Mobil versiya
Ulu kökdən rəqəmsal üfüqlərə: Dövrü qabaqlayan zəka
Tarix: 27-06-2026 | Saat: 09:57
Bölmə:Karusel / Özəl / Təhsil | çapa göndər

Təhsilin rəqəmsal memarı dosent İlham Əhmədovun 70 illik yubileyinə


Ulu kökdən rəqəmsal üfüqlərə:

Bəzən bir insanın ömür yolunu, onun daxili dünyasının zənginliyini anlamaq üçün təqvimdəki doğum tarixlərinə deyil, ruhunun mayalandığı, köklərinin torpağa sığındığı o ulu yurd yerinə boylanmaq gərəkdir. Çünki insan bu dünyaya gələrkən sadəcə öz taleyini yaşamır; o, mənsub olduğu soyun, ata-baba ocağının havasını, suyunu, halallığını və gen yaddaşını da özü ilə bərabər gələcəyə daşıyır.

İlham müəllimin hekayəti də məhz belə bir ulu yurdun — daşından müdriklik, havasından söz və saz sədası süzülən qədim Tovuz torpağının nəfəsi ilə başlayır. Tovuz elə bir coğrafiyadır ki, orada elmə, kitaba, düz sözə və ziyalıya olan hörmət uşaqların beşik laylasından başlayaraq qanına, canına hopur. Bu bərəkətli torpağın bağrından qopan Alakol kəndi isə sadəcə bir yaşayış məskəni deyil, Azərbaycanın intellektual xəritəsində hər zaman fərqlənən, özünəməxsus işığı olan bir maarif beşiyidir. Budur, həmin o kənddən, Alakolun o bərəkətli torpağından boy verən Əhmədovlar ocağı, zamanla bütöv bir məmləkətin elmi, pedaqoji və mətbuat mühitini isidəcək bir mənəviyyat məbədinə çevriləcəkdi.

Bu nurlu ocağın ilk böyük sütunu, İlham müəllimin atası, professor Bəşir Əhmədov idi. Bəşir müəllim kəndin o saf, təmiz nəfəsini paytaxtın ən uca akademik kürsülərinə daşıyan, amma daxilindəki o torpaq səmimiyyətini, insanlıq rəhmini və təvazökarlığını bir an belə itirməyən əsl klassik Azərbaycan ziyalısı idi. O, bu millətə təkcə dərsliklər, dilçilik nəzəriyyələri bağışlamadı; o, bütöv bir nəslə öz ana dilini sevməyin, o dilin hər bir səsinə, hər bir sözünə müqəddəs bir əmanət kimi baxmağın sirlərini, estetik gözəlliyini öyrətdi. Bəşir müəllimin auditoriyaya daxil olarkən ətrafa saçdığı o ziyalı kübarlığı, sözə olan o sarsılmaz sadiqlik bu evin ab-havasını müəyyən edən ən mühüm mənəvi dəyər idi.

Bu ailə ağacının digər bir güclü və uca qolu isə, İlham müəllimin əmisi — ölkə jurnalistikasının, mətbuat dünyasının o qorxmaz, iti, amma bir o qədər də həlim və səmimi qələm sahibi, professor Nəsir Əhmədli idi. Nəsir müəllim sözün əsl mənasında həqiqətin və saflığın səsi idi. Onun tələbələrinə bəxş etdiyi o təmənnasız müəllim sevgisi, yazılarındakı o xalq dilinin şirinliyi və publisistik kəsər Əhmədovlar şəcərəsinin genetik bir möhürü, fərqləndirici nişanəsi idi. Onun olduğu yerdə yalanın, süni rəsmiyyətin və pafosun yeri yox idi; hər şey tam səmimi, könüldən gəldiyi kimi təmiz və duru idi.

