Mobil versiya
ŞƏRQİN MÜDRİK GÜLÜŞ USTALARI ƏZİZ MİRƏHMƏDOV YARADICILIĞINDA - 100
Tarix: 02-07-2020 | Saat: 21:00
Bölmə:Ölkə | çapa göndər

ŞƏRQİN MÜDRİK GÜLÜŞ USTALARI ƏZİZ MİRƏHMƏDOV YARADICILIĞINDA - 100




Azəarbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi ilə bağlı 28 fevral 2020-ci ildə Sərəncam imzalamışdır.
Əməkdar elm xadimi Əziz Mirəhmədov Azərbaycan ədəbiyyatı və pedaqoji fikir tarixində realizm, romantizm, satirik cərəyan, bədii fikirlə sosioloji-fəlsəfi fikrin münasibətləri, ənənə, qarşılıqlı ədəbi əlaqələr və sair kimi filoloji-pedaqoji-psixoloji mövzularla bərabər, Azərbaycan mənəvi mədəniyyəti ilə – incəsənət, dövri mətbuat, kitab tarixi, mətnşünaslıq və məxəzşünaslıqla da maraqlanmış, çox vaxt bir-biri ilə sıx bağlı, bir-birini tamamlayan bu iki predmeti sintez halında öyrənmişdir.
Əziz Mirəhmədovun (1920-2002) pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən “Sovet Azərbaycanının kitab mədəniyyəti”, “Yazıçılar, talelər, əsərlər”, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər”, “Sabir”, “Məhəmməd Hadi”, “Azərbaycan Molla Nəsrəddini” kimi monoqrafiyaları bu gün də tədqiqatçı alim və müəllimlərin stolüstü kitabıdır. Ona görə ki, Əziz Mirəhmədov bu əsərlərin içərisində bəhs olunan maarifçi bahadırları Azərbaycan, Leninqrad (Sank Peterburq), Moskva, Gürcüstan, İrəvan arxivlərindən, kütləvi və şəxsi kitabxanalardan, üzərini toz basmış qovluqlardan vərəqləyərək gün üzünə çıxarmışdır. Elmin və təhsilin inkişaf tarixini əks etdirən çoxlu sayda yeni sənədləri və mənbələri elmi dövrüyyəyə daxil etmişdir. Bununla da Əziz Mirəhmədov xalqımızın tarixinin kifayət qədər öyrənilməmiş qaranlıq səhifələrinin zəngin arxiv materialları əsasında tədqiq edilməsini və yazılmasını, yeni tarix konsepsiyasının əsaslı surətdə işlənib hazırlanmasını tədqiqatçılar, tarixçi alimlər, bütövlükdə ədəbiyyat və pedaqoji fikir tarixçiləri qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.
“Ədəbiyyatşünaslıq terminləri”, “Ədəbiyyat müntəxabatı”, “Ədəbiyyat” kimi dərs vasitləri, lüğət və proqramlar hazırlaması Əziz Mirəhmədovun vətənə, xalqa, millətə fədakar xidmətinin ən bariz nümunəsi, əsil vətəndaşlıq örnəyidir. Bütün bunlar Əziz müəllimin yaradıcılığının həyatiliyinin və həmişəyaşarlığının sübutudur.
Azərbaycan ədəbi-pedaqoji tənqidin inkişafında Əziz Mirəhmədovun xidmətləri böyükdür. Əziz müəllimin ədəbi prosesdə olan tənqidləri də istiqamətverici tənqid olmuşdur. Onun tənqidi yazıları xeyirxahlıq, tərbiyəedici, maarifləndirici və qeyd etdiyimiz kimi istiqamətverici yöndə olan tənqidlər olmuşdur. Öz tənqidi qeydləri ilə tənqid olunanın “mən”ini kiçiltməmiş, adiləşdirməmişdir. Əksinə, tənqid etdiyi “mən”i öz səviyyəsində saxlamışdır.
Əziz Mirəhmədovun fundamental tədqiqat əsərlərinin işlənmə metodikasında (“Sabir” – 1958, “Azərbaycan Molla Nəsrəddini” – 1980, “Azərbaycan ədəbiyyatına dair tədqiqlər” – 1983, “Məhəmməd Hadi” – 1985 və s.) ona məxsus borc, məsuliyyət, milli qürur, vətəndaşlıq qeyrəti, milli ləyaqəti özünə ehtiva edən xoş əməl, qayğıkeşlik, xeyirxahlıq, vicdanlılıq, insanpərvərlik kimi keyfiyyətlərin təzahürü aydın duyulur və hiss edilir. Bu da onun milli vətəndaşlıq şərəfindən və yetkinliyindən qaynaqlanmışdır. Geniş ədəbi yaradıcılıq diapozonu və fəaliyyət dairəsinə malik Əziz Mirəhmədovun əsərlərində özünü göstərən elmi-tədqiqat metodlarının təhlili göstərir ki, o, əqli imkanlarının mahiyyətini özündə əks etdirən təfəkkürün müxtəlif formalarından bəhrələnmişdir. Özü də bu metodika fasiləsizliyi, məntiqiliyi, tarixiliyi və dinamikliyi ilə oxucunun diqqətini cəlb etmişdir.
