Mobil versiya
Ermənistanın yeni silah baronu- Kumarın İrəvan səfərinin pərdəarxası
Tarix: 20-08-2026 | Saat: 14:22
Bölmə:Dünya | çapa göndər

Ermənistanın yeni silah baronu- Kumarın İrəvan səfərinin pərdəarxası


Rusiya mediasından Hindistanın müdafiə katibi Raçeş Kumar Sinqxin İrəvana iki günlük səfəri haqda sensasion iddialar


Ermənistanın Rusiya ilə hərbi bağlarını zəiflədərək yeni silah və təhlükəsizlik tərəfdaşları axtarması artıq adi silah alış-verişindən çıxaraq daha geniş hərbi-strateji əməkdaşlığa çevrilir. Musavat.com xəbər verir ki, Rusiyanın bir sıra aparıcı mediası Hindistanın müdafiə katibi Raçeş Kumar Sinqxin İrəvana iki günlük səfəri haqda belə yazır. Səfərin ən mühüm məqamı isə yeni silah müqaviləsinin elan olunması deyil. İrəvanla Dehli arasında hərbi əməkdaşlığın Baş Qərargahlar səviyyəsinə qaldırılması və müdafiə sənayesində birgə istehsala keçid niyyətinin rəsmiləşdirilməsidir. Ermənistan və Hindistanın Baş Qərargahları arasında əməkdaşlığın yeni formatını müəyyən edən sənəd mübadiləsi məhz Sinqxin Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanla görüşündə baş tutub. Bunun ardınca Sinqxin Ermənistanın yüksək texnologiyalar sənayesi naziri David Tadevosyanla görüşündə müdafiə sənayesində tədqiqat, innovasiya və birgə istehsal üzrə memorandum imzalanıb. Sənəd sadəcə hazır silahların alınmasını deyil, müdafiə texnologiyalarının hazırlanmasını, mütəxəssis mübadiləsini, startap və innovasiya layihələrini də nəzərdə tutur.
Rusiya mediası yazır ki, burada əsas məsələ Hindistanın Ermənistana hansı silahı satacağı deyil. Əsas məsələ İrəvanın öz hərbi sistemini hansı istiqamətdə yenidən qurmağa çalışmasıdır. Çünki uzun illər Ermənistan ordusunun əsas silah mənbəyi Rusiya olub. İrəvanın Moskva ilə münasibətlərinin kəskin pisləşməsindən sonra isə bu model dəyişməyə başlayıb. Ermənistan Fransa, Hindistan və digər ölkələrlə hərbi əməkdaşlığı genişləndirərək silah idxalını diversifikasiya etməyə çalışır.
Hindistan bu prosesdə xüsusi yer tutur. Çünki Dehli artıq Ermənistana yalnız kiçik həcmli hərbi məhsullar satan tərəf deyil. Son illərdə İrəvan Hindistanın “Svathi” radarları, “Pinaka” yaylım atəş sistemləri, “Akaş” hava hücumundan müdafiə sistemi və artilleriya sistemləri ilə maraqlanıb və bu istiqamətdə müqavilələr bağlayıb.
Beləliklə, Ermənistanın Hindistandan silah alması bir mərhələ idi. İndi isə tərəflər daha böyük mərhələyə – birgə müdafiə texnologiyalarının hazırlanmasına və istehsalına keçmək istəyirlər.
Rusiya media mənbələri Dehlinin İrəvana marağının yalnız kommersiya olmadığı qənaətindədir. Bildirilir ki, Hindistan son illərdə özünü qlobal silah ixracatçısı kimi təqdim etməyə çalışır. Ermənistan isə Hindistan müdafiə sənayesi üçün həm yeni bazar, həm də öz silah sistemlərinin real döyüş şəraitinə yaxın mühitdə nümayiş etdirilməsi baxımından əhəmiyyətli tərəfdaşdır. Digər tərəfdən, Hindistanın Azərbaycan və Pakistan münasibətlərinə yanaşması da bu əməkdaşlığın geosiyasi fonunu müəyyənləşdirir. Bakı ilə İslamabad arasında müdafiə sahəsində sıx əməkdaşlıq Dehlinin diqqətindən kənarda deyil. Ermənistanla hərbi münasibətlərin dərinləşdirilməsi bu baxımdan Hindistanın Cənubi Qafqazdakı mövqelərini gücləndirmək cəhdi kimi də qiymətləndirilə bilər.