Bax, belə iki nəhəng çinarın kölgəsində, hər küncündən kitab qoxusu gələn, hər söhbəti bir elmi mühazirəyə, bir poeziya axşamına çevrilən nurlu bir ocaqda boy atdı İlham Əhmədov. O, bu ulu köklərdən sadəcə bəhrələnmədi, həm də həmin köklərin halallığını, qətiyyətini, sözə və sənətə olan sevgisini öz ruhuna hopduraraq, gələcəyə doğru ucalacaq yeni və müstəqil bir çinara çevrildi. Bu günlərdə şərəfli 70 illik ömür zirvəsinə qədəm qoyan İlham müəllim, atasının pedaqoji fədakarlığını və əmisinin publisistik cəsarətini öz fəaliyyətində birləşdirərək, həmin o köklü şəcərənin işığını yeni əsrin rəqəmsal üfüqlərinə daşıyan parlaq və uzaqgörən bir davamıdır.

Məhz, o mənəvi iqlim, evin hər küncündən gələn kitab qoxusu İlhamın uşaqlıq illərini bir nağıl dünyasına çevirmişdi. Atası Bəşir müəllimin ana dilinin incəliklərinə dair apardığı elmi mübahisələr, əmisi Nəsir müəllimin jurnalist təxəyyülündən süzülən səmimi söhbətlər bu kiçik oğlanın dünyagörüşünü addım-addım bəsləyirdi. Lakin maraqlıdır ki, bu humanitar intellektual mühitin tam mərkəzində böyüyən İlham, özünə fərqli, daha sirli və füsunkar bir dil seçdi — rəqəmlərin, məntiqin və tənliklərin dilini.

Onun riyaziyyata olan sevgisi sadəcə məktəb tapşırıqlarını yerinə yetirməkdən çox uzaq idi. O, rəqəmlərdə kainatın gizli nizamını, həndəsi fiqurlarda isə mütləq həqiqəti görürdü. Hələ Abşeron rayonunun Xırdalan qəsəbəindəki 2 saylı orta məktəbin yuxarı siniflərində oxuyarkən, daxilindəki bu riyazi təfəkkür atəşi onu o dövrün ən böyük elmi mərkəzlərindən birinə doğru çəkdi. 1970-ci illərin əvvəlləri idi... İnternetin, rəqəmsal dünyamızın hələ xəyal belə edilmədiyi bir dövrdə, 9-10-cu sinif şagirdi olan İlham, Moskva Dövlət Universitetinin (MDU) nəzdində fəaliyyət göstərən qiyabi riyaziyyat məktəbinə qəbul olundu.

Təsəvvür edin; Xırdalanda yaşayan on beş-on altı yaşlı bir gənc oğlan, hər ay Moskvadan gələn məktubları, xüsusi keysləri həyəcanla açır, orada yazılmış dərinləşdirilmiş proqramları və mürəkkəb riyazi məsələləri təkbaşına həll edirdi. O, hələ fərqində deyildi ki, poçt qutularından çıxan o tapşırıqları həll edərkən əslində öz gələcəyinin — onilliklər sonra Azərbaycanda əsasını qoyacağı distant və məsafədən təhsil fəlsəfəsinin ilk praktiki dərsini keçirdi. Bu təcrübə gənc İlhamın zəkasına sadəcə riyazi biliklər aşılamadı, həm də ona müstəqil öyrənməyin, məsafələri elmlə qısaltmağın nə qədər böyük bir güc olduğunu göstərdi.

Orta məktəbi 1973-cü ildə uğurla bitirdikdən sonra, taleyinin 44 ilini bağlayacağı doğma məkana — Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinə tələbə kimi qədəm qoydu. Ali məktəb illəri onun üçün sadəcə imtahanlardan keçmək dövrü olmadı; auditoriya divarları arasında o, öz fitri istedadını elmi fundamentlə zənginləşdirdi. 1977-ci ildə institutu fərqlənmə diplomu ilə bitirəndə, artıq hər kəs onun parlaq gələcəyindən əmin idi.
Ali təhsilli bir mütəxəssis kimi ilk addımını isə yenidən doğma Xırdalana qayıdaraq, öz məktəbində riyaziyyat müəllimi kimi atdı. Şagirdlərin qarşısına çıxıb lövhədə ilk təbaşir naxışlarını çəkəndə o, müəllimlik peşəsinin nə qədər müqəddəs və məsuliyyətli bir sənət olduğunu atasının ömründən sonra bir daha öz ruhunda hiss etdi. Lakin onun daxilindəki elmi axtarış, yeni metodlar kəşf etmək arzusu bir il sonra onu Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna (indiki Təhsil İnstitutu) elmi işçi kimi gətirdi. Budur, artıq gənc alimin akademik yolları rəsmən başlayırdı. 1981-ci ildə aspiranturaya daxil olan, araya girən hərbi xidmət borcunu mərdliklə başa vurub yenidən elminə sarılan İlham müəllim üçün növbəti böyük hədəf — Ukraynanın, Kiyevin elmi mühiti olacaqdı...

