Mobil versiya
Xocalı soyqırımı şagirdlərin yaddaşında
Tarix: 24-02-2020 | Saat: 11:34
Bölmə:Yazar1 | çapa göndər

Xocalı soyqırımı şagirdlərin yaddaşında



“Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir, ikinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır - vəhşiliyin görünməmiş bir təzahürüdür”.
Heydər Əliyev


Dünyanın ən böyük faciəsi övladın yurd, yurdun övlad ayrılığıdır. Dözülməsi və çəkilməsi mümkünsüz dərdlərdən biri övladın yurd haqqında keçmiş zamanda danışmasıdır.

Artıq neçə illərdir Qarabağın dağlıq hissəsində, Azərbaycanın dilbər guşələrindən biri vardı - Xocalı....

Neçə - neçə əsrlər yola salmış qədim şəhər idi, arxeoloji qazıntılar onun qədim kökünün 6 min il bundan əvvələ aparıb çıxardığını sübut edir. Bu qədim mədəniyyət ocağı salınanda hələ heç kim onun taleyinin bu qədər qara, sonunun bu qədər acınacaqlı olacağını təsəvvür etməzdi.
Xocalının sonuna gətirən 1992-ci il fevralın 25 - dən 26 -na keçən gecə, tarixə daha bir yara vurdu. Bu bir Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə, insanlığa qarşı törədilən cinayət idi.

XX əsrin faciəsi gecəsində Xocalı əhalisi yalnızbaşına, təkcə öz ümidinə qalmışdı. Xocalı qətliamı bir daha necə bir düşmənlə üz-üzə qaldığını bizə və dünya ictimaiyyətinə göstərdi. Gecəyə yaxın , saat 1-in yarısında Xankəndindəki 366 – cı rus motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə ermənilər Xocalı şəhərini zəbt etdilər.

Hər tərəfdən mühasirədə , günlərlə artilleriya atəşinin altında, tam müdafiəsiz qalan Xocalı öz taleyinə özü ağlayırdı....
Həmin gecədə Xocalının əhalisi amansızcasına qırıldı. Əhaliyə görünməmiş dəhşətli divan tutuldu. Köməksiz, günahsız insanlar qətlə yetirildi, uşaqlara, qocalara, hamilə qadınlara divan tutuldu. Xocalı odlara qalandı, daş - daş üstündə qalmadı, şəhər tarixə qovuşdu...
Mayor Leonid Kravets öz gözü ilə gördüklərini “İzvestiya”qəzetində belə şərh edirdi:

“Mən özüm yamacda yüzə qədər meyid gördüm. Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi amansızlıqla öldürülmüş qoca, qadın və uşaq meyidləri gördüm”

“İzvestiya qəzeti: “ Videokamera qulağı kəsilmiş uşaqları göstərib. Yaşlı qadınların birinin üzünün yarısı kəsilib. Kişilərin baş dərisi soyulub”.
Le Mand qəzeti: ”Ağdamda olan xarici jurnalistlər öldürülmüş qadın və uşaq meyidləri arasında üç baş dərisi soyulmuş, dırnaqları çıxarılmış meyid görüblər. Bu, Azərbaycan təbliğatı yox, reallıqdır”.

Müxbir Viktoriya İvlevaninin şahidi olduğu və böyük ağrı ilə qələmə aldığı sözlərdən: ”...Xocalının girəcəyində bizə tərəf buludabənzər nəyinsə hərəkət etdiyini gördüm. Bu bulud yarımçılpaq insanların toplusu idi. Azərbaycanlılardan ibarət bu dəstənin sonunda üçuşaqlı bir qadın gedirdi. O, qar üzərində ayaqyalın çətinliklə irəliləyir və tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri 2 günlük imiş. Digər yüzlərlə qaçqınlar kimi bu qadının və onun uşaqlarının sonrakı taleyini mən televiziya lentlərindən izlədim. Bu televizor lentlərindən səs zolağı operatorun hönkürtülərindən ibarət idi. Bu adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qalmışdı”.

O vaxtlar “Nezavisimaya qazeta” da jurnalist işləyən Zori Balayan 1996 - cı ildə yazdığı: “Ruhumuzun canlanması” kitabında əsir götürülmüş 13 yaşlı Xocalı sakini barədə yazır:
“Türk uşağının başından, sinəsindən və qarnından dərisini soydum. Ona etdiyim bu əməllərə görə, özümü xoşbəxt saymadım. Amma xalqımın bir faizinin belə qisasını aldığım üçün sevincimdən qürurlandım. Dostum sonra ölmüş türk uşağının cəsədini hissə- hissə doğradı və onu türklə eyni kökdən olan itlərə atdı”.

“Finansial Times”qəzeti də Xocalı haqqında yazmışdır:
”Ermənilər Ağdama gedən qaçqınları atəşə tutdular. Azərbaycanlılar gələndə onlarla cəsəd saydılar. Livandan gələn reportyor, zəngin ermənilərin Qarabağa silah və könüllü göndərdiklərini təsdiq edib”.

