Mobil versiya
Yaraşıqlı Göyçayım...
Tarix: 14-01-2019 | Saat: 15:15
Bölmə:Ölkə | çapa göndər

Yaraşıqlı Göyçayım...



Həmişə sevə-sevə dinlədiyim bu mahnı respublikamızın gözəl, füsunkar təbiəti ilə seçilən, yaraşıqlı bölgələrimizdən olan Göyçay rayonuna həsr olunub.

Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Göyçay rayonu son illər simasını demək olar ki, tamamilə dəyişmiş, abad, yaraşıqlı bir diyara çevrilmişdir.

Sahilində yerləşdiyi Göyçay çayı bu yaşayış mərkəzinə xüsusi görkəm verir, onun füsunkarlığını daha da artırır.
Təbiəti kimi insanları da məğrur, saf səmimi və mehribandırlar. Bu torpağın yetişdirdiyi tanınmış simalar Göyçayın yaraşığı, fəxridirlər. Söz -sənət adamları, xalq şairi Rəsul Rza, xalq yazıçısı Anar, xalq yazıçısı Ənvər Məmmədxanlı, şeirləri dillər əzbəri olan, qısa ömründə yazdıqları ilə klassik ədəbiyyatımızda izi və sözü qalan Əli Kərim, Emin Mahmudov, Əli Səmədli, İsgəndər Coşqun, əməkdar incəsənət xadimi İbrahim Göyçaylı, jurnalistlərdən Space radio 104 fmin baş redaktoru Əhməd Əsgər müəllim həmin o Əhməd Əsgər müəllim ki, mənim Azərbaycanda şair kimi tanınmağımda onun müstəsna xidmətləri var. Məni ilk dəfə Space radio 104 fmin verilişlərinə Əhməd müəllim çağırıb, mahnılarımı mütəmadi səsləndirib. Əhməd müəllimin yüzlərlə, minlərlə səxavətli, xeyirxah, əməlisaleh işləri ilə hamımızın yaddaşında gözəl insan kimi qalıb. Elə əsl Hacı Əhməd Əsgər müəllim kimi olar. Bu gün də Əhməd müəllim gözəl işləri ilə, gözəl layihələri ilə Space radio 104 fmdə neçə-neçə gənclərin sənət yollarında addımlamasında körpü olub, vasitəçi olub. Hər dəfə əziz Əhməd müəllimi görəndə sanki əzizimi, doğmamı görürəm. Göyçay torpağından çıxmış, Göyçay torpağından güc almış, mehriban, üzü nurlu ziyalılarımız həddən artıq çoxdu. Oturub veriliş hazırlasaq televiziyalarda verilişlərə, yazı yazsaq qəzetlərə sığmaz. Jurnalist sahəsində çox böyük nüfuza malik Kamran Həsənli, Südabə Sərvi, Sevinc İbrahimqızı, Samir Bağıroğlu, nəğməkar şair Abil İslam, Almaz Mustafayeva, Səidə Bəkirqızı da Göyçaylıdı.
Tanınmış elm xadimləri Ağaqurban Əliyev, Nüsrət Xəlilov, Əbdülhəmid Xəlilov, Sabir Əliyev, Rafiq Əzizov, Fərhad Hüseynov, Bəxtiyar Yaqubov, Səadət Kərimi, İnqilab Kərimov, Akif Süleymanov indi hal-hazırda Kənd təsərrüfatı nazirliyində çalışan Mübariz Ağayev, Sumqayıt Dövlət Dram Teatrının rəhbəri Mübariz Həmidov, Göyçaylı məşhur milyader, xeyriyyəçi insan Göyçay rayonunun abadlaşmasında misilsiz və danılmaz xidmətləri olan Fərhad Əhmədov, gözəl nəğmələri ilə sevənlərinin ürəyində taxt qurmağı bacaran Elşən Nicat və adını çəkmədiyim, lakin hörmət bəslədiyim onlarla ziyalılar və başqaları bu torpağın yetirmələridir.
Bu siyahını istənilən qədər uzatmaq da olar.

Göyçay torpağından çıxmış, Göyçay torpağından güc almış, mehriban, üzü nurlu ziyalılarımız həddən artıq çoxdu. Çünki səfalı Göyçay torpağının suyunu içən, havasını udan görkəmli şəxsiyyətlər çoxdur. Bu şəxsiyyətlər doğulduqları, boya-başa çatdıqları bölgəyə şöhrət gətirdikləri kimi, Göyçay bölgəsi də bu övladları ilə fəxr edir. Kür-Araz ovalığında məskən salmış Göyçay rayonu bir gözəllik diyarıdır. Təbii ehtiyatları, zəngin gil yataqları var.

Uca boylu, qollu-budaqlı xan çinarları isə səfalı Göyçayın şöhrətinin üstünə bir şöhrət də gətirir. Bu torpağı şöhrətləndirən həm də onun əvəzsiz meyvələri narı, heyvası, xurması, alçası, gilasıdır. Adı dillər əzbəri Göyçay narı haqqında kim eşitməyib?! Məşhur Göyçay narlarının şöhrəti isə respublikamızın hüdudlarını çoxdan aşıb, dillərdə dastan olub.

Hər il keçirilən "Nar bayramı" bu qədim diyarın artıq rəmzi simvoluna çevrilib. Bu əzəmətli bayramın iştirakçıları arasında xarici qonaqların və turistlərin sayı isə ilbəil artır.
Göyçayın bu günü gözəldir, onun sabahı isə daha işıqlı olacaq...

P.S. Göyçay rayonu haqda yazıma əslən Göyçay rayonundan olan nəğməkar şair Abil İslamın Göyçay rayonu haqda şeiri ilə bitirmək istəyirəm.



Bura Göyçaydır


Yüz illik çinarlar çıxdı qarşıma,
Toyda şabaş kimi, qışda qar kimi,
Rəmzi bir dəyanət, etibar kimi,
Qızılı yarpaqlar səpdi başıma,
Şairlər vətəni Göyçaydır bura.

Çinara baxanın papağı düşdü,
Plov qazanının qapağı düşdü,
Qonağı görərək sevindiyindən,
Erkəyi kəsənin çapağı düşdü,
Şairlər vətəni Göyçaydır bura.

Şişlər cərgələndi yenə od üstə,
Tüstü duman kimi çökdü bağlara,
Gəlsə şəfa tapar burda xəstələr,
Yesə heyva, nardan, çıxsa dağlara,
Şairlər vətəni Göyçaydır bura.

Mehman ol Göyçaya, düşəndə məqam,
Havası şəfalı, kəndi səfalı.
Dolansan dünyanı, ay Abil İslam,
Sevənə bu torpaq hər an vəfalı,
Şairlər vətəni Göyçaydır bura!

Hazırladı: Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024