Mobil versiya
Azərbaycan səhiyyəsi 2020-ci ildə iki çətin sınağa dözdü
Tarix: 07-12-2020 | Saat: 13:40
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Azərbaycan səhiyyəsi 2020-ci ildə iki çətin sınağa dözdü




Həkimlərimizin görünən və görünməyən düşmənlə müharibələrdə fədakarlığı əbədi tərənnümə layiqdir

Sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gündən sonra Azərbaycanın qələbəsi, işğalçı Ermənistanın rüsvayçı məğlubiyyəti ilə başa çatdı. Allah bu müqəddəs savaşda şəhid olan Vətən övladlarına rəhmət eləsin, yaralananlara şəfa versin.

Biz vətəndaş olaraq, valideyn olaraq, qardaş-bacı olaraq hərbçilərimizə can sağlığını yalnız dualarımızla diləyə bilirik. Dövlətin büdcəsinə ödədiyimiz vergi ilə, Silahlı Qüvvələrə Yardım Fonduna verdiyimiz ianə ilə Ordumuzun gücünə güc qata bilirik. Amma əsgər və zabitlərimizin səhhəti ilə birbaşa qayğılanan cəmiyyət zümrəsi məhz müqəddəs peşənin sahibləri – həkimlər oldular. Yaralılara göstərilən tibbi xidmət barədə yəqin ki, səhiyyə biliciləri zaman-zaman söz açacaqlar. Əgər əsir düşmüş yaralı erməni əsgərinin Azərbaycan həkimlərindən razılıq etdiyinin şahidi olduqsa, demək, özümüzkülərə də yüksək xidmət göstərilib. Onlarla, yüzlərlə həkimlərimiz, tibb işçilərimiz könüllü şəkildə bu müharibəyə qoşuldular, yaralı hərbçilərimizi həyata qaytarmaq, şəhid sayının minimum olması üçün öz həyatlarını təhlükəyə atıb güllənin, mərminin altında vəzifələrini icra etdilər. Azərbaycan Ordusunun hərbi həkimləri, o cümlədən, mülki müəssisələrdə işləyən həkimlər döyüşlərin gedişi boyunca əllərindən gələn köməyi etdilər. O da bəllidir ki, eynən “gözəgörünməz düşmən” olan koronavirusla mübarizədə canlarını fəda etdikləri kimi, görünən düşmənlə müharibədə də xeyli hərbi və könüllü olaraq cəbhə bölgəsinə yollanmış mülki həkim düşmən gülləsinə tuş gəldi. Müharibə dövründə mənfur düşmən qəsdlə həkimləri hədəf alırdı. Şair Xəlil Rzanın nəvəsi, I Qarabağ müharibəsində igidliklə şəhid olmuş Təbriz Xəlilbəylinin oğlu, hərbi həkim Turqut Xəlilbəyli də döyüş meydanından yaralı əsgəri çıxararkən şəhidlik zirvəsinə ucaldı. II Qarabağ müharibəsində tək qadın şəhid də məhz tibb işçisi oldu.

Müşahidə olunur ki, hərbçilərin yalnız özlərinə deyil, onların ailə üzvlərinə, yaxın qohumlarına göstərilən tibbi xidmətlərdə də həkimlərimiz yüksək keyfiyyət, qayğıkeş münasibət sərgiləyirlər. Bu alqışa layiq tendensiya həm dövlət, həm də xidmət haqqının yuxarı olduğu özəl səhiyyə müəssisələrində də nəzəri cəlb edir. Bu sətirlərin müəllifi - şəxsən özüm qələbəmizin rəhni olan İqtidar – Xalq – Ordu birliyinin ən parlaq şəkildə təzahür etdiyi bu günlərdə həkimlərimizin hərbçi ailəsinə əllərindən gələn köməkliyi əsirgəmədiklərinin şahidi oldum. Belə ki, mənim hərbçi oğlumun körpə oğlan uşağı dünyaya göz