“Vaşinqton Post”- un müxbiri yazırdı: ”Dağlıq Qarabağ qurbanları Azərbaycanda torpağa verildilər. Qaçaraq canlarını qurtaranlar ermənilərin Xocalıya hücumlarında yüzlərlə insanın öldüyünü söyləyirlər. Yeddi adamın cəsədi bu gün göstərildi. Onların 2-si uçaq, 3-ü qadındır”.
Bu qırğının nəticəsində 613 nəfər həlak olmuşdur, onlardan:
uşaqlar – 63 nəfər;
qadınlar – 106 nəfər;
qocalar – 70 nəfər.
8 ailə tamamilə məhv edilmişdir.
25 uşaq hər iki valideynini itirmişdir.
130 uşaq valideynlərindən birini itirmişdir.
487 nəfər yaralanmışdır, onlardan;
uşaqlar – 76 nəfər;
1275 nəfər əsir götürülmüşdür.
150 nəfər itkin düşmüşdür.
İki qonşu dövlətin bir - birinə nifrət etməsi ola bilər. Amma nifrətin bu qədər vəhşiliklərə yol açması bütün insani hissləri tapdalayır.
Azərbaycanlı olmaq günahmıdır? Hər hansı bir millətdən olduğuna görə insanı öldürməkmi lazımdır?
Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur.
Hər il 26 fevralda ölkə başçısı “Xocalı soyqırımı” ilə əlaqədar xalqa müraciət edir.

Mənim işlədiyim Sabunçu rayonu, 74 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi də hər il “Xocalı soyqırımı” ilə əlaqədar “Anım günü “ tədbirləri keçirir. Şagirdlər, müəllimlər, məktəbimizin rəhbərliyi bu tədbirdə yaxından iştirak edir, Xocalını son damla qanına kimi qoruyan qəhrəmanları: - Aqil Quliyevi, Əlif Hacıyevi, jurnalist Çingiz Mustafayevi və s. igidləri yad edir, şəhidlərin ruhuna dualar oxunur. Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi videoçarxlara baxırlar. Şagirdlər Xocalıya həsr etdikləri rəsm sərgisi açırlar. Xocalıya həsr olunmuş inşa müsabiqələri keçirilir. Bütün siniflərdə, məktəbin foyesində sərgi təşkil olunur.
Xocalıların xatirəsi 1 dəqiqə sükutla yad edilir.

Şagirdim Əfəndizadə Kifayətin inşasından:

“Həmin gün Röyanın ad günü idi. Qonşular, qohumlar onlara yığışmışdı. Hamı Röyanı təbrik edirdi. Onun 7 yaşı tamam olurdu. Şəhərdə vəziyyət gərgin olsa da Röyanın ad günü doğmaları bir yerə toplamışdı. Qonaqlar Röyanı təbrik edib getdilər. Röya çox xoşbəxt idi. Ona gözəl hədiyyələr bağışlamışdılar. Röya gəlinciyini də qucağına alıb yatmağa getdi. Bir azdan gurultu qopdu. Hər yan zülmətə büründü. Röya qorxdu... Otağından çıxanda evlərinə üzü tüklü adamların doluşduğunu gördü. Onlar Röyanın atasını, anasını, bacısını onun gözləri qarşısında güllələdilər. Qardaşı bir təhər Röyanın da əlindən tutub dağlara tərəf qaçdılar. Hər yan qar idi. Uşaqlar ayaqyalın və nazik gecə geyimində idilər. Onlar şaxtalı havada xeyli qaçdılar. Axırda yorulub bir ağacın koğuşuna sığınıb gizləndilər. Hara gedəcəklərini bilmirdilər. Ermənilərin onları da tapıb güllələyəcəyini düşünüb qorxudan və soyuqdan titrəyirdilər. Elə bu vaxt azərbaycan əsgərləri donmuş uşaqları tapdılar, onları Ağdama tərəf gedən insanlara verdilər. Röyanın qardaşının ayağını don vurduğuna görə kəsdilər. O hadisədən sonra Röya daha heç vaxt ad günü keçirmir.”

İbtidai sinif şagirdinin yazdığı inşa. Bu onun körpə qəlbində daşıdığı faciə deyilmi? Məgər Kifayət dostluqdan, xeyirxahlıqdan, gözəlliklərdən yaza bilməzdimi? Deməli şagirdlər Xoçalı faciəsinin bir mllət tərəfindən başqa millətə soyqırımı törədildiyini gözəl anlayır və yaddaşlarında daşıyırlar.
Xocalı faciəsi bir xocalıların deyil, bütün bəşəriyyətin qəlbinə vurulmuş dərin , unudulası mümkün olmayan yaradır.
Qarabağda atasını itirmiş şagirdim İlkinin gündəliyindən:

“Atam Qarabağa döyüşməyə gedəndə mənim cəmi dörd yaşım vardı. Atam məni qucağına götürdü və dedi:
-Darıxma, İlkin, mən torpaqlarımızı işğalçılardan təmizləyib geri –sənin və ananın yanına qayıdacam. Sən kişisən, ananı sənə tapşırıram. Hələ də atamı gözləyirəm...”

Erməni faşistlərinin törətdikləri bu qətliamı bütün dünya ictimaiyyəti tərəfindən pislənməli, bu qətliamı Azərbaycan xalqına qarşı törədilən soyqırımı kimi tanımalıdılar.

Terrorun vətəni yoxdur. Onun törətdiyi fəlakətlər var. Xocalı soyqırımı kimi...


Şəcahan Gün
Sabunçu rayonu, 74 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024