Mobil versiya
Tariximizin qara səhifəsi-31 Mart Azərbaycanlıların Soyqırımı Günü
Tarix: 28-03-2024 | Saat: 12:10
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Tariximizin qara səhifəsi-31 Mart Azərbaycanlıların Soyqırımı Günü

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir. 1918 -ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı şəhərinin müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni dəstələri azərbaycanlıları vəhşicəsinə kütləvi şəkildə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızca öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Xarici havadarların köməyi ilə azərbaycanlıları öz tarixi torpağlarından qovmağı və bu torpaqlarda “mifik Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan türk xalqları on illiklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Erməni və onların havadarlarının Bakıdan başlatdığı bu vəhşiliklər qısa müddətdə Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etməyə başladı. Yüzlərlə yaşayış məskənləri dağıdılaraq yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları, məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişdirlər. Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdi, həmin günlərdə ermənilərin törətdiyi cinayyətər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Dinc əhali kütləvi şəkildə, amansızlıqla və ağlasığmaz işgəncələrlə öldürülməsi faciənin ağırlığını bir daha sübut edir. Yaxşı silahlanmış və hərbi hazırlıqlı erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları öldürür, 3 – 4 günlük körpələri xəncərlə qətlə yetirir, uşaqları alovlar içinə atırdılar. Qadınlar daha ağır şəkildə öldürülürdülər. Arxiv materiallarına görə qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 57 qadının meyidi tapılmışdı. Azərbaycanlılara qarşı aparılan soyqırım siyasətinin xronologiyasını xatırlayarkən, xalqımıza münasibətdə törədilən vəhşilik və cinayətlərin miqyası və metodologiyası heyrət və qəzəb doğurmaya bilmir.

Azərbaycanın bəzi ərazilərində son illərdə soyqırımın sübutu olaraq kütləvi məzarlıqlar aşkar edilir. Bunlardan biridə 2007-ci ildə Quba şəhərində tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıqdır. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı əsasında Heydər Əliyev Fondu tərəfindən aşkar edilmiş kütləvi məzarlığın yaxınlığında “Quba Soyqırımı memorial kompleksi” inşa edildi. 2013-cü il 18 sentyabr tarixdə açılan bu muzey-abidə yalnız Quba qırğınlarının deyil, 1918-ci il Azərbaycanın bütün ərazisində azərbaycanlı-müsəlman əhalisinə qarşı erməni milli-hərbi birləşmələri tərəfindən törədilmiş faciələrin bu gün Azərbaycan xalqı tərəfindən unudulmadığının və soyqırımı qurbanların xatirəsinin əziz tutulduğunun bariz nümunəsidir.

Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində ictimaiyyətə çatdırılmışdır. Soyqırımı yalnız ulu öndərimizin 1998-ci il 26 mart tarixli Fərmanından sonra öz hüquqi-siyasi qiymətini almışdır. O vaxtdan başlayaraq, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində keçirilir, dünya ictimaiyyətinin diqqəti bu faciəyə cəlb edilir.

Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyevdə ermənilərin ötən əsrdə etdikləri genosid faktlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində mütərəqqi addımlar atmış və atmaqdadır. Bu faciələr tariximizin bütün dövrlərində dəfələrlə təkrarlanmış həqiqətlərdir və bunları unutmağa mənəvi haqqımız yoxdur. İnanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki məqsədyönlü, qətiyyətli mövqeyi Azərbaycan həqiqətlərini bütün dünyaya layiqincə çatdırmaq və bu məsələdə ədalətli həll yolu tapmaq imkanı verəcək.
Azərbaycan xalqı faciə qurbanlarının xatirəsinə hər zaman xüsusi qayğı və sevgi ilə yanaşır. Xalqımız qəhrəman qızlarını və oğullarını heç zaman unutmayacaqdır!

Zahir Qəhrəmanov,
YAP Şirvan şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024