Mobil versiya
Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq baxımından yüksələn xəttlə inkişaf edir
Tarix: 21-10-2025 | Saat: 16:24
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq baxımından yüksələn xəttlə inkişaf edir

18 oktyabr 2025-ci il Müstəqilliyimizin Bərpası Günündə Möhtərəm cənab Prezident İlham Əliyev “Kazinform” agentliyinə müsahibə vermişdir. Müsahibə Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında son dövrlərdə inkişaf edən çoxtərəfli münasibətlərin, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ekologiya, mədəniyyət və sosial sahələrdə kompleks inkişafın mühüm strateji istiqamətlərini aydın şəkildə ifadə etməklə yanaşı, həmçinin bu münasibətlərin iki qardaş ölkə arasında qarşılıqlı etimada və strateji tərəfdaşlığa əsaslandığını nümayiş edir.
Cənab Prezidentin söylədiyi fikirlər bir daha göstərir ki, ölkələrimiz arasında mövcud olan münasibətlər artıq diplomatik səviyyədən yüksələrək türk birliyinə və qarşılıqlı inam və etimada əsaslanan çoxvektorlu strateji tərəfdaşlığa söykənir. Prezident İlham Əliyev ilk növbədə qeyd edir ki, iki ölkə arasındakı siyasi əlaqələr hazırda ən yüksək səviyyədədir və bu əlaqələrin bünövrəsi yalnız son illərdəki diplomatik münasibətlərin inkişafı ilə bağlı deyil, bu həmçinin, onilliklər ərzində formalaşmış tarixi qardaşlıq, türkçülük, bənzər mənəvi dəyərlər və sosial-mədəni ənənələrə söykənir. Bu təməllər üzərində qurulmuş əsl strateji tərəfdaşlıq və iki ölkə arasında müttəfiqlik münasibətlərinin yaradılmasına səbəb olmuşdur. Məhz bu qarşılıqlı etimad şəraiti dövlətlərarası əlaqələrin bütün səviyyələrdə, siyasi, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində inkişafına davamlı olaraq təminat verir.
Müsahibədə dövlət başçımız vurğulayır ki, son illərdə ölkələrimiz arasında strateji yaxınlığın bariz nümunəsi kimi liderlərin öz aralarında apardıqları fəal və konstruktiv danışıqlar dayanır. Belə ki, ölkə başçılarının təkcə, son üç ildə 13 dəfə görüşməsi qarşılıqlı səmərəli səfərlərin iki ölkə arasındakı münasibətlərin intensivliyinə və strateji xarakterinə müsbər təsirinin göstəricisidir. Bu görüşlər aktual problemlərin məqsədli və çevik şəkildə həll olunmasına, ortaq mövqelərin formalaşdırılmasına və gələcək əməkdaşlığa xidmət edir. Məsələn, humanitar sahədə əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisi Qazaxıstanın Azərbaycana mənəvi köməyinin rəmzi kimi qiymətləndirilir. Bu mərkəz sosial-mədəni layihə olmaqla bərabər, özündə tərəfdaşlığın dərin humanitar çalarlarını əks etdirir və məskunlaşan onlarla uşağın təhsil alması üçün yeni imkanlar yaradacaqdır.
Məlumdur ki, hazırkı dövrə qədər Qazaxıstanın kapitalı ilə Azərbaycanda 250-yə yaxın kommersiya qurumu qeydiyyatdan keçib. Bu bir iqtisadi göstərici olmaqla bərəbər, ölkəmizin etibarlı biznes və əlverişli investisiya mühütinə malik olduğunu bir daha sübut edir. Belə ki, 2024-2025-ci illərdə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 1,0 milyard dollardan çox olub. Eyni zamanda, SOCAR və “KazMunayQaz” arasında imzalanmış Aktau–Ceyhan marşrutu üzrə illik 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı saziş Xəzər regionunda enerji təhlükəsizliyi sistemini də gücləndirir. Əlaqələrimizdəki bu sürətli artıma səbəb kimi Orta Dəhlizdən səmərəli istifadə olunmasını, nəqliyyat-logistika sisteminin modernləşdirilməsini və infrastrukturun qarşılıqlı inteqrasiyasını söyləmək olar. Türkiyə, Azərbaycan və Qazaxıstan ərazilərindən keçən bu dəhliz Avropa ilə Asiyanı birləşdirən yeni nəqliyyat qovşağıdır. Dəhliz boyunca yaradılmış logistika mərkəzlərinin inkişafı və yük daşımalarının optimallaşdırılması kimi mexanizmlər, tətbiq olunan vahid tarif siyasəti də hər iki ölkənin iqtisadi maraqlarına uyğundur.
2026-cı ilin sonuna qədər tikintisi başa çatacaq infrastruktur layihələrdən biri kimi Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin çəkilməsi regionda rəqəmsal inteqrasiyanın yeni mərhələsinin başlanğıcı olacaqdır. Bu layihənin reallaşdırılması həm iqtisadi rəqabət qabiliyyətini artıracaq, həm də informasiya təhlükəsizliyi və texnoloji müstəqillik baxımından ölkələrimizə strateji üstünlük qazandıracaqdır.
Yaşıl enerji sahəsində inkişaf edən əməkdaşlıq isə gələcəkdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji mənbələrinin inkişafına, enerji sistemlərinin birləşdirilməsinə və karbon emissiyalarının azaldılmasına gətirib çıxaracaqdır ki, bu da özü-özlüyündə Cənubi Qafqaz və Mərkəzi Asiyanın davamlı inkişaf konsepsiyasının formalaşmasına bir töhfədir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi yer alan problemlərdən biri də Xəzər dənizində ekoloji tarazlığın pozulması ilə bağlıdır. Belə ki, Xəzərdə suyun səviyyəsinin azalması və dayazlaşma prosesi həm ekoloji, həm də iqtisadi təhlükə sayılır. Bu problem yalnız iqlim dəyişikliyi ilə deyil, həm də regionda sənayenin inkişafı təsirlərinin koordinasiya edilməməsi və nəzarətsizliklə bağlıdır. Ona görə də, Xəzəryanı ölkələr arasında elmi informasiya mübadiləsinin gücləndirilməsi, koordinasiyalı tədbirlər planının hazırlanması və birgə fəaliyyət mexanizmlərinin formalaşdırılmasına böyük ehtiyac vardır. Çünki, Xəzər yalnız su hövzəsi deyil, ortaq məsuliyyət və ekoloji həmrəylik rəmzidir.
Bundan başqa dövlətimizin başçısı öz müsahibəsində Azərbaycanla Qazaxıstan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən mədəni və elmi təşəbbüsləri də yüksək qiymətləndirib.
Sonda cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsindən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanla-Qazaxıstan arasındakı əməkdaşlıq yalnız iki ölkə arasında deyil, bütövlükdə götürüldükdə regionun sabitliyi, təhlükəsizliyi və inkişafı baxımından mühüm strateji əhəmiyyət daşıyır.

Milli Məclisin deputatı
Rövşən Muradov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-10-2025