Ancaq burada daha mühüm məqam olduğu vurğulanır: Ermənistanın Hindistana yaxınlaşması Rusiya ilə hərbi əlaqələrdən tam qopma siyasətinin bir hissəsidir. Ermənistan üçün əsas problem də məhz budur. Hindistan Ermənistana silah sata, texnologiya ötürə, hətta birgə istehsal layihələrində iştirak edə bilər. Lakin Hindistanın Ermənistan üçün Rusiyanın əvvəlki rolunu tam şəkildə əvəz etməsi başqa məsələdir. Bildirilir ki, çünki silah satıcısı olmaqla hərbi-siyasi müttəfiq olmaq arasında böyük fərq var.
Yeni müqavilələr Ermənistan ordusunun arsenalını dəyişə bilər. Amma ordunun idarə olunması, kəşfiyyat, hava hücumundan müdafiənin vahid sistemi, logistika, təlim və uzunmüddətli təhlükəsizlik mexanizmləri daha geniş resurs tələb edir. Məhz buna görə Baş Qərargahlar arasında yeni əməkdaşlıq formatının yaradılması xüsusilə diqqət çəkir. Bu, münasibətlərin sadəcə “silah alıram – pulunu ödəyirəm” səviyyəsində qalmadığını göstərir.
Rusiya mediası iddia edir ki, Hindistanın Rusiyanı əvəz edə biləcəyinə İrəvanda ümid edənlər ola bilər. Lakin reallıq daha mürəkkəbdir.
Rusiya Ermənistan üçün onilliklər ərzində həm əsas silah təchizatçısı, həm hərbi infrastruktur tərəfdaşı, həm də regionda təhlükəsizlik sisteminin iştirakçısı olub. Hindistanın isə Cənubi Qafqazda belə hərbi infrastrukturu yoxdur. Bu səbəbdən Ermənistanın Hindistandan aldığı hər yeni silah Moskvadan uzaqlaşmanı sürətləndirə bilər, amma avtomatik olaraq İrəvanın təhlükəsizlik problemini həll etmir. Əksinə, burada müəyyən risk də yaranır: Ermənistan bir asılılıqdan çıxarkən çoxsaylı yeni təchizatçılardan asılı olan daha mürəkkəb hərbi sistemə keçə bilər. Bildirilir ki, İrəvanın hesabı aydındır: Rusiyadan asılılığı azaltmaq, ordunu yenidən silahlandırmaq və mümkün qədər çox ölkəni Ermənistanın təhlükəsizlik sisteminə cəlb etmək. Hindistanın hesabı da aydındır: yeni silah bazarı əldə etmək, müdafiə sənayesini beynəlxalq səviyyədə tanıtmaq və Cənubi Qafqazda siyasi-hərbi təsir imkanlarını genişləndirmək. Amma Ermənistanın bu “silah qumarı”nın nəticəsi hələ məlum deyil.
Çünki məsələ yalnız neçə milyard dollarlıq silah alınacağında deyil. Əsas sual budur: Ermənistan yeni silahları hansı təhlükəsizlik strategiyasının tərkibinə yerləşdirəcək? İrəvanın Hindistanla imzaladığı son sənədlər göstərir ki, cavab artıq yalnız silah mağazasında axtarılmır. Ermənistan Hindistanı tədricən silah satıcısından hərbi-texnoloji tərəfdaşa çevirməyə çalışır. “Və məhz buna görə Kumar Sinqhin İrəvan səfərinin pərdəarxasında görünən əsas məsələ yeni raket və ya artilleriya sistemi deyil – Ermənistan ordusunun gələcək hərbi modelinin dəyişdirilməsidir...” deyə, yazılarda vurğulanır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-08-2026