Bu cəhətdən Əziz Mirəhmədovun namizədlik dissertasiyası əsasında hazırlamış “Sabir” adlı monoqrafiyası xüsusi maraq doğurur. Kitabda Mirzə Ələkbər Sabirin mühitin təsirindən qaynaqlanan həyatı, praktik pedaqoji fəaliyyəti və ideyaları, o cümlədən Sabirin görüşlərinin digər aspektləri tədqiq və təhlil edilmişdir. Əziz Mirəhmədov Mirzə Ələkbər Sabirin millətinin maariflənməsində ana dilinin rolu, millətinin mənəvi şüurunun formalaşmasında əqli, milli əxlaqi tərbiyənin imkanları, məktəb, müəllim haqqında satirik şeirlərinin əhəmiyyətini yaradıcı təfəkkür süzgəcindən keçirmişdir. Mirəhmədov ideya və mülahizələrini satirik şairin (“Sabir realizminin ideya-bədii mənbələri və tarixi kökləri”, “Sabir və XX əsr Azərbaycan ədəbiyyatında satiranın bəzi məsələləri”, “Sabir şeirinin həyata və ədəbiyyata təsiri” və s.) və ilk dəfə tədqiqata cəlb etdiyi materiallara istinadən inandırıcı və alim məntiqinə müvafiq, dövrün reallıqları fonunda təhlil edərək ümumiləşdirmişdir. Mirzə Ələkbər Sabir yaradıcılığı və ictimai-siyasi baxışlarına yanaşma prizması birmənalı deyil, müxtəlif istiqamətli olmuşdur. Əziz Mirəhmədovun yanaşma tərzi hər cür təhrif, şəxsi və subyektiv fikirlərdən uzaq olmaqla, milli təəssübkeşliyi ifadə edən peşəkar tədqiqatçı, vətəndaş-alim mövqeyinin prinsipiallığını əks etdirmişdir.
Əziz Mirəhmədov doktorluq dissertasiyası müdafiəsini çox gecikdirmişdir. Bu gecikmə isə ziyalıların bir çoxunu çox narahat etmişdir. Belə narahatçılıq yaşayanlardan biri də xalq yazıçısı Elçin müəllim olmuşdur. Akademik Məmməd Cəfərin yaradıcılıq görüşlərini “Cəfər müəllim” adı ilə təhlil edən Elçin müəllim yazır: “O vaxt Əziz Mirəhmədov doktorluq dissertasiyasının müdafiəsini elə hey uzadırdı və yaxın adamlar hər dəfə Əziz müəllimi görəndə nə vaxt müdafiə edəcəyini soruşurdu. Mən də daxil olmaqla hamı bunu soruşurdu, təkcə Cəfər müəllimdən başqa. Əziz müəllim tez-tez bizim şöbəyə gəlirdi, Cəfər müəllimlə onun arasında... sabit bir dostluq var idi, oturub, necə deyərlər, söhbətləşirdilər, zarafatlaşırdılar və yaxşı yadimdadır, bir dəfə mən Cəfər müəllimdən soruşanda ki, nə üçün dostuna təsir etmir ki, tez müdafiə etsin, Cəfər müəllim özünə xas olan bir sakitliklə (əslində müsahibini sakitləşdirə-sakitləşdirə!) dedi: “Əziz ciddi adamdır”. Həmin üç kəlmə söz çox şey deyirdi, ən əsası isə bunu deyirdi ki, müdafiəyə nə var ki, müdafiə asan şeydir. Cəfər müəllim yaxşı bilirdi ki, dostu bəzi başqaları kimi, müdafiəni elmi ad almaq xətrinə etmir, ədəbiyyatşünaslıq elminin naminə çalışır. Yoxsa doğrudan da müdafiəyə nə var ki... (xüsusən də Əziz Mirəhmədov kimi güclü qələm sahibi üçün!” [Bax: Elçin. Klassiklər və müasirlər. Bakı: Yazıçı, 1987, səh.151].
Sabirşünas və Məmmədquluzadəşünas alim Əziz Mirəhmədov, nəhayət 1973-cü ildə “Cəlil Məmmədquluzadə və XX əsrin əvvəllərində Azərbaycan dövrü mətbuat məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin tədqiqat əsəri əsasında hazırlamış olduğu “Azərbaycan Molla Nəsrəddini” (1980) adlı sanballı monoqrafiyası “milli ədəbiyyatşünaslığımızın nadir və qiymətli nümunəsi hesab olunur”.