Gənc alimin elm yolları 1980-ci illərin ortalarında onu doğma Abşeron hüdudlarından uzaqlara — Ukraynanın qədim və əzəmətli paytaxtı, zəngin elmi ənənələri olan Kiyev şəhərinə apardı. O illərdə Kiyev elmi mühiti həm nəzəri dərinliyi, həm də təhsil metodologiyasında tətbiq olunan mütərəqqi yanaşmaları ilə böyük şöhrət qazanmışdı. İlham müəllim burada təhsil sistemində böyük bir dönüş nöqtəsi, mühüm bir irəliləyiş sayıla biləcək çox aktual və çətin bir mövzuya — proqramlaşdırılmış təlim ideyalarına sarıldı. Gecəli-gündüzlü axtarışların, gərgin əməyin bəhrəsi olaraq o, 1986-cı ildə Kiyevdə “Riyaziyyatın problemli-proqramlaşdırılmış təlimi (“Cəbr və analizin başlanğıcı” kursu əsasında)” mövzusunda namizədlik dissertasiyasını yüksək səviyyədə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsini qazandı. Bu, sadəcə növbəti bir dissertasiya müdafiəsi deyildi; bu, gələcəyin rəqəmsal təhsil fəlsəfəsinin, alqoritmlərin və texnologiyaların tədrisə inteqrasiyasının Azərbaycandakı ilk elmi bünövrəsi, fundamental addımı idi.

Bakıya qayıdan gənc və iddialı alim doğma məkanda — ADPU-da böyük bir enerji ilə fəaliyyətə başladı. 1986-1991-ci illərdə “Riyaziyyatın tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim kimi çalışan İlham Əhmədov, elmi mühitdəki o qaynar və təşkilatçı enerjisi ilə tezliklə seçildi. Təsadüfi deyil ki, o, 1988-1993-cü illərdə ADPU Gənc Alimlər Şurasının sədri missiyasını da öz çiyinlərinə götürərək gənclərin elmi potensialını vahid bir məqsəd ətrafında birləşdirdi. Artıq 1991/1992-ci illərin astanasında o, gənc yaşda dosent vəzifəsinə ucalmışdı və qarşıda onu ömrünün bəlkə də ən böyük sınaqlarından, eyni zamanda unudulmaz tarixi uğurlarından biri gözləyirdi.

1992-ci ilin gərgin, dəyişikliklərlə dolu günləri idi. Müstəqilliyini yenicə qazananan Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının qəfildən, tamamilə fərqli bir metodla — test üsulu ilə aparılması barədə tarixi qərar qəbul edildi. Bu yenilik ölkənin pedaqoji ictimaiyyəti, müəllimlər, ən əsası isə günlərlə dərsliklərin üzərində gecələyən abituriyentlər və nigaran valideynlər üçün tam bir şok effekti yaratdı, sanki cəmiyyətdə böyük bir çaşqınlıq dalğası baş qaldırdı. O vaxt respublikada test sistemi haqqında, kompüter vasitəsilə biliyin qiymətləndirilməsi barədə yetərli məlumata malik adamların sayı barmaqla sayılacaq qədər az idi. İnsanların qorxu və gərginlik içində qaldığı həmin ərəfədə İlham müəllimin daxilindəki o qətiyyətli novator ruh və kəskin zəka öz sözünü dedi.

