xalq şairi Osman Sarıvəllinin işıqlandırdığı fikirdəki kimi, bəzən bilavasitə, bəzən də dolayısı ilə özündən razı bəylərin, xanların zülm və əsarətini; yalançı molla və ruhanilərin riyakarlıqlarını, ailə və məişətdəki nöqsanları, mədəniyyətsizliyi özünəməx­sus bir dillə tənqid atəşinə tutmuş, həmçinin xalqın igid oğullarını, gözəl qızlarını, yurdumuzun zəngin təbiətini hərarətli bir qəlblə sevmiş, tərənnüm etmişdir. Həssas şair zəhmətkeş kütlənin ağır güzəranını görmüş, azğın mülkədarların, çinovniklərin, ağaların, bəylərin qeyri-insani rəftarını; ictimai haqsızlığın, bərabərsizliyin törətdiyi faciələri dərindən dərk edə bilmiş və bütün bunları poetik şeir nümunələri ilə ifadə etmişdir.

On səkkiz min aləm, yetmiş iki dil,

Ülfət qılır bir bazarın içində.

Kimi ətlaz geyir, tirmə qurşayır,

Kimi üryan gəzir qarın içində.


Demək nə lazımdı, özün bilirsən,

Bir gün yaranırsan, bir gün ölürsən.

Arsız-qəmsiz nə gününə gülürsən?!

Yandırarlar səni narın içində.

Aşıq Ələsgər “Olmaz” rədifli qoşmasında “varlıqda dost, yoxluqda kənar” olan müxənnətlərdən, “nüftədən pak”, “loğmadan halal” olmayan nacins adamlardan uzaq gəzməyi məsləhət bilərək belə deyir:

Ələsgər, mətləbin xudadan istə,

Kərəm olmaz müxənnəsdə, xəsisdə,

Bəylik, göylük, səylik olan məclisdə

Qaç ki, orda xeyir-bərəkət olmaz.

Dədə Ələsgərin hikmət dolu şeirlərində stixiyalı mövhumatçı fikir və ideyalar da çoxdur. Görkəmli söz ustadı şeirlərində nəcib əxlaqlı, dərin zəkalı, həqiqi din xadimlərinə yüksək ehtiram göstərməklə yanaşı, yalançı din təbliğatçılarını, ruhaniləri, mollaları, axundları, zahidləri, qazıları kəskin tənqid atəşinə tutmuşdur. Tamahkar, acgöz və xəsis “din xadimlrini” nümayiş etdirən “Çıxıblar”, “Görmədim”, “Mollalar”, “Eyləyək” kimi adlarını sadaladığımız qoşma və müxəmməsləri dediyimiz fikrə əyani sübutdur. “Söyüd ağacı kimi bar verməyən”, “doğru-dürüst etibarı olmayan”, “qananlar məclisində yeri olmayan”, “xain”, “yalançı” və s. soyğunçu mollalar haqqında şair belə deyir:

Tanıram əslini, söyüddür zatın,

Uca boy verərsiz, barınız olmaz.

Dildən dost olarsız, könüldən əyri,

Doğru-dürüst etibarınız olmaz.


İslama haramı halal bilərsiz,

Şəriətdən kənar mətləb dilərsiz,

Əysik danışarsız, artıq gülərsiz,

Namus, qeyrətiniz, arınız olmaz.

“Görmədim” qoşmasında şair “qazıların düz bazarın görmədiyindən”, “Mollalar” adlı müxəmməsində isə mollaların pis əməllərindən danışır, onları “fağırın malını çapıb talayan”, “kəndlilərə zülm eyləyən”, qadınların namusuna təcavüz edən “fəndgir əxlaqsız”, “xarabalıq sevən bayquş” adlan­dırır.

“Çıxıbdı” rədifli qoşmasında isə qazıların, mollaların, qoçuların, quldurların, pristavların, naçalniklərin xalqın başına gətirdiyi bəlaları, müsibətləri, oyunları acı-acı belə xatırlayır:

Ay həzərat, gəlin sizə söyləyim,

Bu dünyanın xəyanatı çıxıbdı.

İnsaflar azalıb, mürvət gödəlib,

Qazıların mazarratı çıxıbdı.


Əlimizi aparıbdı sərt ayaz,

Ruzumuz olubdu gündən-günə az.

Molla şeytan olub, axund seyidbaz,

Məşədi, kalvayı lotu çıxıbdı…

Aşıq Ələsgər bu kimi yoldan azmış günahkar sahiblərini haqq yoluna, ədalət yoluna dəvət edir. Deyir ki, bu fani dünyada nə rəzilliklər edirsinizsə, əməkçi xalqın zəhmət dolu əməyini min bir fırıdaq yolu ilə aldadıb əlindən çıxarırsınızsa, yaxud zor göstərərək, şallaq vuraraq, vurduraraq şəxsiyyətlərini alçaldırsınızsa haqq dünyasına, əbədiyyət evinizə gedən zaman olunacaq sorğu-suallardan yayına bilməyəcəksiniz. Şair poetik dillə belə deyir:

Günahkardı nə ki yoldan azan var,

İki mələk – xeyir-şəri yazan var,

Ərəsət var, qıl körpü var, qazan var,

Orda qəbul olsun niyazım mənim!

Sonda belə nəticəyə gəlirik ki, Haqq aşığı Aşıq Ələsgər sələfləri Qurbani, Sarı Aşıq, Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Əbülqasım Nəbati və digər müdrik dəfinələr kimi öz yaradıcılığında yığcamlığı, siqləti, obrazlılığı, dərin ictimai-pedaqoji məzmunu, ədəbi-tarixi koloriti, əxlaqi-etik tövsiyələri, nəsihətamiz ruhu, xalqın kamal dünyasını öz bənzərsiz yaradıcılığında əbədiləşdirmişdir.

Ulu öndər Heydər Əliyev deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bəli, ulu öndər kimi, hər birimiz Azərbaycan vətəndaşı olmağımızla fəxr edirik. Ona görə ki, milli-mənəvi və bəşəri dəyərlərimizi dünyaya nümayiş etdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Aşıq Ələsgər kimi yüzlərlə inci xəzinəmiz vardır.


Kamal CAMALOV
Naxçıvan Müəllimlər İnstitutu
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-03-2024