Mobil versiya
Ermənistan "Skad" raketlərini Qarabağda "döyüş hazırlığı" vəziyyətinə gətirdi - FOTO
Tarix: 05-03-2017 | Saat: 12:04
Bölmə:Siyasət | çapa göndər

Ermənistan "Skad" raketlərini Qarabağda "döyüş hazırlığı" vəziyyətinə gətirdi - FOTO




Ermənistan Müdafiə Nazirliyi özünün YouTube kanalında Qarabağda son günlər vəziyyətin kəskinləşməsinə həsr olunmuş təbliğat roliki yerləşdirib.

AIA.Az virtualaz.org-a istinadən xəbər verir ki, həmin videorolikdə aprelin üçüncü ongünlüyündə təmas xəttində baş vermiş atışmalar zamanı Ermənistanın Dağlıq Qarabağda yerləşdirilmiş "Skad" raketlərini (R-17 9K72 "Elburs") "döyüş hazırlığı" vəziyyətinə gətirməsindən də bəhs olunur. Və iddia edilir ki, köhnəlmiş olsa da "kifayət qədər yaxşı vəziyyətdə" qalmış bu raketlərlə Azərbaycanın "istənilən abad yaşayış məntəqəsini darmadağın etmək" mümkün olarmış. Bu, Serj Sərkisyanın leksikonudur, hansı ki, o, bir müddət əvvəl "Skad" raketlərini nəzərdə tutaraq "Azərbaycanın istənilən abad şəhərini Ağdama çevirmək" barədə hədə-qorxu gəlmişdi.

Əslində, ucuz təbliğat tryuku olan bu videokadrlarda "Skad" raketini daşıyan maşının guya döyüş mövqeyinə çıxarılması və raketin start vəziyyətinə gətirilməsi, hərbçilərin onu hansısa hədəfə tuşladığı əks olunur.

Bu raketlərin Ermənistanda olduğu və onların bir neçəsinin işğal altındakı Azərbaycan ərazilərində yerləşdirildiyi çoxdan məlumdur. Lakin "Skad" raketləri çoxdan ciddi silah hesab edilmir və bu raketləri buraxan zavod onların istismar müddətinin hələ 10-12 il bundan əvvəl bitdiyni göstərir. O zaman Ermənistan "Skad" raketləri ilə kimi qorxutmaq istəyir?



Ötən əsrin 60-cı illərində istehsal edilən və maye yanacaqla işlədiyinə görə sovet hərbçiləri arasında "kerosinka" adı alan, NATO klassifikasiyasında isə "Skud" adlandırılan birpilləli R-17 raketləri, əslində, məşhurdur. Lakin döyüş göstəricilərinə görə yox, hədəfdən kobud yayınmasına, bir çox hallarda heç hədəfə qədər gedib çatmayıb "yolun yarısında" düşdüyünə, yaxud, ümumiyyətlə, işə düşməməsinə görə.

"Skad" raketlərinin yaxın keçmişdə baş vermiş hərbi münaqişələrdə döyüş tətbiqinə dair bəzi məlumatlara nəzər salanda Ermənistan Müdafiə Nazirliyinin bir neçə belə raketlə "Azərbaycanın abad yaşayış məntəqələrini darmadağın etmək" xəyallarının nə dərəcədə gülünc göründüyü dərhal görünərdi. Məlum olduğu kimi SSRİ ötən əsrin 60-cı illərində, əsasən, nüvə başlığı daşımaq üçün nəzərdə tutulan bu raketlərin qeyri-nüvə variantını Yaxın Şərq ölkələrinə və Varşava blokuna daxil olan ölkələrə də vermişdi.

Nəticədə 1973-cü ilin "Qiyamət günü" kimi tanınan ərəb-israil müharibəsi zamanı Misir İsrailə qarşı onlarla belə raket tətbiq edib. Lakin bu raketlərin böyük əksəriyyəti hədəfə heç yaxın da getməyib və İsrail şəhərlərinə, bu ölkənin hərbi infrastrukturuna, demək olar, ziyan vurmayıb. "Qiyamət günü" müharibəsinin necə başa çatdığı isə hamıya məlumdur.

1980-1988-ci illərdə gedən İran-İraq müharibəsi zamanı hər iki tərəf 600-dan çox "Skad" raketi və onun modifikasiyalarını tətbiq edib. Sovet ordusunun Əfqanıstanda tətbiq etdiyi "Skad" raketlərinin sayı 2000-dən çox olub. Bu raketlər, əsasən, mücahidlərin cəmləşdiyi qışlaqlara, yəni bir neçə daxmadan ibarət kiçik yaşayış məskənlərinə qarşı tətbiq olunurdu.