O, ADPU-da bir qrup fədakar həmkarını ətrafına toplayaraq zamanla yarışan, bəlkə də kənardan imkansız görünən böyük bir missiyanın təməlini qoydu. Cəmi 20 gün ərzində — bəli, gecəni gündüzə qataraq cəmi iyirmicə günün içində “Abituriyentlər üçün elektron test sınaq imtahanları sistemi”ni və onunla paralel olaraq “Abituriyentlərin peşəyönümü üzrə elektron test psixodiaqnostik sisteminin yaradılması” layihəsini hazırlayıb tam hazır vəziyyətə gətirdi. Cəmiyyətdəki o gərginlikdən cəmi üç həftə sonra yüzlərlə gənc abituriyent ADPU-ya gələrək ilk dəfə kompüter qarşısına əyləşir, test nümunələrini görür, öz biliyini sınayır və test imtahanı ilə bağlı yaranmış o dərin psixoloji qorxunu, gərginliyi qismən də olsa üzərlərindən ata bilirdilər. Bu, sadəcə elmi bir layihə deyil, gənclərin ümidini qoruyan mənəvi bir xilaskarlıq missiyası idi.

Bu tarixi uğurun dalğasında İlham müəllim universitet mühitində daha böyük, daha uzaqgörən struktur islahatlarının vacibliyini dərk etdi. Nazirlər Kabinetinin universitetlərdə elm-təhsil yönümlü kiçik müəssisələrin və firmaların yaradılması, habelə ali məktəblərdə iqtisadiyyat üzrə prorektor vəzifələrinin təsis olunması barədə qəbul etdiyi qərardan bəhrələnərək, o, ADPU-da ölkənin ilk fərqli strukturunu — “Ziya-İ” (Ziya-1) elm-istehsalat kiçik müəssisəsini qurdu. Universitet dosentliyi ilə paralel olaraq rektorun əmri ilə bu firmanın direktoru vəzifəsini daşıyan İlham müəllim, “Ziya-İ”ni ölkəmizdə qurulan ilk universitet firmalarından biri etməklə yanaşı, həm də onu 10 ildən artıq (1992-2005-ci illər) yaşadaraq ən uzunömürlüsü və ən faydalısı kimi tarixə yazdı.

Bu firma fəaliyyət göstərdiyi o keşməkeşli illərdə təhsil sahəsində bir çox innovasiyaların yaradıcısı oldu, dünyadakı mütərəqqi distant təhsil və rəqəmsal qiymətləndirmə texnologiyalarını ilk dəfə ölkəmizə transfer edə bildi. Təhsil sahəsindəki bu fəaliyyət əslində ayrıca bir yazının mövzusudur. Təəssüf ki, o illərdə universitetlərimizdə İlham müəllimin böyük fədakarlıqla başlatdığı bu lazımlı və vizyoner iş sonralar sistemli şəkildə davam etdirilmədi, dayandırıldı. Halbuki, elmtutumlu bu innovasion firmaların, kiçik müəssisələrin universitetlərin bağrında fəaliyyət göstərməsi bu gün can atdığımız müasir startapların, elmi nəticələrin kommersiyalaşdırılmasının ən mükəmməl poliqonu ola bilərdi. Universitetlərimizə müstəqil pul qazanmaq üçün əlavə və geniş imkanlar açardı. Lakin zaman sübut etdi ki, İlham müəllimin o illərdə təkbaşına müdafiə etdiyi və həyata keçirdiyi o ideyalar bu gün müasir təhsilimizin ana hədəfləridir.

İlham müəllimin bu gün təhsil gündəmində hiss olunan o sarsılmaz uzaqgörənliyi, zamanın nəbzini tutmaq və prosesləri hər kəsdən öncə hiss etmək bacarığı sadəcə keçmişin bir xatirəsi deyil, onun canlı fəaliyyətinin ana xəttidir. Onun elmi təxəyyülü hər zaman dövrünün onilliklər, bəlkə də qərinələr sonrakı mənzərəsini elə bu günün reallığı kimi rəndələyir. Təsəvvür edin, hələ 1985-ci ildə — texnoloji inqilabın, fərdi kompüterlərin həyatımıza kütləvi şəkildə daxil olmadığı bir dövrdə, onun "Azərbaycan məktəbi" jurnalında işıq üzü görən məqaləsi pedaqoji mətbuatımızda ilk dəfə "distant təhsil" anlayışını doğurdu. Bu, sıradan bir terminologiya seçimi deyil, gələcəyi öncədən görən və cəmiyyəti bu gün yaşamaqda olduğumuz rəqəmsal üfüqlərə hazırlayan bir zəkanın manifesti idi. Alim sanki qırx il sonranın dünyasını görür və milli təhsilin xilas yolunu məhz bu şəbəkələşmədə axtarırdı.

