Mobil versiya
Fatehin pişiyi
Tarix: 29-04-2020 | Saat: 11:00
Bölmə:Yazar1 | çapa göndər

Fatehin pişiyi


Şəcahan Gün


( nağıl )

Biri var idi, biri yox idi, Fateh adında bir oğlan var idi. Onun da bir şirin pişiyi var idi.
Fateh səhər duran kimi pişiyinin ətini, südünü verər, ona qulluq edərdi. Fatehin pişiyinin də balaca bir sıçan dostu var idi. Fateh pişiyinə nə versəydi, pişik də onu dostu siçanla bölüşərdi. O, bütün günü siçanın hərəkətlərinə tamaşa edər, pəncəsi ilə astaca onu tumarlayardı. Bu balaca siçan da Fatehin evinin həndəvərinə başqa siçanları yaxın buraxmazdı. Pişiyinin siçanla dostluğu Fatehin xoşuna gəlmirdi. Bir gün onun bu hərəkətlərindən bezən Fateh dedi:
-Niyə yeməklərini siçana yedizdirirsən? Mən onu sənə verirəm axı.
Pişik dedi:
- Siçan mənim dostumdur.
-Belə etmə, yoxsa səni evdən qovaram.
Bütün bunlara baxmayaraq, pişik dostu ilə münasibətlərini korlamadı, əvvəlki kimi yenə də hər şeyini onunla bölüşdü.
İşi belə görən Fateh, pişiyini evdən qovdu.
Pişik kədərli – kədərli küçələri dolaşırdı. Ac və yalavac idi. Gecələr soyuqdan tir- tir əsir, acından qarnı quruldayırdı. Hara gedəcəyini bilmirdi. Fatehin yanına da qayıtmaq istəmirdi.
Üz tutduğu yerlərdən də, başqa pişiklər onu qovurdular.
“Bizim ərazimizə gəlmə”- deyirdilər.
Axırda hər yerdən əli üzülən pişik, çox dolaşandan sonra, bir axşam utana – utana siçanın qapısını döydü:
-Fateh məni evdən qovdu.
-Gəl, əziz dostum, bizim yuvamızın qapısı həmişə sənin üzünə açıqdır.
Fatehin pişiyi içəri girdi. Siçanın balaları onu görən kimi, qorxudan qaçıb hərəsi bir deşikdə gizləndi.
Siçan dedi:
-Balalarım, qorxmayın, bu mənim dostum, Fatehin pişiyidir. Sizə gətirdiyim dadlı yeməklərin hamısını mənə o verirdi. İndi isə onun, bizim qayğımıza ehtiyacı var. Siçanın balaları sevindilər. Gizləndikləri deşikdən çıxdılar.
Siçan pişiyin qabağına yemək , su qoydu. Ona yumşaq yer düzəltdi. Pişik siçanın səliqə - səhmanına valeh olmuşdu. Yemək yeyəndən sonra, yerini rahatlayıb xeyli yuxuladı.
Səhər açıldı. Fatehin pişiyi oyandı:
-Daha mən gedim, sizi narahat etdim – dedi.
-Hara gedirsən? Sənin getməyə yerinmi var? Gəl, belə edək, Fatehə “dərs” verək. Səhfinə görə peşman olsun.
-Necə?
-Sən otur mənim yuvamda, başqa şeylərlə işin yoxdur. Sənin verdiyin yeməklərdən hələ çox var, neçə gün hamımıza çatar. Mən bilirəm nə edəcəyəm.
Siçan dostlarını çağırdı. Axşam Fateh yatandan sonra , onlar Fatehin evinə hücum etdilər. Səhər Fateh yuxudan durub gördü ki, evdə yemək qalmayıb. Bütün yeməkləri siçanlar daşıyıb. Bir gün belə, iki gün belə, axırda Fateh siçanların əlindən bezdi. Anladı ki, pişiyinin köməyinə ehtiyacı var. Həm də onun üçün çox darıxıb.
Fateh pişiyini axtarmağa başladı. Heç yerdə tapmayıb kədərləndi.
Siçan dostuna baxıb gülümsədi:
-Bir az da döz. Hələ gör Fatehin başına nə oyun açacam.
Siçan xəlvətcə Fatehin oynadığı meydançaya gəlib, orada quyu qazdı, içində də tor qurdu. Üstünü yarpaqlarla örtdü ki, Fateh burada quyu olduğunu duymasın.
Evə gəlib dostuna dedi:
-İndi gedə bilərsən. Fateh səni axtarır.
Pişik siçanın yuvasından təzəcə çölə çıxmışdı ki, Fateh onu görüb sevindi, yenidən evinə apardı, tumarladı, ət, süd verdi.
Pişik Fatehin verdiyi dadlı yeməklərdən yeyib, südünü içib, yerini rahatlayıb xor – xorla yatdı.
İndi, əziz uşaqlar, sizə kimdən deyim, kimdən deməyim, Fatehdən deyim.
Elə ki, Fateh pişiyini tapdı, daha arxayınlaşdı. Dostları ilə oynamağa getdi. Təzəcə topla oynamaq istəyirdi ki, sürüşüb quyuya düşdü. Nə qədər çalışdısa, quyudan çıxa bilmədi. Üstəlik ayaqları da tora ilişmişdi.
Fatehin dostları hələ gəlib çıxmamışdılar. O, quyuda çabalayaraq, qışqırmağa başladı.
Pişik Fatehin səsinə yuxudan ayılıb, onun yanına qaçdı. Özünü üstünə atdı. Nə görsə yaxşıdır ? Fateh quyuya düşüb, ayaqları da tora ilişib. Nə qədər çalışsa da çıxa bilmir. Pişik başa düşdü ki, bu, siçanın oyunudur. Tələsik siçanın yanına gəlib ona dedi:
-Sən nə etmisən? Tez ol, Fatehi tordan xilas et!
Siçan gülümsədi.
-İndi, gəlirəm. Qoy bir az darda qalsın, bəlkə ağlı başına gələr. Bilsin ki, vəfalı dostların qədrini bilmək lazımdır.
Siçan gəlib iti dişləri ilə toru gəmirdi. Fatehi tordan azad etdi. Köməkləşib onu quyudan çıxartdılar.
Bütün bunları görən Fateh başa düşdü ki, heç kimlə kobudluq etmək olmaz. Bir gün kiçik bildiyin birinin də, böyük köməyinə ehtiyacın ola bilər. Ona görə də hər kəsə hörmətlə yanaşmaq lazımdır.
Tanrı heç nəyi elə belə yaratmadı, nə yaratdısa, gərəkli yaratdı.
Fateh daha pişiyinin siçanla dostluğuna mane olmurdu.
Nağıl da burda bitdi. Fateh də yatmağa getdi. Göydən də yenə üç alma düşdü...




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024