Mobil versiya
Azərbaycan Memarlıq və İnşaat Universiteti – distant formatda keçirilən imtahanlarda şəffaflıq tam təmin edilir
Tarix: 15-01-2021 | Saat: 13:47
Bölmə:Manşet / Təhsil | çapa göndər

Azərbaycan Memarlıq və İnşaat Universiteti – distant formatda keçirilən imtahanlarda şəffaflıq tam təmin edilir




Bu məqsədlə bütün texniki tədbirlər yüksək səviyyədə həyata keçirilib, universitetin kafedra və şöbələrində çalışan gənc administrativ heyətin tərkibindən 80-a yaxın işçi nəzarət prosesinə cəlb olunub.

Məlumdur ki, Azərbaycanda inşaat sektorunda çalışan ali təhsilli mühəndis kadrlarının hazırlanması ilk növbədə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) tərəfindən həyata keçirilir. Məhz bu ali təhsil müəssisəsinin məzunları olan yüksək ixtisaslı peşəkar inşaat mühəndisləri bu gün ölkənin bir çox nəhəng tikinti meydançalarında dövlət və özəl sifarişlərinin icrasında uğurla çalışırlar. Əsası 1975-ci İnşaat Mühəndisləri İnstitutu 1992-ci ildən Universitet statusu almışdır. 2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. Elə həmin ildə də memarlıq doktoru, professor, Əməkdar memar Gülçöhrə Hüseyn qızı Məmmədova Universitetin rektoru təyin olunmuşdur.

Bu gün bütün dünyada yayılmış koronavirus infeksiyasının yaratdığı fəsadlar təbii ki, təhsil sahəsində də özünü göstərir. O cümlədən tədrisin distant formata keçirilməsi, imtahanların onlayn rejimdə təşkili həm psixoloji, həm də texniki baxımdan müəyyən çətinliklərlə müşayiət olunur. Lakin bu çətinliklərin aradan qaldırılması əksər hallarda konkret təhsil müəssisəsinə rəhbərlik edən insanların peşəkarlıq səviyyəsindən və bu işləri həyata keçirən kollektiv üzvlərinin məsuliyyətindən asılı olur. Məhz bu baxımdan da AzMİU-da onlayn rejimdə imtahanların təşkili üçün bütün hazırlıq işlərinin vaxtında və yüksək səviyyədə həyata keçirildiyini əminliklə deyə bilərik.



İlk növbədə qeyd etmək lazımdır ki, 2020/2021-ci tədris ilinin Payız semestrinin onlayn formada keçirilən imtahanlarında işlərin daha səmərəli qurulması məqsədilə proktorlar qrupu yaradılıb. Universitetin kafedra və şöbələrində çalışan gənc administrativ heyətin tərkibindən 80-a yaxın işçi bu prosesə cəlb olunub. İKT Mərkəzi tərəfindən onların hər birinə treninqlər keçirilib. Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılıb. İmtahanların təşkili prosesi və qaydaları öncədən tələbələrin şəxsi kabinetlərinə göndərilib. Pandemiyanın tədrisdə yaratdığı çətinliklər, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemlər səbəbi ilə dərslərə qoşula bilməyən tələbələr üçün müəyyən güzəşlər tədbiq olunub. AzMİU-nun Elmi Şurasının iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbələrin xeyrinə müəyyən qərarlar qəbul edilib. İmtahanlarda şəffaflığı, obyektivliyi təmin etmək məqsədi ilə Apellyasiya Qərargahı yaradılıb. Mövcud şəraitə uyğun olaraq Qərərgaha daxil olan elektron müraciətlər, tələbələrin şikayətləri qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək. Bunu da qeyd edək ki, semestr ərzində keçirilən fənləri tədris edən müəllimlər onlayn qaydada tələbələrlə imtahan öncəsi konsultasiyalar keçirib. Əvvəlcədən təyin olunmuş vaxtlarda tələbələrə suallarla bağlı ətraflı izahlar verilib. Zərurət yarandıqda müəyyən dərslərdən əlavə seminarlar, çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr müəllimlər tərəfindən təşkil olunub.

Bütün bu hazırlıq işlərindən sonra, yanvarın 11-də AzMİU-da 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası öz işinə başlayıb. İmtahan sessiyası təsdiq olunmuş cədvələ əsasən distant formada magistratura səviyyəsi üzrə test və şifahi, bakalavr səviyyəsi üzrə isə yazılı, test və yaradıcılıqla bağlı fənlərdən aparılır. İmtahanların ilk günündə ümumilikdə 94 qrup üzrə 2181 tələbə imtahanlarda iştirak edib. Fevralın 15-dək davam edəcək imtahan sessiyasında İmtahan Qərərgahı ilə yanaşı İmtahanların qiymətləndirilməsi ilə bağlı şikayətlərin araşdırılması məqsədi ilə Apelyasiya Komissiyası da yaradılıb. İmtahanın gedişi Universitet rəhbərliyi və imtahanlara məsul şəxslərin nəzararəti ilə həyata keçir. Onlar mütəmadi olaraq imtahan prosesini izləyir, neqativ hallar baş verərsə, operativ şəkildə qarşısını alırlar.



Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Təcrübə və Karyera şöbəsi tərəfindən təşkil olunan karyera istiqamətli onlayn görüşlər də artıq ənənə halını alıb. Bu tip görüşlərin əsas məqsədi tələbələrə karyeralarını qurmaqda düzgün istiqamət vermək və onlara qarşıya çıxa biləcək problemlərin həllində yardımçı olmaqdır. “Zoom” platforması üzərindən təşkil olunan görüşlər zamanı şöbənin əməkdaşları tərəfindən iş həyatına yeni başlayacaq gənclər üçün vacib olan müsabiqə və müsahibə proseslərinə düzgün hazırlaşma qaydası aşılanır, özlərini ən yaxşı şəkildə ifadə etməyin təsirli yolları haqqında geniş məlumatlar verilir. Bu görüşlərin yaratdığı imkanlar sayəsində artıq gözlənilən nəticələr öz faydasını verib. Beləki son bir ay ərzində bu görüşlərdə iştirak edən tələbələrdən artıq 5 nəfəri öz ixtisasları üzrə işlə təmin edilib. Onlardan 2 tələbə təcrübəçi, digərləri isə işçi olaraq artıq karyeralarına start veriblər. Bu nəticələrin əldə edilməsi digər tələbələrin də görüşlərə maraq və inamını artırır.

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olur ki, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor- müəllim heyəti tələbələrin pandemiya dövründə də keyfiyyətli təhsil almaları və gələcək həyata tam hazırlıqlı olmaları üçün bütün imkanları düzgün şəkildə səfərbər ediblər. Lakin təəssüflər olsun ki, bütün bu görülən işlərə rəğmən bu gün bəzi saytlarda AzMİU-da gedən prosesləri təhrif edən, özündə heç bir həqiqəti əks etdirməyən qərəzli yazılara rast gəlinir. Maraqlıdır ki, bəzi hallarda belə yazıların müəllifləri özlərini universitetin şikayətçi tələbəsi kimi təqdim etmək istəsələr də, əslində bu ali təhsil müəssisəsinin adını belə düzgün yazmırlar. Bu səbəbdən həmkarlarımıza tövsiyyə edərdik ki, belə əsassız və yalan informasiya əks olunan materialları öz saytlarında dərc etməkdən çəkinsinlər.

Abbas Abbasov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024