Bu böyük eşq və qətiyyət İlham müəllimi 2001-ci ildə ölkəmizdə, o vaxtkı ADİU-da (hazırkı UNEC) keçirilən ilk distant təhsil beynəlxalq konfransının baş qəhrəmanına çevirdi. O, burada etdiyi iki fundamental məruzə və dərc etdirdiyi ilk iki məqalə ilə bu sahənin sadəcə bir nəzəriyyə olmadığını, proqramlaşdırılmış təlim ideyalarının müasir İKT vasitələri ilə necə yeni bir möcüzə yarada biləcəyini canlı şəkildə göstərdi. Bu fədakarlıq tezliklə bəhrəsini verdi; 2005-ci ildə Təhsil Nazirliyinin Dünya Bankı ilə müştərək böyük layihəsində o, məhz "Distant təhsil" üzrə milli məsləhətçi kürsüsünə dəvət olunudu və ölkəmizin gələcək təhsil xəritəsini müəyyən edən "Azərbaycan Respublikasında distant təhsilin yaradılması və inkişafı strategiyası" sənədini təkbaşına hazırlayıb təqdim etdi.
Onun inadkar və yorulmaz mübarizəsi 2007-ci ildə təhsil sistemimizdə daha bir köklü, bu gün də bəhrəsini gördüyümüz bir islahatın doğulması ilə nəticələndi. İlham müəllimin israrlı təklifləri və əsaslandırılmış konsepsiyaları sayəsində bu gün respublikanın bütün pedaqoji ali və orta ixtisas məktəblərində mütləq fənn kimi keçilən "Təhsildə İKT" kursu rəsmi tədris planlarına daxil edildi. Nazirliyin bu fənn üzrə ilk proqramın tərtibini ona həvalə etməsi də təsadüfi deyildi; o, çox qısa bir zamanda mükəmməl bir yol xəritəsi hazırlayaraq gələcəyin müəllimlərinin texnoloji savadlılığının bünövrəsini qoydu.

İlham müəllim heç zaman sadəcə bir ideya adamı olaraq qalmadı, o həm də rəqəmsal strukturlar quran, platformalar yaradan əsl memar kimi fəaliyyət göstərir. Uzun illər doğma ADPU-nun “Kompüter Mərkəzi”nə, ardınca “İKT, Monitorinq və Qiymətləndirmə Mərkəzi”nə, eləcə də “İKT Mərkəzi”nə böyük peşəkarlıqla rəhbərlik edərkən, universitetin böyük Elmi Şurasının, Elmi-Metodik Şurasının və dissertasiya müdafiə şurasının üzvü, həmçinin şuranın elmi katibi kimi ali məktəb idarəçiliyinin rəqəmsal əsaslarını formalaşdırdı. Onun 2008-ci ildə əsasını qoyduğu və bu gün də müəllimlər üçün mühüm istinad mənbəyinə çevrilən "Təhsildə İKT" elmi-metodik jurnalı sonrakı 12 ildə sistematik nəşr olundu, rəqəmsal pedaqogikanın işığını ölkənin hər bir küncünə yaydı. Həmin illərdə onun uğurla rəhbərlik etdiyi "VTS TEST" elektron imtahan sisteminin yaradılması layihəsi ali təhsildə şəffaflığın ilk böyük dalğası oldu və buna görə universitetin pul mükafatına layiq görüldü. Eyni zamanda "ADPU-universitetin informasiya-təhsil portalı" layihəsinə də rəhbərlik edərək universitet mühitini rəqəmsallaşdırdı.

