Mobil versiya
Cənab Prezident İlham Əliyev: " Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına, və sabitliyinə cavabdehəm."
Tarix: 26-04-2024 | Saat: 09:34
Bölmə:Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyev: " Mən Azərbaycanın təhlükəsizliyinə, inkişafına, və sabitliyinə cavabdehəm."

Azərbaycan Respublikasının Prezidenti Cəna İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bir daha iqtisadi uğurlarımızdan geniş bəhs edərək bildirdi ki, artıq investorlarımızla birlikdə yaşıl enerji layihələrinə investisiyalarımıza başlamışıq
Neft ölkəsi COP-a sədrlik edir
Bugünümüzün əsas müzakirə mövzularından biri Azərbaycanın noyabr ayında mötəbər tədbirə-COP29-a ev sahibliyi etməsidir. Tarixən neft ölkəsi kimi tanınan, illər keçdikcə, eyni zamanda, qaz, elektrik enerjisi ixracatçısı kimi tanınan Azərbaycan bununla sübut etdi ki, iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması dayanıqlı inkişafın təmin eilməsində əsas faktordur. Ümummilli Lider Heydər Əliyev bu tezisi irəli sürmüşdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. İqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsi uzaqgörən siyasətin nəticəsi idi. Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasını belə xarakterizə etmişdi ki, biz bu addımı atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.
“Əsrin müqaviləsi» Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ilin mayında çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin rəsmi açılışı, həmin ilin iyun ayında layihənin əsas tərkib hissələrindən olan TANAP-ın, 2020-ci ilin sonunda isə TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji diplomatiyasının uğurlarıdır. Hazırkı dövrün mühüm çağırışları sırasında TANAP-ın və TAP-ın genişləndirilməsi məsələsi dayanır. Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirməsi yeni dostlar, tərəfdaşlar qazanmasında əhəmiyyətli rol oynayır.
Təbii ki, bunlara qısa nəzər salmağımız səbəbsiz deyil. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu imzalanan sənədlərin say tərkibində də özünü göstərir. Belə ki, Azərbaycanın Avropa İttifaqı və quruma üzv olan dövlətlər ilə enerji sahəsində əməkdaşlığı göz qabağındadır. Dövlət başçısı İlham Əliyev aprelin 23-də ADA Universitetində 30 ölkədən 64 nümayəndənin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edərək bu mühüm məqamı xüsusi qeyd etdi ki, bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır. Bu gün Cənub Qaz Dəhlizi ilə əhatə olunan ölkələrə nəzər salsanız görərsiniz ki, bu ölkələrin bəziləri arasında münasibətlər heç də yaxşı deyil. Lakin bu layihələr onları birləşdirir: “Bu, müştərək maraqdır. Burada uduzan tərəf yoxdur və əslində, enerji sülhə doğru aparır. Tarixdən biz bilirik ki, neft müharibəyə, qan tökülməsinə gətirib çıxarır. İndi isə biz paradiqmanı dəyişirik və hələ ki, buna müvəffəq olmuşuq. Azərbaycan artıq 30 ildir ki, beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq edir. Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkə biz olmuşuq və hesab edirəm ki, bizim gələcəyimiz daha da parlaqdır. Biz qazıntı yanacağından istifadəni dayandırmayacağıq, biz bunu etməyəcəyik. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik.”
Bu gün neft ölkəsi COP29-a ev sahibliyi etmək üçün hazırlıq işlərini görür. Azərbaycanın ev sahibliyi ətrafıında aparılan müzakirələrə diqqət yetirək. Cənab İlham Əliyevin forumdakı çıxışında qeyd etdiyi kimi, sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil: “Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda, yaşıl enerji layihələrini inkişaf etdiririk.”
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu icra edilir. Bu Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. Azərbaycanın çox genişmiqyaslı planları var. Ölkəmizin enerji strategiyası uğurla icra edilir. Azərbaycan tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Cənab İlham Əliyev daim çıxışlarında bildirir ki, təsadüfi deyil ki, Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər.
Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və Azərbaycanın gələcək planları da bu istiqamətlərə xidmət göstərəcək.
Dövlət başçısı İlham Əliyev sözügedən forumdakı çıxışında bir daha diqqəti bu rəqəmlərə yönəltdi. Bildirdi ki, Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır: “Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik. Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur.”
Cənab Prezident İlham Əliyev şıxışlarında postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən Zəngəzur dəhlizinin açılması məsələsinə xüsusi diqqət yetirir. Forumda da iştirakçıların suallarını cavablandırarkən bildirdi ki, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada əlaqə, kabel kimi də görürük: “Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Açığı desək, mənim üçün böyük sual olaraq qalır: nəyə görə onlar Zəngəzur dəhlizinə qarşı bu cür canfəşanlıqla çıxırlar? Nəyə görə onlar bunu təhlükə kimi görürlər? Onlarda bir növ fobiya var və mən bunun izahını bilmirəm. Onlar hətta “dəhliz” sözünə qarşı çıxırlar. Düşünürlər ki, dəhliz suverenliyin pozulması deməkdir. Biz Azərbaycan ərazisindən keçən Şimal-Cənub Nəqliyyat Dəhlizindən danışanda, bizdə belə fobiya yoxdur. Dəhliz yaxşı məlum olan beynəlxalq sözdür və onlar Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər. Bir sözlə, bu, çox qəribədir. Lakin bir daha qeyd etmək istəyirəm ki, biz gələcək haqqında düşünməliyik”
Son üç ildən artıq dövrdə Azərbaycanın dünyaya təqdim etdiyi təkmil dirçəliş modeli də neft strategiyasının uğurlarındandır. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərləri ilə yanaşı, bu ərazilərimizin bərpasına, sosial-iqtisadi inkişafına yönələn Fərman və sərəncamları da silsilə xarakteri daşıyır. Ötən dövrdə sənaye zonalarının, istehsal obyektlərinin yaradılması və fəaliyyətinin təşkili, həmçinin bölgəyə investisiyaların cəlb edilməsi istiqamətində konkret addımlar atılır. Bütün azad olunmuş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası uğurla həyata keçirilir. Bu layihələrlə ölkəmizin imkanlarını, əzmini və gələcəyə baxışını nümayiş etdirmək niyyətimizi açıqlayan cənab İlham Əliyev daim bu fikri önə çəkir ki, zəngin neft və qaz potensialına sahib, xam neft və neft məhsullarının, təbii qaz və elektrik enerjisi ixracatçısı olan Azərbaycan böyük məsuliyyət nümayiş etdirməli və “yaşıl enerji”yə fəal şəkildə sərmayə yatırmalıdır.
Azərbaycan hazırkı dövrün əsas çağırışı olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasını təmin etmək üçün mühüm addımlar atır. Azərbaycan bu sahədə də zəngin potensiala malikdir.
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa edilən enerji mənbələrinin potensialı 27000 MVt, o cümlədən, külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir. Ölkəmizin bərpaolunan enerji potensialına dünyanın böyük şirkətləri tərəfindən böyük maraq var. COP29 ölkəmizin bu sahədə mövcud imkanlarının təqdimatına və yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Dövlət başçısı İlham Əliyev ötən il Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında belə bir çağırışı səsləndirmişdir ki, Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük: “Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcəkdir.”

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
06-05-2024