Mobil versiya
Xocalı faciəsindən 30 il ötür
Tarix: 25-02-2022 | Saat: 16:31
Bölmə:Media | çapa göndər

Xocalı faciəsindən 30 il ötür

Xocalıya ədalət!

Azərbaycanlılar XX əsrdə bir neçə dəfə etnik əlamətlərə görə həyata keçirilən kütləvi soyqırımına məruz qalmış xalqlardan biridir. Bu soyqırımları ötən yüzilliyin əvvəllərindən başlayaraq Rusiya imperiyasının himayədarlığı sayəsində Azərbaycanın müxtəlif yerlərində, xüsusən Dağlıq Qarabağda, Bakıda, Gəncədə məskunlaşan və az sonra həmin torpaqlarda öz dövlətlərini qurmaq fikrinə düşən erməni millətçiləri törətmişlər.

Ermənilərin bütün XX əsr boyu müxtəlif formalarda Azərbaycan xalqına qarşı soyqırımı siyasəti, təcavüz və fitnələr davam etmişdir. Kütləvi insan qırğınları, şəhər və kəndlərin yerlə-yeksan edilməsi, maddi mədəniyyət abidələrinin dağıdılması, milli genefondumuzun məhvi ilə müşayiət olunan bu cinayətlər mahiyyət etibarı ilə 1998-ci ildən sonra müstəqil Azərbaycan Respublikasına qarşı elan edilməmiş müharibəyə gətirib çıxarmışdır.
1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, öz havadarlarının himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ olunmağa başladı. Bu xülyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər.

Birinci Dünya Müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə mənfur bir planı gerçəkləşdirmək mümkün oldu. Həmin günlərdə törədilmiş cinayətlər xalqımızın yaddaşına həkk edildi. 1918-ci il mart ayının 31-i tarixə Azərbaycanlıların Soyqırımı Günü kimi yazıldı. Bu hadisələrdən düz 80 il sonra 1998-ci il martın 31-də Ümummilli Liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə törədilmiş cinayətlərə ilk dəfə siyasi qiymət verildi.

Əsrin sonlarında ortaya atılan Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulmasına nail olundu. 1990-cı ilin yanvarında Bakıya Sovet qoşunlarının yeridilməsi, törədilən qırğınlar ermənilərin mənfur siyasətinin məntiqi nəticəsi idi.
1992-ci il fevralın 26-da ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdular. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələndi.
Əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsində bütöv bir iri yaşayış məntəqəsi tamamilə yox edilmiş, 613 nəfər dinc əhali, onlardan 63 nəfər azyaşlı uşaq, 106 nəfər qadın vəhşicəsinə öldürülmüş, 497 nəfər şikəst olmuş, 1275 nəfər sakin əsir götürülmüşdür.
Bu faciə heç zaman unudulmamalı, yaddan çıxmamalıdır. Xüsusən yetişməkdə olan gənc nəsil ayıq-sayıq olmalı, dostunu düşmənindən ayırmağı bacarmalıdır.
30 il bundan qabaq Xocalıda dinc sakinlərimizi qanına qəltan eyləyən ermənilər ədalət məhkəməsi qarşısında cavab verəcəklər!

Xaçmaz Rayon Qeydiyyat Şöbəsi rəisi vəzifəsini icra edən Ülkər Baxışova Böyükkişi qızı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-11-2024