Mobil versiya
"Gənc alim və sahibkarlar sosial güzəştlər əldə edə biləcəklər" - Nazir müavini
Tarix: 02-02-2017 | Saat: 11:05
Bölmə:Gündəm / Karusel | çapa göndər

"Gənc alim və sahibkarlar sosial güzəştlər əldə edə biləcəklər" - Nazir müavini







Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral - Gənclər Günü münasibəti ilə report-a müsahibə verib.

Aia.Az müsahibəni təqdim edir:

- Azərbaycan əhalisinin neçə faizini gənclər təşkil edir?
- Bu gün ölkə əhalisinin təxminən 29 faizə yaxınını gənclər təşkil edir. Ölkə qanunvericiliyinə görə, ölkədə 14-29 yaş arası insanlar gənc sayılır.


- Gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolunu qənaətbəxş saymaq olarmı?
- Bəli. Bu gün Azərbaycan gəncliyi yüksək səviyyədə ölkədaxili proseslərdə olduqca fəal iştirak edir. Ölkədə 300-dən artıq gənclər təşkilatı var. Təbii ki, ictimai fəal olan gənclər həmin təşkilatlarda təmsil olunurlar. Lakin bu o demək deyil ki, bütün ölkə gəncləri həmin təşkilatların üzvü olmalıdır. Bu gün ölkədəki gənclərin maksimum 7-8 faizi həmin təşkilatlardadır. Gənclər fərdi qaydada müəyyən sahədə öz ictimai fəallıqlarını nümayiş etdirirlər. Gənclərimiz kənarda durub müşahidəçi qismində qalmaqla qane olmurlar. Ölkədə gedən qərarvermə proseslərində iştirak edirlər. Ölkədə gənclərlə bağlı hansısa qanun layihəsi hazırlananda mütləq şəkildə onların iştirakı ilə ictimai müzakirələr təşkil edirik.


- Gənclərin işlə təmin olunması sahəsində vəziyyət necədir?
- Bu gün Azərbaycan gəncləri arasında işsizlik 10 faizə yaxındır. Bir çox ölkələrdə isə bu göstərici 12-13 faiz təşkil edir. Ölkədə məşğulluq strategiyası var. Artıq yenisi də hazırlanıb. Məşğulluğa yönəlmiş hər strategiya planında ayrıca fəsil olaraq gənclərlə bağlı məsələlər öz əksini tapıb. Nazirlik olaraq sırf məşğulluq məsələsinə baxmırıq. Lakin gənclər üçün bir çox layihələri gerçəkləşdiririk. Mütəmadi şəkildə aztəminatlı ailələrin gəncləri üçün pulsuz olaraq kütləvi şəkildə kompüter texnologiyaları üzrə təlimlər təşkil edirik. Əgər bu gün hansısa işsiz gənc məşğulluq orqanlarına gəlib qeydiyyatdan keçmirsə və işsizlik statusunu öz üzərinə götürmürsə, bu məsələni araşdırmaq qəliz olur.
Vaxtaşırı olaraq özəl məşğulluq saytlarının fəaliyyətini monitorinq edirik. Araşdırma onu göstərir ki, işsizlik problemi yalnız onunla bağlı deyil ki, iş yeri yoxdur. Çünki bu gün kifayət qədər iş yerləri açılır. Prezident sonuncu müşavirədə çıxışında qeyd etdi ki, bir çox yeni iş yerləri açılacaq. Bu gün ölkə gənclərinin bəziləri hesab edir ki, onlara təklif olunan işin qarşılığındakı maaş qaneedici deyil. Sahibkar da hesab edir ki, onun təqdim etdiyi iş və verdiyi maaş normaldır. Bu gün, təəssüf ki, bir çox sahibkar əsasən təcrübəli kadrlara üstünlük verir. Bu zaman ortaya sual çıxır ki, gənc ali təhsil müəssisəsini bitirdikdən sonra haradasa işləməyibsə, təcrübəni harada toplamalıdır? Hesab edirəm ki, ciddi şirkət ona lazım olan potensiallı kadrı götürüb müqavilə bağlamaqla onu yetişdirə bilər. Bir şeyi də vurğulamaq istəyirəm. Bir çox hallarda valideyn və ya abituriyent ixtisas seçərkən əmək bazarında monitorinq aparmır ki, bazarda bu gün tələbat hansı işədir. Bu gün əksər valideynlər daha çox adı cəlbedici olan ixtisasları seçirlər. Bu gün əsas işimiz gəncləri düzgün istiqamətdə maarifləndirməkdir. Əksər gənclərimiz öz potensialını ortaya qoymağa hazırdır və dövlətimiz də onlar üçün kifayət qədər şərait yaradır.