Onun daxili enerjisi və elmi nüfuzu zamanla ölkə hüdudlarını aşaraq qlobal miqyasda rezonans doğurdu və bu nüfuz bu gün də beynəlxalq miqyasda keçərlidir. 2011-2013-cü illərdə UNESCO-nun Moskvadakı “Təhsildə İKT” İnstitutunun Azərbaycan üzrə eksperti kimi beynəlxalq konfranslarda, Moskva və Sankt-Peterburq kürsülərində ölkəmizi beş dəfə böyük məruzələrlə təmsil etdi. Təhsilin İnkişafı Beynəlxalq Fondunun xətti ilə Qazaxıstanın Pavlodar Dövlət Universiteti professor-müəllim heyəti və magistrlərinə innovasion universitetlər, universitetin informatlaşması, smart təhsil və universitetlərin strateji idarəedilməsi barədə silsilə mühazirələr oxuyanda, həmçinin 2010-2017-ci illərdə Türkiyənin Anadolu Universitetinin, Rusiyanın Müasir Humanitar Akademiya və "Sinergiya" universitetlərinin distant təhsil bölümünün Azərbaycan proqramlarında elmi məsləhətçi kimi fəaliyyət göstərəndə o, həm də doğma vətəninin intellektual gücünü nümayiş etdirirdi.

Lakin İlham müəllimi yaxından tanıyan hər kəs bilir ki, onun ən böyük sevgisi, ürək döyüntüsü vətəndaş cəmiyyətinin, xüsusən də gənc nəslin taleyi ilə bağlıdır. Otuzdan çox irihəcmli sosial, təhsil və İKT layihəsinin altında onun imzası, onun gərgin və canlı əməyi dayanır. 1992-ci ildə reallaşdırdığı elektron test sınaq və psixodiaqnostik sistemlərdən, 2003-cü ildə ƏƏSMN və BMT İnkişaf Proqramı ilə birgə qurulan "TUSİ-PROFİ" elektron peşəseçmə sistemindən tutmuş, "AMEA Elm-İnnovasiya Mərkəzi Portalının yaradılması" (2010), Gənclər Fondunun qrantı ilə "Gənc Ailə Akademiyası" Portalı (2013-2014) və QHT Şurasının qrantı ilə "Gənc seçici" Portalı (2015) layihələrinə qədər hər bir işdə onun cəmiyyətə olan mənəvi borc hissi duyulurdu. Həmçinin 2016-cı ildə Strateji Yol Xəritəsində "İnsan kapitalının inkişaf etdirilməsi" hədəfinin təşviqi layihəsinin, 2017-ci ildə "Gənclərin İT yönümlü peşələrə istiqamətləndirilməsi" və 2018-ci ildə "Təhsil müəssisələrində Dayanaqlı İnkişaf Məqsədlərinin təbliği" kimi layihələrdə ekspert olmuşdur.

O, bu gün də eyni qaynar enerji ilə fəaliyyətdədir; hətta yetmiş yaşın tamamında belə bir an belə dincəlmir. 2022-ci ildə məktəblərdə “Gələcəyin peşələri”, “İnternat tipli məktəblərin aztəminatlı ailələrdən olan şagirdləri ilə peşəyönümü tədbirlərinin təşkili”, “Uşaqların “soft skills” – təməl bacarıqları ilə tanış edilməsi”, “Məktəblilərin açıq təhsil resurslarından (OER) istifadəyə hazırlanması tədbirləri” eləcə də böyük önəm daşıyan “Şuşa rayonunun demoqrafik, sosial-iqtisadi inkişaf vəziyyəti və prespektivləri” layihəsində ekspert kimi fəaliyyət göstərmişdir.
Elmə və innovasiyaya olan sönməz marağı onu 2023-cü ildə “KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi” məqsədi ilə KOBİA-nın fərdi qrantını qazanmağa, daha sonra "Milli universitetlərimizin tədqiqat və innovativ fəaliyyət modelinin tədqiqi" (2023), "Universitetlərin rəqabət qabiliyyəti mövzusunda maarifləndirici dəyirmi masaların təşkili" (2024), "Təhsildə İnnovativ Yanaşmaların Təbliği" (2025) və nəhayət, "Ali təhsilin rəqəmsal transformasiyası mövzusunda universitetlərdə müzakirələrin təşkili" (2025) kimi aktual layihələrə rəhbərlik etmişdir. Bu mühüm ictimai missiyanı yaşatmaq üçün isə o, 2016-cı ildə "Peşəyönümlü Təhsilin İnkişafına Yardım" İctimai Birliyinin həmtəsisçisi və sədri kimi yorulmadan fəaliyyətini davam etdirir.