Nəhayət, 1991-ci ilin Körfəz müharibəsi zamanı Səddam Hüseynin ordusu bu raketlərlə İsraili və Səudiyyə Ərəbistanını atəşə tutub. İsrailə azı 40, Səudiyyə Ərəbistanına isə 100-ə yaxın "Skad" raketi atılıb. Bəs nəticə necə olub? İsrailə buraxılan raketlərin üçdə ikisi hədəfdən kəskin yayınaraq tuşlandığı yaşayış məntəqələrinə deyil, onlardan xeyli kənara düşüb. Səddamın buraxdığı 40-dan çox "Skad" raketindən İsraildə cəmi 2 nəfər həlak olub, 11 nəfər yaralanıb. Səudiyyə Ərəbistanına buraxılan raketlərin böyük əksəriyyəti ya hədəfə gedib çatmayıb, ya hədəfdən kəskin yayınıb. Səddamın raketlərindən təkcə biri hədəfə dəyibn - Dhar şəhərində yerləşən Amerika hərbi kazarmasına düşən "Skad" raketi 28 əsgərin ölümünə səbəb olub.

Raketlər 1994-cü ildə Yəməndə gedən vətəndaş müharibəsində də tətbiq olunub və ciddi nəticələrlə yadda qalmayıb. Nəhayət, Rusiya ordusu bu raketlərin sonuncu döyüş tətbiqini Çeçenistanda həyata keçirib. Ondan sonra raketlər silahlanmadan çıxarılıb və yararsız kimi ləğv edilib. 1988-ci ildə istehsalçı müəssisə - Votkinsk zavodu "Skad" raketlərinin istehsalını dayandırıb. Konveyrdən çıxan sonuncu raketlərin istismar müddəti 2010-cu ildə bitmiş sayılır.

Bununla belə "Skad" raketləri hələ də bir neçə ölkənin (Suriya, Yəmən, Liviya, İran, Vyetnam, Şimali Koreya, Misir, Türkmənistan, Ermənistan) silahlanmasında qalır. Rusiya hərbi mənbələrində yer alan informasiyalara görə, Ermənistanın silahlanmasında "Skad" raketinin 8 buraxılış qurğusu (iki diviziyon) və cəmi 32 raket mövcuddur. Həmin diviziyonlardan biri Dağlıq Qarabağda yerləşdirilib. Vaxtilə Varşava blokuna üzv olmuş Şərqi Avropa ölkələri isə bu raketləri çoxdan silahlanmadan çıxarıb utilizasiya ediblər.



Beləliklə, Səddamın 100 "Skad" raketindən cəmi birinin hədəfə yaxın getdiyini bilə-bilə lovğalanmaq baxımından ondan geri qalmayan Serj Sarkisyan istismar müddəti çoxdan keçmiş 32 raketlə "Azərbaycanı yerlə bir etmək"dən bəhs edir.

Bundan əvvəl Ermənistanda "İsgəndər" raketləri ilə qorxutmağa çalışırdılar, lakin, deyəsən, Azərbaycanın İsraildən "Dəmir günbəz" və "Barak-8" raketdən müdafiə sistemlərini aldığını eşidəndən sonra həmin raketlərin "yüz faiz hədəfə dəyəcəyi" barədə lovğalığın dozasını azaldıblar.

İndi isə Azərbaycanın raket və hava hücumundan müdafiə imkanları haqda. Məlum olduğu kimi Azərbaycan Rusiya istehsalı olan S-300 PMU "Favorit", "Buk-M", "Osa" və digər zenit-raket sistemlərinə, İsraildən alınan və dünyanın ən güclü raketdən müdafiə sistemlərindən hesab olunan "Barak-8"ə malikdir. Əgər Ermənistan həmin sınıq-salxaq "Skad"ları işə salmağa qərar versə, bu sistemlərdən istənilən biri onu zərərsizləşdirmək imkanındadır. Lakin "Skad"lara"qarşı S-300 PMU "Favorit" və ya "Barak-8"ləri tətbiq etməyə dəyməz. Bunun üçün "Buk-M" və ya "Osa" da kifayət edər, bir şərtlə ki, radarlar həmin raketlərin hansısa yaşayış məntəqəsinə doğru uçduğunu, yəni kursdan yayınmadığını qeydə alsın. Bir müddət əvvəl Azərbaycanın Hava Hücumundan Müdafiə qüvvələrinin komandanlığı bildirmişdi ki, silahlı qüvvələrimiz Ermənistanın "Skad"larını start vəziyyətində belə vurmaq imkanındadır.

Azərbaycanın hava-raket hücumlardan müdafiə imkanları, şübhəsiz ki, buna imkan verir. Ancaq belə görünür ki, Ermənistanda bir neçə sınıq-salxaq "Skad" raketləri və "İsgəndər" raketlərinin köhnə modifikasiyası ilə lovğalanmaq tendensiyasını nəzərə alaraq Azərbaycan öz raket arsenalını yüksək dağıdıcı gücə malik, hədəfi dəqiq vuran ballistik raketlərlə genişləndirməlidir. Məlum olduğu kimi bu istiqamətdə işlər xeyli vaxtdır gedir. Azərbaycanın 300-500 km mənzilli, hədəfi dəqiq vuran ballistik raketlərə malik olması Ermənistanı "İsgəndər"ləri və ya "Skad"ları işə salmazdan əvvəl azı iki dəfə düşünməyə məcbur edən səbəblərdən biri olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-12-2024