Mobil versiya
“Azərbaycan–Çexiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi”
Tarix: 28-04-2026 | Saat: 16:01
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

“Azərbaycan–Çexiya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi”

2026-cı ilin aprel ayında Azərbaycana Avropa İttifaqı üzvü olan ölkələrin rəhbərlərinin intensiv səfərləri baş tutmuşdur. Bu səfərlər Azərbaycanın regionda artan geosiyasi əhəmiyyətini və etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini bir daha aydın şəkildə nümayiş etdirir. Bu baxımdan Azərbaycanın Çex Respublikası ilə münasibətlərə verdiyi xüsusi əhəmiyyət ölkəmizin xarici siyasətində çoxşaxəli və balanslı əməkdaşlıq kursunun bariz nümunəsidir. Prezident İlham Əliyevin 2026-cı il aprelin 27-də Çexiyanın Baş naziri Andrey Babiş ilə görüşdən sonra mətbuata verdiyi bəyanat bu münasibətlərin həm mahiyyətini, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ifadə edir. Bu səfər onu deməyə əsas verir ki, Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirməkdədir.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycan–Çexiya əməkdaşlığında energetika sektoru aparıcı rol oynayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir.

Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.”

Bu fikirlər bir daha təsdiqləyir ki, Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji tərəfdaşdır. Təsadüfi deyil ki, Avropa İttifaqı da Azərbaycanı etibarlı tərəfdaş kimi yüksək qiymətləndirir. Bu, ölkəmizin həyata keçirdiyi düşünülmüş və praqmatik enerji siyasətinin uğurlu nəticəsidir.

Bununla yanaşı, dövlət başçısının “daha geniş prizma” yanaşması xüsusi diqqətə layiqdir. Bu yanaşma göstərir ki, Azərbaycan–Çexiya əməkdaşlığı yalnız enerji resurslarının ticarəti ilə məhdudlaşmır, eyni zamanda uzunmüddətli və dayanıqlı tərəfdaşlıq modelinə əsaslanır. Burada investisiya imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, eləcə də alternativ və bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri mühüm yer tutur.
İki ölkə arasında, həmçinin, müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:“Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır. Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Biz Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir. Əminəm ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.”

Bu fikirlər bir daha göstərir ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq Azərbaycan–Çexiya münasibətlərini strateji səviyyəyə yüksəldən mühüm istiqamətlərdən biridir. Burada əsas məqsəd yalnız texnika və məhsul alışı deyil, eyni zamanda birgə istehsal, texnologiya transferi və sənaye potensialının gücləndirilməsidir. Bu isə Azərbaycanın müdafiə sənayesində özünü təminetmə siyasətinə və yerli istehsalın inkişafına xidmət edir.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan–Çexiya münasibətləri təkcə enerji sahəsində deyil, həm də müdafiə sənayesi kimi strateji sektorlarda genişlənərək yeni mərhələyə qədəm qoymuşdur və bu əməkdaşlıq qarşılıqlı etimad və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Millət vəkili Tamam Cəfərova belə deyib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-04-2026