Mobil versiya
Tarixi Ədalətin Bərpası və Qürur Zəfərimiz
Tarix: 25-09-2026 | Saat: 17:50
Bölmə:Siyasət | çapa göndər

Tarixi Ədalətin Bərpası və Qürur Zəfərimiz

​Tarixi inkişafın xronologiyasına nəzər saldıqda aydın görünür ki, bölgəmizdə onilliklər boyu davam edən qeyri-sabitliyin, ədalətsizliyin və faciələrin çox dərin kökləri var. Bu acı reallığın təməlində erməni ideoloqlarının və xüsusilə Daşnaksutyun partiyasının yürütdüyü, ifrat millətçilik üzərində qurulmuş siyasət dayanır. Xülya və əsassız ərazi iddialarına əsaslanan bu şovinist yanaşma təkcə xalqımıza qarşı etnik təmizləmə cinayətləri ilə nəticələnmədi, həm də bütün Cənubi Qafqazın inkişafını uzun illər əngəllədi.

​Bütün bu tarixi haqsızlıqlara və təcavüzkar siyasətə baxmayaraq, Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin məhz danışıqlar vasitəsilə həllinə çalışmışdır. 30 ilə yaxın bir dövr ərzində dövlətimiz qan tökülmədən, sülh yolu ilə ədalətin bərqərar olması üçün ardıcıl səylər göstərdi. Lakin qarşı tərəfin davamlı təxribatları, beynəlxalq hüquq normalarını kobudcasına tapdalaması sübut etdi ki, sülh danışıqları yalnız imitasiya xarakteri daşıyır və beynəlxalq hüquq qüvvə tətbiq edilmədən icra olunmur.

​Məhz bu səbəbdən, 27 sentyabr 2020-ci il tarixi xalqımızın səbri və dözümünün tükəndiyi, eyni zamanda tarixi ədalətin bərpa olunduğu dönüş nöqtəsinə çevrildi. Başlanan 44 günlük Vətən müharibəsi bizim şanlı tariximiz olmaqla yanaşı, dövlətimizin və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu gün işğaldan azad olunmuş ərazilərimizdə dalğalanan üçrəngli bayrağımız məhz qəhrəman oğullarımızın canı və qanı bahasına ucaldılmışdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəqiq ifadə etdiyi kimi: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq.” Dövlət rəhbərimiz hər zaman qazilərimizin və yaralı hərbçilərimizin fədakarlığını ən yüksək səviyyədə qiymətləndirərək bildirmişdir ki, “Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik... Biz bu Qələbəyə görə onlara borcluyuq.”

​Həqiqətən də, şəhidlər və qazilər bizim ən ali qürur mənbəyimizdir. Cənab Prezident İlham Əliyevin Anım Günündə xalqa müraciətində vurğuladığı hər bir kəlmə bu qürurun ifadəsidir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.” Onlar xalqımızın ləyaqətini və əyilməz qamətini döyüş meydanında bərpa edərək, adlarını tariximizə qızıl hərflərlə yazdırdılar.

​Bu misilsiz fədakarlığın, Vətən müharibəsində əldə olunan Qələbənin əbədiləşdirilməsi dövlətimizin əsas prioritetlərindən birinə çevrilmişdir. Məhz bu məqsədlə yeni medal və ordenlərin təsis olunması şanlı ordumuzun keçdiyi döyüş yolunun dövlət səviyyəsində rəsmiləşdirilmiş salnaməsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ” ordenləri və işğaldan azad edilmiş hər bir şəhər və rayonumuzun adı ilə bağlı təsis edilən medallar xalqımızın öz qəhrəmanlarına duyduğu sonsuz minnətdarlığın təcəssümüdür. Üzərində bu orden və medalları qürurla daşıyan hər bir vətən övladı, canını fəda edən hər bir şəhidimiz azad edilmiş torpaqlarımızda yaşayacaq yeni həyatın ən möhkəm təməlidir.

Tutu Kamal qızı
YAP Zəngilan rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-09-2026