- Gənclər daha çox hansı peşəyə maraq göstərirlər?
- Əmək bazarında müasir dövrün tələblərinə uyğun texniki sahələrə daha çox müraciət olunur. Qəzetlərdə verilən elanlara baxdıqda da görərik ki, daha çox iş axtaran yerlər xidmətlərlə bağlı olur. Bu gün biz nazirlik olaraq hansısa təlimlərin vasitəsi ilə kimyaçı hazırlamaq iqtidarında deyilik. Çünki qısa müddət ərzində qlobal xarakterli kadr potensialını yetişdirmək mümkün deyil. Bu gün hansısa gənc təhsilin səviyyəsində problem olduğunu deyirsə, bu, sadəcə, bəhanədir. Eyni məktəbi bitirmiş şagird qəbul imtahanında fərqli nəticə göstərir, hətta yüksək bal toplayaraq, prezident təqaüdçüsü olan da var. Təbii ki, neqativ hallar da var. Yaxud da nazirliyə ünvanlanan məktub və ya şikayətlərin içərəsində belə fikirlər yer alır ki, bizim təhsil haqlarımızın ödənilməsinə kömək edin. Əslində məntiqlə düşünmək lazımdır, daha yaxşı oxuyaraq ödənişsiz əsaslarla təhsili davam etdirmək olar.


- Bir müddət əvvəl, Milli Məclisdə Gənclər və idman komitəsi yaradılıb. Komitənin bu sahədəki faydasını hiss etməyə başlamısınız? Nazirlik olaraq hansısa təkliflərlə çıxış etmisinizmi?
- Hazırda komitə gənc olduğu üçün ilk növbədə gənclər və idman sahəsində görülən işlərlə bağlı monitorinq aparır. Bu günün əsas mövzusu olan antidopinqlə bağlı bu yaxınlarda qanun layihəsi qəbul edildi. Hazırda mövcud olan "Gənclər siyasəti haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi mexanizmi hazırlanıb. 2007-ci ildə həmin qanuna dəyişiklik olmuşdu. Keçən bu müddət ərzində, artıq bu sahədəki qanunvericiliyə müəyyən əlavələrin olması labüd idi. Qanundakı anlayışlara yeni əlavələr ediləcək. Misal olaraq, nazirlik tərəfindən "gənc alim", "gənc sahibkar", "gənclərlə iş üzrə mütəxəssis və gənclər infrastrukturu" kimi anlayışların qanuna əlavə edilməsi təklif edilib. Onlara da müəyyən hüquqlar veriləcək və sosial güzəştlər əldə edə biləcək. İnformasiya texnologiyaları ilə bağlı da qanuna ayrıca fəslin əlavə edilməsi nəzərdə tutulur. Hazırda təklif olunan dəyişikliklər işçi qrupu səviyyəsində müzakirə olunur. Yaxın aylarda bu, parlamentin iclaslarında müzakirə olunacaq.
Gənc alim üçün yaş həddi 35-dək nəzərdə tutulub. Biz 40 yaş təklif etmişdik. Elmi dairələr isə 35 yaşın kifayət etdiyini irəli sürdülər. Gənc alimlər də yalnız elmlər namizədi və elmlər doktoru olmalıdır. Çünki bizdə 29 yaşa qədər olan insanlar gənc hesab olunur və o yaşda elm sahəsində nailiyyət əldə etməsi bir az çətin olur.


- Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasında gənclərin rolunu necə qiymətləndirirsiniz?
- Bu gün Azərbaycan gənci müxtəlif beynəlxalq layihələrdə iştirak edir və ölkə həqiqətlərini beynəlxalq aləmə dolğun şəkildə çatdıra bilir. Hazırda 30-a yaxın beynəlxalq gənclər qurumunda Azərbaycan gənclər təşkilatı təmsil olunur. Bu gün sosial şəbəkələrdə də gənclərimiz olduqca fəaldırlar. İstərdik ki, bu fəallıq daha da artsın. Təbii ki, bəzi məsələlərdə emosionallığı kənara qoymaq lazımdır. Çünki bəzən ermənilərlə yazışmalarda təhqirə keçilir. Bu da üçüncü tərəfdə yanlış təəssürat oyatmış olur. Təbii ki, hər bir alim tarixçi olmamalıdır. Lakin dövrün tələbinə uyğun olaraq Azərbaycanla bağlı tarixi faktları bilmək lazımdır.


- Yolda piyadalar üçün nəzərdə tutulmayan yerlərdən keçənlərin əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir. Bu kimi halların qarşısını almaq üçün hansı zəruri addımlar atmaq lazımdır?
- Bu da ancaq maariflənmə işinin düzgün təşkil olunması ilə bağlıdır. Azərbaycana xaricdən gələn qonaqlar böyüklərə hörmət, ailə dəyərləri barədə daim müsbət fikirlər səsləndirirlər. Lakin sürücülərlə bağlı hər zaman mənfi fikirlər deyirlər. Qeyd edirlər ki, sizin sürücülərin istəyi sanki piyadanı basıb keçməkdir. Vətəndaş da yol qaydalarını pozmamaqla bağlı çox laqeydlik edir. O, həm öz həyatını, həm də digərlərinin həyatını təhlükə altına atır. Bu gün bizim ölkədəki sürücülərin əksəriyyətində sürücü mədəniyyətsizliyi var. Yaxud da yeraltı piyada keçidindən istifadə etməyən gəncləri polis saxlayanda onlar xahiş etməyə və ya kimsəyə zəng etməyə cəhd edirlər.


- Gənclərin mütaliəyə olan marağı bu gün üçün qanedicidir?
- Təəssüf ki, kitab oxumaq məsələsi biz istədiyimiz səviyyədə deyil. Yəni, bu gün daha çox sosial şəbəkələrə üstünlük verilir. Hətta kitabı da elektron qaydada oxumağa çalışırlar. Hər zaman tərəfdarı olmuşam ki, əsl kitabın qoxusu olmalıdır. Nazirliyin də bu istiqamətdə gördüyü işlər var. Belə ki, bizim "Gəzən kitabxana" layihəmiz var və çox yaxşı da effekt verir. Bir faktı da qeyd edim ki, nəşr olunan Azərbaycan kitabları heç də hər zaman oxucunun inkişafına və dünyagörüşünün artmasına xidmət etmir.


- Siz mütaliəyə vaxt ayıra bilirsinizmi?
- Hər gün yatmamışdan öncə ən azı bir-iki saat kitab oxuyuram. Tarixçi olduğumdan daha çox tarixi janrlarda yazılan əsərləri, romanları, tanınmış şəxslərin memuarları və detektiv janrda yazılan kitabları oxumağı üstün tuturam. Böyük kitabxanam var, amma kiməsə kitab hədiyyə etmirəm. Məndən pul istəmək olar, ancaq kitab istəmək olmaz. Kitabı kiməsə müvəqqəti vermək olar, amma hədiyyə yox.


- Yəqin ki, siz də özünüzü gənc hiss edirsiniz...
- Əlbəttə, mən də gəncəm.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024