Mobil versiya
“Tariximizlə bağlı hər şeyi qan yaddaşımıza həkk etməliyik”
Tarix: 09-03-2021 | Saat: 11:18
Bölmə:Manşet / Media | çapa göndər

“Tariximizlə bağlı hər şeyi qan yaddaşımıza həkk etməliyik”


Məşhur Məmmədov: “Tariximiz, maddi-mədəniyyət nümunələrimizlə bağlı uşaq və gənclər arasında keçirilən müsabiqələri alqışlayırıq”

“Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə mühüm əhəmiyyətə malikdir”

30 ilə yaxın müddət ərzində erməni işğalı altında qalan torpaqlarımızda tarixi abidələrimizin, maddi-mədəniyyət nümunələrinin də ciddi dağıntıya məruz qaldığı yaxın keçmişimizin acı həqiqətlərindən biridir. Bu baxımdan Qarabağdakı tarixi abidələrimizin yenidən bərpası ilə yanaşı, onların gənc nəslə təbliğ edilməsi, tanıdılması və sevdirilməsi də qarşıda duran əsas məsələlərdən biridir.

Qeyd edək ki, 22 fevral tarixindən etibarən Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsi keçirilməkdədir. Müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma Vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

Moderator.az-a açıqlamasında uşaq və gənclər arasında bu cür müsabiqələrin keçrilməsini alqışlayan millət vəkili Məşhur Məmmədov, bu kimi layihələrin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd edib:

“Ümumiyyətlə, hesab edirəm ki, milli tariximiz, apardığımız mübarizələr və müharibələr, üzləşdiyimiz faciə və soyqırımları, əldə etdiyimiz zəfərlər və s. ilə bağlı hər şeyi qan yaddaşımıza həkk etməliyik. Bu baxımdan təbii ki, istər orta məktəblərdə, istərsə də universitetlərdə Qarabağla bağlı bu cür müsabiqələrin keçirilməsi, Qarabağdakı tarixi abidələrin, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, yeniyetmə və gənclər arasında təbliğ edilməsi mühüm əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsi tarixi, erməni işğalı və bu işğal nəticəsində xalqımızın yaşadığı müsibətlər, Qarabağdakı abidələrimiz – bir sözlə hər şey dərsliklərə salınmalı, tədris edilməlidir. Təbii ki, tarixi abidələrimizin təbliği və tanıdılması, tarixi olayların şüurlara daha dərindən hopdurulması üçün bu cür müsabiqələrin, inşa yazılarının keçirilməsi təqdirəlayiqdir. Biz Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə belə bir müsabiqənin keçirilməsini dəstəkləyirik. Sevinirik ki, ölkəmizdə milli tariximiz, mədəniyyətimiz baxımından bu cür faydalı, mühüm əhəmiyyətə malik müsabiqələr təşkil edilir. Hesab edirəm ki, hər kəs bu məsələdə aidiyyəti qurumlara öz dəstəyini göstərməli, tariximizin təbliği prosesində yaxından iştirak etməlidir”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025