Mobil versiya
"İslahatlar davam etdiriləcək" - Nazir ciddi tapşırıqlar verdi
Tarix: 30-05-2017 | Saat: 17:41
Bölmə:Gündəm | çapa göndər

"İslahatlar davam etdiriləcək" - Nazir ciddi tapşırıqlar verdi



Mayın 30-da Xaçmaz şəhərində nazir Əbülfəs Qarayevin iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və regional mədəniyyət və turizm idarələrinin rəisləri, məsul əməkdaşları iştirak edib.

Tədbirdə 2017-ci ilin yanvarından fəaliyyətə başlayan regional idarələrin əldə etdiyi nəticələr təhlil edildi və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin regional idarələrin paytaxtda keçirilən beynəlxalq tədbirlərdə iştirakı dəyərləndirilib.

Nazir müşavirəni açaraq ölkəmizdə mədəniyyət və turizm sahəsində həyata keçirilən tədbirlər haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq yaradılan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, o cümlədən 15 regional mədəniyyət və turizm idarəsinin fəaliyyətinin gücləndirilməsi istiqamətində çox vacib işlər həyata keçirilir. Bu ilin əvvəlindən fəaliyyətə başlayan regional idarələr mədəniyyət və turizm sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət edir. Vurğulanıb ki, mütəmadi olaraq təşkil olunan belə müşavirələr görülən işlərin təhlil olunması və qarşıya çıxan çətinliklərin aradan qaldırılması baxımından olduqca əhəmiyyətlidir.

Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafı sahəsində həyata keçirilən işlərdən danışaraq qeyd edib ki, regionlarda turizm sənayesinin inkişafı, turizm klasterlərinin yaradılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bildirilib ki, ölkəmizə gələn turistlərin sayının artırılması, onlara göstərilən mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində vacib tədbirlər görülür. Regional idarələr də yerlərdə, turizm məkanlarında, açıq havada təşkil etdikləri konsert və sərgilərin sayını artırmalıdır.

Regional mədəniyyət və turizm idarələri ölkəmizin mədəni, tarixi dəyərlərinin, turizm imkanlarının xarici qonaqlara tanıdılması və təbliği işində yaxından iştirak etməlidir. Regionlardakı mədəniyyət müəssisələri, rəqs və musiqi kollektivləri bu işlərə daha da fəal qatılmalıdır. Müşavirədə həmçinin yay turizm mövsümünə hazırlıq, yeni turizm marşrutlarının yaradılması istiqamətində müvafiq tapşırıqlar verilib.

Regional idarələrin işinin təşkili üçün islahatların davam etdiriləcəyini deyən nazir əlavə edib ki, mövcud problemlərin aradan qaldırılması, müvafiq sənədləşmə işlərinin həyata keçirilməsi, müraciətlərə baxılması və vaxtında öz həllini tapması diqqətdə saxlanılır. Regionlarda mədəniyyət müəssisələri arasında əlaqələrin, qonşu rayonların mədəniyyət kollektivlərinin mübadiləsinin təşkili, kollektivlərdə çalışanların əməyinin qiymətləndirilməsi kimi məsələlərə də önəm verilməlidir.

Sonda nazir yerlərdə mədəniyyət və turizm xidmətlərinin günün müasir tələbləri səviyyəsində qurulmasının vacibliyini bir daha diqqətə çatdırıb.

Müşavirədə çıxış edənlər mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tələblərə uyğun gəlməyən müəssisələrin gələcək fəaliyyəti barədə təkliflərin hazırlanıb həyata keçirilməsi haqqında fikirlərini bildiriblər.

Regional mədəniyyət və turizm idarələrinin fəaliyyəti ilə bağlı təkliflər səslənib, qarşıda duran vəzifələrin icrası nəzərdən keçirilib, fikir mübadiləsi aparılıb. İdarə rəhbərlərinə işlərinə daha ciddi yanaşmaları və səmərəli fəaliyyət göstərmələri üçün tapşırıqlar verilib.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024