açdı. Bakının Nizami rayonundakı 7 saylı Doğum Evinin həkimlərindən, tibb bacılarından, personalın digər üzvlərindən çox istiqanlı münasibət gördük. Hörmətli oxucu elə düşünməsin ki, sözügedən tibb müəssisəsində yalnız hərbçi ailəsi üzvlərinə həssas münasibət göstərilir, amma cəmiyyətin digər zümrələrindən olan pasientlərə laqeyd yanaşılır. Əsla elə deyil. Baş həkim Leyla Seyidbəyova ilə qısa söhbətimizin qayəsini Vətən müharibəsi və qazandığımız Qələbə mövzusu təşkil etdi. Bizi təbrik edərək: “gözünüz aydın, əsgəriniz doğuldu” - deyən tanınmış, təcrübəli səhiyyə işçisi xüsusi vurğuladı ki, Azərbaycanın Ermənistandan üstünlüyünü şərtləndirən mühüm amillərdən biri də məhz ölkəmizdəki müsbət demoqrafik vəziyyət, yəni, əhalimizin bədnam qonşu ölkədəkinə nisbətən çoxluğu, müvafiq olaraq ordumuzun şəxsi heyətinin də say üstünlüyü olmuşdur. Onun sözlərinə görə, cəbhədəki insan tələfatının yerini indi doğulan uşaqlar kompensasiya edəcəklər. Ona və rəhbərlik etdiyi kollektivə səmimi təşəkkürümüzü elan edəndə isə bildirdi ki, Azərbaycanın bütün Qafqazda həm də demoqrafik göstəricilərə görə lider olmasının səbəbi xalqımızın sosial rifah səviyyəsi ilə, eləcə də son illər vətəndaşlarımıza, ələlxüsus da ana və uşaqlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsi ilə əlaqədardır. Ona görə də minnətdarlığımızı vətəndaşların sağlamlığını ən vacib məsələ hesab edən Azərbaycan dövlətinin səhiyyə siyasətini həyata keçirən şəxslərə ünvanlamağımızı məsləhət gördü.

Həqiqətən də son dövrlər Azərbaycanda səhiyyənin inkişafına yönəlik əhəmiyyətli addımlar atılmışdır. Respublikamızda vüsət alan sürətli iqtisadi tərəqqi bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir.

Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi elə insan sağlamlığına ayrılan diqqətdir.

Azərbaycanın səhiyyə naziri professor Oqtay Şirəliyev müsahibələrində vurğulayır ki, ölkəmizdə səhiyyənin inkişafı üçün atılan bütün bu addımlar savadlı, bilikli, öz bilik və bacarıqlarını praktikada tətbiq edə bilən tibbi kadrların olmasını tələb edir. Məhz hörmətli nazirin rəhbərliyi ilə son illərdə tibb işçilərinin ixtisas səviyyələrinin artırılması baxımından da xeyli iş görülüb; tibb təhsilində islahatlar, xaricdə təhsil, tibb işçilərinin sertifikasiyası, onlar üçün təkmilləşmə və ixtisasartırma kursları, vakant həkim yerlərinə mərkəzləşmiş imtahan yolu ilə işə qəbul kimi tədbirlər sayəsində bu sahədə böyük irəliləyişlər əldə edilib.

Əhalinin sağlamlığının qorunması əsasən səhiyyənin maliyyələşməsindən, xüsusilə də dövlət maliyyələşməsindən birbaşa asılıdır. Azərbaycanda səhiyyənin maliyyələşməsinə nəzər salsaq görərik ki, dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitlər ildən-ilə artırılmışdır. Mövcud problemləri həll etməkdən və dövlət səhiyyə vəsaitlərinin səmərəli istifadəsindən ötrü ölkəmizdə 2020-ci ildən icbari tibbi sığorta sisteminin formalaşdırılmasına başlanılmışdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə səhiyyə sisteminin maliyyələşməsində daha çox icbari tibbi sığorta üsulundan istifadə edilir. İcbari tibbi sığorta əhalinin sosial müdafiəsinin gücləndirilməsi nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Əhalinin tibbi yardım almaq hüququnu təmin edən bu sistem sığorta hadisəsi zamanı sığortaolunanların xidmətlər zərfi çərçivəsində tibbi yardım almasını təmin edir. İcbari tibbi sığortanın bir sıra üstünlükləri var. Belə ki, sözügedən sistem dünyada səhiyyənin maliyyələşməsinin ən mütərəqqi üsullarından hesab olunur. İcbari tibbi sığorta səhiyyə sistemində şəffaflığı, tibbi xidmətlərin keyfiyyətini artırır, tibb personalının əməkhaqlarını yüksəldir, əhalinin sağlamlığı daha etibarlı şəkildə qorunur və tibbi xidmətlərə xərclənən vəsaitlərin payını azaldır.