Əziz Mirəhmədovun müqəddimə, beş fəsil, son söz və məxəzlərdən ibarət olan “Azərbaycan Molla Nəsrəddini” sanballı monoqrafiyasına hər dəfə nəzər salsaq görəcəyik ki, müəllifin öz tədqiqatında istinad etdiyi metodika-təhlil, mühakimə, fikir və ideyalar obyektiv faktlara, təmkinli, sistemli araşdırmalara, arxiv sənədlərinə, yazılı ədəbiyyata, obyektiv yanaşma prinsipinə əsaslanmışdır. Milli təəssübkeşlik baxımından tədqiq edilən monoqrafiyanın birinci fəsli “Cəlil Məmmədquluzadə dünyagörüşünün təşəkkülü və inkişaf istiqamətləri” adlanır. İki yarımfəsildən ibarət olan bu fəsildə Mirzə Cəlilin “yeddi-səkkiz yaşında ikən Naxçıvanda Hacı Bağırın və Molla Əlinin məktəblərində oxumağa başlaması” [Bax: səh.9] və Qori müəllimlər seminariyasında oxuduğu illər [Bax: səh.12] əks etdirilmişdir. Azərbaycan, rus və avropa nümayəndələrindən Füzuli, Zakir, Seyid Əzim, Aksakov, Qriboyedov, Qoqol, Turgenev, Qonçarov, Krılov, Puşkin, Lermantov, Tolstoy, Uşinski, Piroqov, Şekspir, Pestalotsi, Conn Lokk, Komenski və digərlərinin Cəlil Məmmədquluzadənin dünyagörüşünə və gələcəkdə elmi-pedaqoji fəaliyyətinə göstərəcəyi təsir təhlil edilmişdir.
Monoqrafiyada milli mənlik şüuru və ləyaqətin yetişən nəsildə inkişaf edib formalaşmasında, müəllim və məktəbin aparıcı rolu haqqında Cəlil Məmmədquluzadənin görüşü təhlil olunmuş, ilk mənbələrdən gətirilən iqtibaslarla təsdiqlənmişdir. Milli mənlik şüuru və ləyaqət kimi əxlaqi kateqoriyalar baxımından yanaşma prinsipi elmi tədqiqat metodlarının aparıcı istiqamətlərdən olduğunu gözəl dərk edən Əziz Mirəhmədov monoqrafiyanın digər hissələrində də bu səmimi duyuma sadiq qalmışdır. Bu özünü Cəlil Məmmədquluzadənin ana dili və onun tədrisi haqqında fikirlərinin üzə çıxarılaraq təhlil edilməsində daha bariz göstərir. Çünki ana dili xalqın milli varlığı, milli şüurun inkişaf və formalaşmasında xalqın yaratdığı əvəzolunmaz incidir. Elə bu səbəbdən də Əziz Mirəhmədov əsərində Cəlil Məmmədquluzadənin ana dili və onun məktəblərdə tədrisini təxirəsalınmaz vəzifə kimi irəli sürdüyünü, bu sahədə hər cür müqavimət və maneələrə qarşı qətiyyətli mübarizəsini əsil elmi tədqiqatçıya məxsus yanaşma ilə təhlil etmişdir. Ana dili və onun tədrisinə laqeyd münasibət göstərənlərə Cəlil Məmmədquluzadənin – “Yazıda bö¬yük cürətimiz o oldu ki, açıq ana dilində yazmaqdan biz utanmadıq” [Bax: səh.243] kimi fikri ön plana çəkən Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin ana dilinin qorunub saxlanılacağına, inkişaf edib zənginləşəcəyinə nikbin baxışını diqqətdən qaçırmamışdır.
“Fırtına illərində”, “Ağır mübarizələr dövrü” kimi III və V fəsillərdə yenə də Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatına yaradıcı münasibəti, Şərqin müdrik gülüş ustası Nəsrəddin surətinin onun bədii təfəkküründə meydana çıxması və transformasiyası, bolşevizm ideyalarının satirik “Molla Nəsrəddin” jurnalı üçün əhəmiyyəti, mollanəsrəddinçilərin birinci rus inqilabı zamanı və sonra Azərbaycanda gedən ideoloji mübarizələrdə rolu və xidməti məsələlərinə Əziz Mirəhmədov tərəfindən xüsusi diqqətyetirilmişdir. Cəlil Məmmədquluzadə publisistikasının təhlili, habelə, ədibin milli dövri mətbuatın və kitab mədəniyyətinin inkişafı yolunda qızğın fəaliyyəti, “Qeyrət” mətbəə-nəşriyyatında işi haqqında bəhslər Əziz Mirəhmədov tədqiqində mərkəzi yer tutur. Monoqrafiyanın bir çox səhifələrində, “Molla Nəsrəddin”in banisi və redaktorunun öz məsləkdaşları Mirzə Ələkbər Sabir, Əbdürrəhim Bəy Haqverdiyev, Ömər Faiq Nemanzadə, Əliqulu Qəmküsar, Əli Nəzmi və başqaları ilə yaradıcılıq münasibətlərindən, nəhayət, onun sosial-estetik idealının mahiyyətindən bəhs etmişdir. Tədqiqatçı alimlər də etiraf edərlər ki, əsər zəngin ədəbi-tarixi məxəzlər əsasında yazılmışdır.