Bu illər ərzində İlham müəllim xaricidə təşkil edilən onlarla beynəlxalq konfranslarda plenar məruzəçi olmuşdur. Son 3 ildə 8 dəfə beynəlxalq konfransda, o cümlədən 3 dəfə RF “Qroznıy Dövlət Neft və Texnologiya Universiteti” ndə keçirilən “Təhsilin gələcəyi” adlı beynəlxalq konfransın plenar məruzəçi olmuşdur.

Son illərdə “UNEC Biznes Məktəbi”ndə ("Ali təhsilin idarə edilməsi" ixtisası üzrə) 3 yeni fənn tədris etmiş, UNEC və ADA Universitetində təhsil problemlərinə dair bir neçə magistr dissertasiyasına rəhbərlik etmişdir. Eyni zamanda 5 nəfər doktorantın elmi rəhbəridir. 150-dən çox elmi məqalənin, o cümlədən "Azərbaycan Məktəbi" və "Təhsildə İKT" jurnallarının redaksiya heyətinin üzvüdür. Pandemiya dövründə cəmiyyəti silkələyən rəqəmsal təhsil sınaqlarında yazdığı onlarla analitik və konstruktiv-tənqidi məqaləsi ilə təhsil gündəmini idarə edib. Onun 15 il əvvəl irəli sürdüyü Azərbaycan və Türkiyə universitetlərinin İKT bazasında vahid bir şəbəkədə birləşməsini nəzərdə tutan "Virtual Turan Universiteti" konsepsiyası, son bir ildə irəli sürdüyü “Türk Dövlətlərinin rəqəmsal inteqrasiyası zərurəti”, “Türk Dövlətlərinin platforma universiteti” ideyasına dair məqalələri elmi dairələrdə diqqət cəlb edib.

Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təltif edildiyi “Tərəqqi” medalı və “Qabaqcıl təhsil işçisi” döş nişanı onun fədakarlığına verilən dövlət qiymətidir. Lakin onun üçün ən böyük canlı mükafat — atasından və əmisindən miras qalan o unudulmaz ziyalı səmimiyyəti, bu gün də təhsil eksperti kimi sözünün cəmiyyətdəki kəsəri, tələbələrinin və dostlarının qəlbində qurduğu sarsılmaz sevgi taxtıdır.

Sabah — iyunun 28-də təqvimlər bu gözəl insanın şərəfli 70 illik yubileyini müjdələyəndə, biz sadəcə keçmişi vərəqləyən bir alimi təbrik etməyəcəyik. Biz bu gün də proseslərin önündə gedən, qanında Tovuz torpağının sarsılmaz mərdliyini, ruhunda atasının elmi kübarlığını və nəfəsində gələcəyin rəqəmsal dünyasını daşıyan, millətinin sabahı üçün ürəyi hər an qaynar gənclik həvəsi ilə döyünən əsl fəal Azərbaycan çinarını salamlayacağıq.

Mübarək 70 yaşınız qutlu olsun, nurlu ziyalı ömrünüz, könül oxşayan işığınız hər zaman təhsilimizin yoluna nur saçsın, bu gün də, sabah da bizimlə olan dəyərli İlham müəllim!

P.S. Əziz və dəyərli oxucular, bəlkə də bu yazı kiməsə bir az geniş, sətirləri çox görünə bilər. Amma bütöv bir ömrü nəhəng bir dastana sığmayan, həyatını milli təhsilimizin sabahına fəda etmiş belə uzaqgörən bir alimin haqqında qısa yazmaq, onun fəaliyyətinin, həyatının hansısa bir parçasını ixtisar etmək mənim yaradıcılıq dünyama, yazı məramıma büsbütün yaddır. İnanıram ki, hər sətirində böyük bir ehtiram, dostluq və doğmalıq gizlənən bu genişliyi siz də eyni səmimiyyət və könül xoşluğu ilə qarşılayacaqsınız.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-06-2026