Mobil versiya
"Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq" - Prezident
Tarix: 29-03-2017 | Saat: 09:44
Bölmə:Siyasət / Manşet | çapa göndər

"Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq" - Prezident



"Məni maraqlandıran odur ki, pambıqçılıqda işləyən vətəndaş hər gün evinə pul aparsın".Bunu Prezident İlham Əliyev Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: "Əlbəttə ki, pambıqçılığın inkişafı ölkəmizə əlavə gəlir gətirəcək. Ancaq istəyirəm biləsiniz, bu gəlir neftdən əldə olunan gəlirlə müqayisə edilə bilməz. Neft satışından ölkəmizə milyardlarla dollar valyuta gəlir. Bu il əgər neftin qiyməti 40 dollar səviyyəsində olarsa, - bizim büdcədə bu rəqəm nəzərdə tutulub, - ölkəmizə 5 milyard dollardan çox valyuta gələcək. Ona görə pambıqçılığın inkişafı, ilk növbədə, məşğulluğun artırılması və insanların, bu rayonlarda yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün aparılır. Ona görə biz neftdən əldə edilən vəsaiti bu sahəyə qoyuruq ki, camaat daha da yaxşı dolansın, işləsin, pul qazansın, halal zəhmətlə dolansın. Biz yaxşı pul qazanmaq üçün imkanlar yaradırıq. Ona görə pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir. Burada, əlbəttə ki, pambığı becərən gəlir qazanır. Dövlət ancaq burada maraqlıdır ki, ölkəyə daha çox valyuta gəlsin. Amma bunu yenə də neft və qazla müqayisə etmək, əlbəttə ki, düzgün olmazdı. Ona görə bu texnikanın alınması nəticəsində, əlbəttə ki, məhsuldarlıq da, məhsulun həcmi də artacaq.

Bir məsələni də qeyd etmək istəyirəm. Mənə verilən məlumata görə, keçən il təqribən pambığın 50 faizi əllə, 50 faizi isə texnika ilə yığılıbdır. Əlbəttə ki, texnika ilə yığım daha da səmərəlidir və şirkətlər üçün daha da əlverişlidir. Ancaq hesab edirəm ki, ilk növbədə, biz bu sahədə yenə də sosial amili almalıyıq. Əgər vətəndaşlar əllə yığmaq istəyəcəklərsə və daha çox insan buna cəlb olunacaqsa, şərait yaradılmalıdır ki, nə qədər mümkündürsə əllə yığsınlar. Çünki əllə yığanda pul qazanır, texnika ilə yığanda daha çox firmalar pul qazanır. Məni maraqlandıran odur ki, pambıqçılıqda işləyən vətəndaş hər gün evinə pul aparsın. Ona görə şərait yaradılmalıdır. Çünki bilirəm, keçən il bəzi yerlərdə vətəndaşlar hətta deyirdilər ki, qoy, texnika tarlalara çıxmasın, etiraz edirdilər, istəyirdilər ki, özləri yığsınlar. Burada da deyildi ki, yanvar ayında gedib yağışdan sonra açılan qozaların pambığını yığıblar. Nəyə görə? Çünki bu, gəlir gətirir. Bu il də belə olmalıdır. İmkan yaratmaq lazımdır ki, nə qədər mümkündürsə əl ilə, nə qədər mümkün deyilsə, texnika ilə yığılsın. Onda daha da ədalətli olacaqdır".

İlham Əliyev vurğulayıb ki, pambıqçılığın inkişafı, əlbəttə ki, Azərbaycanda yüngül sənayenin də inkişafına böyük təkan verəcək: "Keçən il Mingəçevirdə sənaye parkının təməli qoyuldu. Orada 9 zavod tikiləcəkdir, o cümlədən iplik zavodu. Bu ilin sonuna qədər artıq ilk zavodlar fəaliyyətə başlamalıdır. Bu da çox böyük, ciddi iqtisadi təşəbbüsdür. Bu doqquz zavodun və ümumiyyətlə, sənaye parkının fəaliyyəti nəticəsində ən azı 5 min insan işlə təmin ediləcək. Mingəçevir kimi şəhər üçün bu, çox yaxşı göstəricidir. Bilirsiniz ki, bəzi böyük şəhərlərdə işsizlik rayon yerlərindən daha da çoxdur. Ona görə Mingəçevir Sənaye Parkının yaradılması bu baxımdan da çox əhəmiyyətlidir.

Eyni zamanda, biz hazır məhsul satacağıq, mahlıc, iplik yox. Çalışmalıyıq ki, hazır məhsul, tekstil sataq, xarici bazarlarda özümüz üçün yer edək. Bir daha demək istəyirəm ki, mən bütün həmkarlarımla təmaslarda bu məsələni ön plana çəkirəm. Ticarət dövriyyəsinin və Azərbaycan məhsullarının ixracının artırılması məsələlərini qoyuram ki, bizim üçün yeni bazarlar açılsın. Ənənəvi bazarlar var və biz o bazarlarda işləyirik. Biz yeni bazarlara çıxmalıyıq. Ticarət evlərinin yaradılması bu məqsədi güdür. İndi mən qeyd etdim, bir daha bildirmək istəyirəm ki, yaxın gələcəkdə Rusiyada, Belarusda, Ukraynada, Çində, Birləşmiş Ərəb Əmirliklərində ticarət missiyalarımız fəaliyyətə başlayacaq. Hesab edirəm ki, indiki mərhələdə bu, bizim üçün əsas bazarlardır. Eyni zamanda, biz Avropa İttifaqı bazarlarına da çıxmalıyıq, daha geniş çıxmalıyıq. İndi də ixrac edirik, ancaq hesab edirəm ki, bu, lazımi səviyyədə deyil. Biz bu istiqamətdə də işləyirik".

Prezident bildirib ki, bütün bu tapşırıqları yerinə yetirmək üçün növbəti bir neçə ayda çox fəal iş aparılmalıdır: "Yerli icra orqanlarının üzərinə böyük vəzifə düşür. Keçən il də onlar qısa müddət ərzində yaxşı işlədilər. Çünki keçən il biz gecikdik, sonra hava şəraiti, yağışlar imkan vermədi. Buna baxmayaraq, keçən il üçün yaxşı məhsul götürdük. Onlar bu il də bütün işləri lazımi səviyyədə təşkil etməlidirlər. Qeyd etdiyim kimi, əmək resurslarından səmərəli istifadə olunmalıdır. Texnika ilə bağlı əminəm ki, problem olmayacaq. Texnika vaxtında tarlalara çıxarılacaq. Tədarükçü şirkətlər yerli icra orqanları ilə sıx əməkdaşlıq etməlidirlər. Bizim mərkəzi və yerli orqanlar da birgə işləməlidir. İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, "Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, yerli icra orqanlarının nümayəndələri birlikdə işləməlidirlər. Ümumi rəhbərliyi və koordinasiya məsələlərini mən Prezident Administrasiyasına tapşırıram. Keçən il də mən Prezident Administrasiyasına bu vəzifəni tapşırmışdım, onlar vəzifənin icrası ilə bağlı yaxşı işlər gördülər, bu il də belə olacaq. Əminəm ki, görülən və görüləcək bütün işlər nəticəsində bu il də pambıqçılıqda yaxşı nəticələr olacaqdır".

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024