Mobil versiya
Qarabağda böyük savaş proqnozu - Yayda ola bilər
Tarix: 19-04-2016 | Saat: 12:34
Bölmə:Karusel | çapa göndər

Qarabağda böyük savaş proqnozu - Yayda ola bilər




Rusiyanın məşhur "İzvestiya" qəzetinin Rusiya diplomatik çevrələrindəki mənbələrə istinadən yazdığına görə, Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan və Ermənistan arasında kompromislərin əldə olunması üçün şəxsən və fəal şəkildə çalışacaq.

Qeyd edilir ki, Putinin vasitəçiliyi ilə Qarabağ danışıqları yaxın günlərdə başlayacaq və o, hər iki tərəfdən siyasətçiləri kompromislərin zəruriliyinə şəxsən inandırmağa səy göstərəcək.

“Qafqazinfo” milli.az-a istinadən xəbər verir ki, qəzetin yazdığna görə, mənbə bildirib ki, söhbət döyüş əməliyyatlarının dayandırılmasından gedən kimi hər iki tərəf danışıqlar masasının arxasına keçməyə hazır olur, ancaq dərhal qarşılıqlı iradlar yada düşür və ərazi məsələsi həll edilməmiş qalır: "Qarşıdan ağır danışıqlar gəlir və burada Rusiyanın köməyi olmadan keçinmək mümkün olmayacaq".

Mənbə Rusiyanın Dağlıq Qarabağ münaqişəsini nizamlama planını da açıqlayıb: "Azərbaycana ərazilərin bir hissəsi qaytarılır, münaqişə zonasına sülhməramlılar yerləşdirilir, qaçqınlar öz yerlərinə qayıdırlar və Dağlıq Qarabağ legitimləşdirilir. Yəni sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpa olunması təmin edilir. Sonradan isə ehtiraslar səngiyəndə Dağlıq Qarabağın hüquqi statusuna dair referendum keçirilir".



Yaranmış vəziyyəti milli.az-a şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Azərbaycan problemin mərhələli həll variantını dəstəkləyir: "Yəni ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, azərbaycanlılar yer-yurdlarına geri qayıtmalı, kommunikasiya xətləri açılmalıdır və bundan sonra statusla bağlı danışıqlar başlaya bilər. Amma bunun nə zaman baş verəcəyini söyləmək çətindir. Aprelin əvvəlində cəbhədə baş verənlərdən həm Ermənistan hakimiyyəti, həm Rusiya, həm də beynəlxalq ictimaiyyət anlamalı idi ki, Azərbaycan əbədiyyətə qədər davam edən mənasız danışıqlarda iştirak etməyəcək. Ona görə də Azərbaycan cəbhədə düşmənin təxribatlarına cavab olaraq təzyiq etdi. İndi də gərək Rusiya Ermənistana təzyiq edə ki, o, silahlı qüvvələrini Dağlıq Qarabağ ətrafındakı rayonlardan ilkin şərt irəli sürmədən çıxarıb, işğal olunmuş əraziləri boşaltsın. Söhbət ilkin olaraq 7 və ya 5 rayonun boşaldılmasından gedir. Amma məsələ belədir ki, həm Kazan, həm də Madrid prinsiplərinə görə, ilkin olaraq 5 rayon sürətlə boşaldılır, qaçqınlar evlərinə geri qayıdırlar. Laçın və Kəlbəcər rayonların boşaldılması isə nisbətən uzun çəkə bilər. Amma bəllidir ki, onlar da boşaldılmalıdır və Ermənistan bunu sözsüz yerinə yetirməlidir".

Lakin ekspertin fikrincə, Rusiyanın Ermənistana təsir edəcəyini və ya danışıqlarda mərhələli həll planından çıxış edəcəyini əvvəlcədən söyləmək çətindir. Çünki ortada bunun işartıları yoxdur: "Düzdür, Moskvaya yaxın bəzi politoloqlar bildirirlər ki, guya bu ilin sonuna qədər 5 rayon boşaldılacaq və qaçqınlar geri qayıdacaqlar. Amma bu yalnız hansısa rus politoloqun fikirləridir. Lakin biz hələlik Rusiya rəsmilərinin dilindən bu haqda açıqlama eşitməmişik. Əksinə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya son dəfə gəlib-gedəndə bildirdi ki, bütün məsələlər kompleks həll olunmalıdır. Amma bu Azərbaycanın maraqlarına cavab vermir. Biz referendumla bağlı konkret tarixlə razılaşa bilmərik. Yaxud Rusiyanın baş naziri Dmitri Medvedev də gəlib-gedəndən sonra dedi ki, müharibədənsə vəziyyət necə varsa, elə də qalsın. Bu da bizə sərf eləmir. Ona görə də hər hansı işartı olmadığına görə Rusiyanın öz vasitəçiliyini fəallaşdırdığı təqdirdə Ermənistana təsir edəcəyini söyləmək çətindir. Amma Rusiyanın fəallaşacağı dəqiq faktdır. Çünki prezident Vladimir Putin də mətbuat konfransında bildirdi ki, biz prosesi intensivləşdirməyə çalışacağıq. Deməli, Rusiya çalışacaq ki, təkbaşına vasitəçi olsun. Amma nəticənin alınıb-alınmayacağını söyləmək mümkün deyil".



E.Şahinoğlu qeyd edib ki, əgər bu danışıqlar yaxın zamanlarda yenə də heç bir səmərə verməsə və konkret nəticələr əldə olunmasa, bir neçə aydan sonra, konkret olaraq yayda münaqişə zonasında müharibə başlaya bilər: "Müharibənin başlanacağı realdır. Danışıqlarda ciddi irəliləyiş ondan ibarətdir ki, Ermənistan ilkin olaraq 5 rayonu boşaltmağa razılaşır. Bu baş versə, sülh prosesi bərpa olunur, atəşkəsə riayət edilir, Azərbaycanın Ermənistanla münasibətlərinin nizamlanmasına başlanılır. Yox, bu baş verməsə, Ermənistan yenə də vaxtı uzatsa, Rusiya ona təsir etməsə, böyük ehtimalla iyunun sonu və ya iyulun əvvəllərində cəbhədə vəziyyət yenə də gərginləşə, bu dəfə lokal döyüşlərin ağır artilleriya və aviasiya qüvvələrinin iştirakı ilə daha geniş miqyasa yayılmaqla hərbi əməliyyatlar başlaya bilər".

Qeyd edək ki, aprelin 2-5-də Dağlıq Qarabağ münaqişə zonasında Ermənistanın işğalçı silahlı birləşmələrinə cavab olaraq əkc-hücum nəticəsində Azərbaycan Ordusu bir neçə strateji yüksəkliyi və yaşayış məntəqəsini düşməndən azad etmişdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024