Mobil versiya
Samur-Abşeron kanalında pullar necə “yuyulur”?
Tarix: 15-04-2016 | Saat: 13:29
Bölmə:Seçilənlər-6 | çapa göndər

Samur-Abşeron kanalında pullar necə “yuyulur”?






Əhməd Əhmədzadənin idarəsində yeyinti halları aşkarlanıb

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində (ASC) son zamanlar büdcə vəsaitlərindən istifadə zamanı və suvarma suyuna görə yığılan pulların mənimsənilməsi hallarına daha çox rast gəlinir.

Bunu hansı səbəblərdən doğması ilə bağlı müxtəlif fikirlər səslənir. Artıq bu hal rəsmi orqanların da diqqətini cəlb etməyə başlayıb. Bu barədə Xeberinfo.com saytı məlumat yayıb.

PİA.AZ sayta istinadən xəbər verir ki, bunun nəticəsi olaraq Hesablama Palatası və Vergilər Nazirliyi kimi dövlət qurumları Meliorasiya və Su Təsərürfatı ASC-nin yerli təşkilatlarının maliyyə işlərini daha çox araşdırmağa başlayıblar. Son belə yoxlamaların birinə məruz qalan idarələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsidir. Hesablama Palatası ilə Vergilər Nazirliyi birlikdə Samur-Abşeron Kanalı İstismar İdarəsində dövlət büdcəsinə ödəmələr, dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair auditi aparıb.

Audit nəticəsində müəyyən edilib ki, ASC-nin Samur-Abşeron Kanalı İstismar İdarəsi Vergilər Məcəlləsinin tələblərinə əməl etməyərək vergitutma məqsədləri üçün mənfəət məbləği ümumilikdə 586,7 min manat, dövlət büdcəsinə ödənilməli olan ƏDV-ni isə 8,3 min manat azaldıb. Sənədə əsasən, meliorasiya və irriqasiya tədbirləri üçün dövlət büdcəsindən ayrılan vəsaitin 1,580 mln. manatı həmin tədbirlərə deyil, əmtəəlik suyun nəqli üçün sərf edilən elektrik enerjisi haqqının ödənilməsinə xərclənib. Satılan suya görə debitor borcu 01.01.2012-ci il tarixə nisbətən 3,6 dəfə artaraq 01.01.2015-ci il tarixə 16,524 mln. manat olub. İdarənin mərkəzi anbarında 5,6 min manat dəyərində çatışmazlıq aşkar edilib. Aşkar olunan neqativ hallara görə, Samur-Abşeron Kanalı İstismarı İdarəsinə 8,3 min manat əlavə vergi məbləğinin hesablanması, 37,4 min manat məbləğində maliyyə sanksiyasının tətbiq olunması kimi maliyyə cərimələri ilə yanaşı 1 əməkdaşa töhmət də verilib.

Məlumatlı şəxsin bildirdiyinə görə, Samur-Abşeron Kanalı İstismarı İdarəsinin əməkdaşları daha böyük cəzalara məruz qalacaqlarını gözləyirlərmiş. Ancaq idarənin rəisi Möhübbət Musayevin hüquq-mühafizə orqanlarının birinin rəhbərliyində nüfuzlu himayəçisinin sayəsində yüngül maliyyə sanksiyaları və kiçik inzibati cəza ilə qurtula biliblər. (Bu şəxsin adı bizə məlum olsa da, yazmağı uyğun bilmirik) Əslində ən ciddi çatışmazlıqlar idarənin anbarında aşkar olunubmuş. Hətta anbarın əməkdaşları məsələnin istintaqa kimi gedib çıxacağından ciddi şəkildə narahat imişlər. Çünki, anbarlarda əskiklik Hesablama Palatasının açıqladığı rəqəmdən dəfələrlə çox imiş.

Mənbə bunun səbəbini Samur-Abşeron Kanalı İstismarı İdarəsi ilə “Meliorator Tikinti-Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında aparılan əməliyyatlarla bağlı olduğunu bildirir. Belə ki, sən demə “Meliorator Tikinti-Quraşdırma” MMC-i Samur-Abşeron Kanalı İstismarı İdarəsinə 250 min manatlıq inşaat materialları satıb. Əslində isə mühasibatlıq sənədlərində ciddi uyğunsuzluq var. Çünki, Yəhya Əhrimanovun rəhbərlik etdiyi bu MMC-i əslində Samur-Abşeron Kanalı İstismar İdarəsinin rəisi Möhübbət Musayevə (Yeri gəlmişkən Möhübbət Musayev Şahin müəllim kimi tanınır.) bağlı bir şirkətdir. Bu əməliyyatların əsas xeyrini də məhz bu iki şəxs görür. Mənbə bildirir ki, Möhübbət Musayev 100 min manatlarla büdcə vəsaitini məhz Yəhya Əhrimanovun köməyi ilə şəxsi marağına uyğun istifadə edir.

Çox maraqlıdır ki, guya Samur-Abşeron Kanalı İstismarı İdarəsini inşaat malları ilə təmin edən “Meliorator Tikinti-Quraşdırma” MMC-i eyni zamanda idarəni həm də maşın və mexanizmlərin ehtiyat hissəsləri ilə təmin edib. Belə görünür ki, Yəhya Əhrimanovun MMC-inin mövcud olmayan anbarı inşaat malları ilə yanaşı, maşın və mexanizmlərin ehtiyat hissələri ilə də doludur. Həm Samur-Abşeron Kanalı İstismarı İdarəsi, həm də “Meliorator Tikinti-Quraşdırma” MMC-inin eyni məkanda, Abşeron rayon Ceyranbatan qəsəbəsində yerləşdiyi deyilir. Ceyranbatan qəsbəsində isə heç kim bu MMC haqqında heç bir məlumata malik deyil. Əgər həqiqətən də “Meliorator Tikinti-Quraşdırma” MMC-i sənədlərdə göstərildiyi kimi Samur-Abşeron Kanalı İstismar İdarəsini bir neçə yüz min manatlıq inşaat materialı, maşın və mexanizmlər üçün ehtiyat hissələlər ilə təmin edən bir şirkət olsaydı, o zaman böyük anbara, çoxsaylı avtomobillərə və böyük kollektivə sahib olmalı idi. Ancaq de-fakto bu şirkət belə imkanlara malik birisi kimi tanınmır. Deməli, həqiqətən də “Meliorator Tikinti-Quraşdırma” MMC-i Samur-Abşeron Kanalı İstismar İdarəsin rəisi Möhübbət Musayevin maliyyə əməliyyatlarını reallaşdırmağa xidmət edir. Belə görünür ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin Səhmdar Cəmiyyətdə baş verənlərə nəzarəti itirməsi haqqında deyilənlər həqiqətdən uzaq deyil.

Dövlətimizin hazırkı məlum iqtisadi durumunda Meliorasiya və Su Təsərrüfatı ASC-nın Samur-Abşeron Kanalı İstismar İdarəsində yaşanan bu özbaşınalıqlarla bağlı aidiyyatı orqanların müvafiq ölçü götürməsi vacibdir. Zatən cənab prezident də dəfələrlə korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı mövqeyini ortaya qoyub. Təəssüf ki, hələ də bəzi səlahiyyət sahibləri özbaşınalıqlarını davam etdirməkdədirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024