Mobil versiya
Yenə Nərimanov rayonu, yenə problemlər… – ŞİKAYƏT
Tarix: 02-04-2018 | Saat: 13:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

Yenə Nərimanov rayonu, yenə problemlər… – ŞİKAYƏT


Bakının Nərimanov rayonunun bir qrup sakini virtualaz.org-un redaksiyasına şikayətlə müraciət edib.

Bir vaxtlar Maddi-Texniki Təchizat üzrə Dövlət Komitəsinin tabeliyində olmuş yataqxana binası hələ 1934-cü ildə tikilib. Onillərlə idarənin tikdiyi yaşayış binalarındakı mənzillərini gözləyən dövlət qulluqçuları burada müvəqqəti yaşayıblar.

80-ci illərin ortalarında Komitə yeni yaşayış binasının tikintisinə başlayıb, lakin bina hazır olana yaxın artıq Qarabağ müharibəsi gedirdi. Evsiz-eşiksiz qalmış qaçqın və köçkünlər bu yarımçıq tikilmiş binada məskunlaşıblar. Yeni mənzillərinə köçməyə hazırlaşan yataqxana sakinləri isə səbrlə gözləməyə başlayıblar ki, ya daha bir bina tikiləcək, ya da qaçqınlara başqa sığınacaq veriləcək.

Lakin zəmanə dəyişir, Komitə ləğv olunur, onun işçilərinə isə heç kim mənzil vermək fikrində olmur. Müvəqqəti yaşayış yeri 30 ildir ki, daimi yaşayış yerinə çevrilib. Bu illər ərzində ailələr böyüyüb, lakin hələ də bu darısqal otaqlarda yaşamaqda davam edirlər. Ən maraqlısı isə odur ki, bina artıq heç kimin deyil – indi onun vəziyyəti ilə heç kim maraqlanmır: nə təmir edən var, nə su və qaz borularını, elektrik naqillərini dəyişən. Onsuz da köhnəlmiş bina yararsız hala düşüb.

Yataqxana sakinlərinin sözlərinə görə, 31 ailə – 115 nəfər daim qorxu içində yaşayırlar ki, bir gün tavan və divarlar uçacaq.

“80-ci illərin sonlarından burada yaşayırıq. 5 mərtəbəli 2 bloklu evin bir pilləkəni artıq dağılıb. İndi yuxarı mərtəbələrə yalnız bir pilləkənlə qalxmaq olur. Borular pas atdığından, bütün mərtəbələr suyun içindədir, döşəmə çürüyüb və onun üzəri ilə yerimək təhlükəlidir. İki dəfə sakinlər yıxılaraq zədə alıblar. Zədələnənlərdən biri – yaşlı qadın dünyasını dəyişib. Ev uçulub gedir”, – sakin Rasim Abdullayev deyir.

FHN-in ekspertizasının nəticəsinə görə, ev qəza vəziyyətindədir və təmir üçün yararsızdır. Bu cavabdan sonra insanlar Nazirlər Kabinetinə, Bakı Şəhər və Nərimanov Rayon icra hakimiyyətlərinə müraciət ediblər. Lakin konkret bir cavab verən yoxdur.

“Deyirlər ki, gözləyin, bir şey fikirləşərik… Evin dəhşətli vəziyyətinə baxmayaraq, Nazirlər Kabinetinin köhnəlmiş binaların söküntüsü üzrə pilot layihəsi, nəyə görəsə, Mayakovski küçəsi, 8/9 ünvanındakı bu binadan yan keçib. Bu binaya dövlət strukturlarının diqqətini necə cəlb edək, bilmirik. Burada yaşamaq günbəgün daha da təhlükəli olur. Ailələrimiz, uşaqlarımız var”, – yataqxananın digər sakini Aslan Niruyev əlavə edir.

Təəssüf ki, saytımızın bu insanlara kömək etmək üçün maddi imkanları yetərli deyil, lakin bəlkə də bu yazı məmurları məcbur edəcək ki, həmin binaya diqqət yetirsinlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2024