Ölkəmizdə icbari tibbi sığortanın formalaşdırılması məqsədilə bir sıra işlər görülmüşdür ki, bu da müsbət nəticələrini verməkdədir. Əhalidən heç bir ödəniş tələb olunmadan onlara tibbi müayinə və müalicə xidmətləri göstərilir. İcbari tibbi sığortanın həyata keçirilməsi ilə əlaqədar olaraq həkimlərin həvəsləndirilməsi məqsədilə əməkhaqlarına stimullaşdırıcı əlavələr edilmişdir. İcbari tibbi sığorta sistemi sosial xarakter daşıdığından bütün ölkə əhalisini əhatə etməsi nəzərdə tutulub.

İcbari tibbi sığortaya keçiddə daha az risklərlə qarşılaşmaq, tibb müəssisələrini və əhalini sözügedən prosesə hazırlamaq üçün, habelə islahatın əhatə dairəsinin genişliyini, tibb müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqini nəzərə alaraq, Agentliyin İdarə Heyətinin sədri, təcrübəli maliyyəçi Zaur Əliyevin rəhbərliyi altında respublikada icbari tibbi sığortanın tətbiqinin mərhələlərlə həyata keçirilməsi nəzərdə tutulub. Mərhələli tətbiq zamanı vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator və stasionar, o cümlədən həyativacib dəyəri yüksək olan tibbi xidmətlər göstəriləcəkdir. Zərfə təxminən 3000 diaqnoz üzrə tibbi xidmətlər daxildir.

İcbari tibbi sığortanın mərhələli tətbiqini zəruri edən amillərdən biri də əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Bu istiqamətdə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin həyata keçirdiyi işlər təqdirəlayiqdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanına əsasən yaradılmış “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (bundan sonra – TƏBİB) icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirmək vəzifəsini daşıyır. TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyinə verilmiş tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. Ümidlər böyükdür ki, tanınmış tibb uzmanı, bacarıqlı təşkilatçı Ramin Bayramlının idarəçiliyi altında TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradacaq, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdıracaq, tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edəcək.

Etiraf etməliyik ki, 2020-ci il bütün dünya, eləcə də Azərbaycan üçün əsl sınaq ili oldu. Yeni növ koronavirus (COVİD – 19) pandemiyasına qarşı mübarizə bu ilin fevral ayından başlayaraq Azərbaycan səhiyyəsini də imtahana çəkdi. Gözəgörünməz düşmənlə mübarizədə onlarla həkim həyatını itirdi. Şəxsən mən o təkliflə razıyam ki, İranda olduğu kimi Azərbaycanda da infeksiyadan dünyasını dəyişən həkimlərə şəhid statusu verilsin. Vətən müharibəsinə qədər virusa yoluxma və ölüm səviyyəsini əks etdirən statistikaya görə Azərbaycanın pandemiyaya qarşı mübarizəsi az qala bütün dünyaya nümunə göstərilirdi. Təbii və başa düşüləndir ki, işğal altında olan şəhər və rayonlarımız azad edildikcə, müharibədə əldə olunan qələbənin sevincini yaşayan xalqımız müzəffər ordumuzu, Ali Baş Komandanı alqışlamaq üçün küçələrə, həmçinin şəhid övladlarının xatirəsini anmaq üçün xiyabanlara axışdı. Bu isə yoluxma sayında kəskin artımla müşayiət olundu. Amma mən elə düşünürəm ki, xalqımız və dövlətimiz gerçək vəziyyəti düzgün qiymətləndirib koronavirusdan qorunma tədbirlərinə riayət edilməsinin ciddiliyini nəzərə alacaq. Çünki artıq bu sahədə də yaxın keçmişdə topladığımız, uğurla sınaqdan çıxmış kifayət qədər təcrübəmiz vardır.

Cənnət Cənnətov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024