Əziz Mirəhmədov Cəlil Məmmədquluzadənin iki (1951-1954) , üç (1966-1967) və altı cildlik (1983-1985) əsərlər külliyyatını tərtib etmiş (Turan Həsənzadə ilə birlikdə), çapa hazırlamış, bu nəşrlərə müqəddimə, qeyd, izah və şərhlər yazmış, ədəbi-tənqidi və publisist irsinin çox hissəsini, məktubları, xatirələri külliyyat halına salmışdır. Təbii ki, bunlar da Əziz Mirəhmədovun çoxillik elmi fəaliyyətinin nəticəsinin bəhrəsidir. Həmçinin, Əziz Mirəhmədov “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəzi kompleks halına salan ilklərdəndir. Bu münasibətlə Əziz Mirəhmədov yazıırdı: “60-cı illərin axırlarına qədər “Molla Nəsrəddin” jurnalı kimi birinci dərəcəli əhəmiyyətə malik bir məxəz nə Bakının, nə də Tbilisi, Moskva, Leninqrad və başqa sovet şəhərlərinin arxivində tam kompklekt halında toplanılmamışdır, bu jurnalın ictimai-ədəbi təsiri, nəşri tarixi, ədəbiyyat və mətbuat tarixindəki mövqeyi haqqında çox az şey məlum idi” [Bax: Azərbaycan ədəbiyyatına dair tədqiqlər. Bakı: “Maarif”, 1983, səh.5]. On iki cilddən ibarət olan “Molla Nəsrəddin” jurnalı mətnlərinin transliteriyası, çapa hazırlanması və bu qiymətli abidənin I və II cildlərinin nəşr edilməsi Əziz Mirəhmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun adı ilə bağlı olmuşdur.
“Elmdə heç bir zaman “son nöqtə” ola bilməz” – deyən Əziz Mirəhmədovun“Azərbaycan ədəbiyyatına dair tədqiqlər” kitabı da zəngin tədqiqat materialı, arxiv sənədləri və dövri mətbuatdan götürülmüş tarixi faktlar əsasında yazılmışdır. XIX əsrin axırı, XX əsrin əvvəlində yaradılan zəngin, rəngarəng elmi-filoloji irs zəminində, uzun illərin gərgin əməyi, böyük axtarışları bahasına başa gəlmişdir. Qasım Bəy Zakir, Mirzə Fətəli Axundov, Mirzə Əli Möcüz, Üzeyir Hacıbəyov, Müslüm Moqamayev, İsmayıl Bəy Qutqaşınlı, İsa Sultan, Abdulla Şaiq və başqaları haqqında faktları, məlumatları, epistolyar materialları, bədii nümunələri Əziz Mirəhmədov ilk dəfə aşkara çıxarmış və tədqiq etmişdir.
Ədəbiyyatşünaslıq ensiklopediyasının əsas yaradıcılarından olan Əziz Mirəhmədov “Əkinçi” qəzetinin də yeni əlifba ilə nəşr edilərək geniş oxucu auditoriyasına çatdırılmasında təqdirəlayiq iş görmüşdür.
Bütün həyatını elmin inkişafına həsr edən Əziz Mirəhmədov, həmçinin, 30-dan artıq yüksəkixtisaslı alimlər kadrı hazırlayaraq elmi mühitə təqdim etmişdir.
Xalq yazıçısı Süleyman Rəhimov yazır ki, “Zəmanəmizdə kitabsız mədəniyyətdən və mədəni inqilabdan danışmaq olmaz! Kitab insan ağlının və əməyinin məhsuludur... Kitab elm və sənət abidəsidir. Böyük filosoflar, şairlər və alimlər kitabla yaşayırlar. Nizami “Xəmsə” ilə, Tolstoy “Hərb və sülh ilə”, Sabir “Hophopnamə” ilə yaşayır. Kitab olmasaydı, bəşəriyyətin böyük simaları ulduzlar kimi öz vaxtlarında parlayıb, sonra sönüb gedərdilər”. Bu gün tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədov aramızda yoxdur. Ancaq Əziz Mirəhmədovu bəşəriyyətin böyük simasına çevirən, əbədiyaşar edən əsərləri olacaqdır.

KAMAL CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə