Mobil versiya
Rəfail Mehralıyev: “Ölkə Prezidentinin Şuşaya səfəri bu torpaqların mənəvi dirçəlişi üçün çox önəmli bir addımdır”
Tarix: 18-01-2021 | Saat: 15:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Rəfail Mehralıyev: “Ölkə Prezidentinin Şuşaya səfəri bu torpaqların mənəvi dirçəlişi üçün çox önəmli bir addımdır”




“İşğaldan azad olunmuş rayonlarda beynəlxalq hava limanlarının tikintisi həm bu gün mövcud olan zəruri tələbatların ödənilməsinə, həm də ölkənin gələcəyinə hesablanmış son dərəcə əhəmiyyətli layihədir” – bu sözləri saytımıza verdiyi müsahibəsində Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin rəisi Rəfail Mehralıyev deyib.

Əməkdaşımızın suallarını cavablandıran departament rəhbəri bildirib ki, Prezident İlham Əliyev Füzulidə Beynəlxalq Hava Limanının təməlini qoymaqla işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işlərini xüsusi diqqət mərkəzində saxladığını bir daha vurğulamışdır: “Bildiyiniz kimi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə hərbi əməliyyatlar dayandırıldıqdan dərhal sonra start verilmişdir. Hələ ötən ilin noyabr ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı Şuşa şəhərinə yeni avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanmışdı. Bir neçə gün bundan öncə, yanvarın 14-də isə dövlətimizin başçısı artıq Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Heç şübhəsiz bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Təməlqoyma mərasimində çıxış edən möhtərəm Prezidentimiz bildirdi ki, Füzuli Beynəlxalq Hava Limanı bu il istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı bu il istifadəyə veriləcək ki, bu da artıq aeroportun funksionallığını təmin edəcək. Dövlətimizin başçısı bunu da bildirdi ki, bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Birmənalı olaraq deyə bilərik ki, Ölkə Prezidenti cənab İlham Əliyev Füzulidə Beynəlxalq Hava Limanının təməlini qoymaqla işğaldan azad edilmiş ərazilərdə gedən quruculuq işlərini xüsusi diqqət mərkəzində saxladığını bir daha nümayiş etdirmiş oldu. Həmçinin Ölkə Prezidenti bildirdi ki, Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçın rayonlarının ərazisində inşa ediləcək. Əlbəttə ki, bu layihələr həm bu gün mövcud olan zəruri tələbatların ödənilməsi, həm də ölkənin gələcəyi baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.”

Daha sonra Rəfail Mehralıyev Ölkə Prezidentinin ailəsilə birgə Şuşa şəhərinə səfər etmələrini işğaldan azad olunmuş torpaqlarımızın mənəvi dirçəlişi üçün çox önəmli bir addım olduğunu vurğulayaraq bunları deyib: “Otuz il ərzində düşmən torpaqlarımızı işğal altında saxladı. Bu illər ərzində işğalda olan bütün şəhər və rayonlarımız, o cümlədən Şuşa şəhəri talandı, viran qoyuldu, qarət edildi. Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir quruculuq işləri aparmayıblar. Erməni vandalları bu torpaqlardan tariximizi, mədəniyyətimizi yox etməyə çalışdılar. Lakin bacarmadılar. Bu gün artıq həmin torpaqların əsl sahibləri geri dönüblər. Ölkə Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərinə birgə səfər etməklə bu torpaqların tarixən Azərbaycan xalqına məxsus olduğu və bundan sonra da əbədi olaraq belə qalacağı barədə bütün dünyaya bir mesaj verdilər. Azərbaycan dövləti Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşada Vaqif Poeziya Günləri bərpa ediləcək, “Xarı bülbül” festivalı yenidən keçiriləcək. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.”

Sonda müsahibimiz Prezident İlham Əliyevin hələ də sakitləşmək bilməyən bəzi erməni separatçılarına ünvanladığı ciddi xəbərdarlığın siyasi əhəmiyyətini vurğulayaraq bunları dedi: “Bu gün Azərbaycan güclü bir dövlət olduğunu artıq bütün dünyaya sübut edib. Cəmi 44 gün davam edən Vətən müharibəsinin gedişində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz düşməni 30 il ərzində tikib-möhkəmlətdiyi istehkamlarda darmadağın etdi. Ölkəmizin XXI əsrin ən son texnoloji nailiyyətlərinə əsaslanaraq apardığı bu müharibəni izləyən hər kəs gördü ki, Azərbaycanın güclü iqtisadiyyatı, qüdrətli ordusu, yenilməz Ali Baş Komandanı və hər zaman öz ordusunun, öz Prezidentinin arxasında duran xalqı var. Lakin görünür erməni separatizmini təmsil edənlərin arasında bütün bu baş verənlərdən hələ də ibrət götürməyə dərrakəsi yetməyənlər də var. Belələri bu gün Dağlıq Qarabağda özünü siyasətçi adlandıraraq yenidən baş qaldırmağa çalışırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz belələrinə xəbərdarlıq edərək demişdir: “Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmasın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq.” Bu xəbərdarlıq Azərbaycan xalqının öz torpaqlarına əbədi qayıtdığının və bundan sonra heç bir işğalçıya nə aman, nə də zaman verilməyəcəyinin ən etibarlı təminatıdır.”

aia.az
Abbas Abbasov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024