Mobil versiya
Məktəbdə dərslər saat neçədə başlamalıdır?
Tarix: 18-08-2026 | Saat: 12:20
Bölmə:Təhsil / Manşet / Özəl | çapa göndər

Məktəbdə dərslər  saat neçədə başlamalıdır?

Məktəblərdə dərslərin yeni tədris ilindən saat 8-də deyil, daha gec başlaması ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Əslində, söhbət ilk baxışdan sadə görünür: uşaq səhər bir saat gec oyansın, məktəbə daha rahat getsin, dərsə yuxulu və yorğun başlamasın. Amma məsələni bir az dərindən düşünəndə görürük ki, söhbət təkcə saatdan getmir. Söhbət uşağın bütün gününün necə qurulmasından gedir.
Hazırda dərslərin səhər saat 8-də başlaması ümumi təhsil müəssisələri üçün məqsədəuyğun hesab olunur. 2026-cı ilin yanvarında Elm və Təhsil Nazirliyi də dərslərin başlanma saatında dəyişiklik nəzərdə tutulmadığını bildirmişdi. Sonrakı aylarda isə nəqliyyat və iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı müzakirələr fonunda məktəblərin dərs saatlarının da dəyişə biləcəyi barədə fikirlər səsləndi. Yəni bu gün ortada daha çox müzakirə var, yekun və ümumi dəyişiklik barədə qəti qərar yox.
Amma gəlin fərz edək ki, dərslər həqiqətən saat 9-da başlayacaq. Uşaq üçün bunun nəyi dəyişəcək? Əvvəla, səhər yuxusundan bir qədər oğurlanan vaxt geri qaytarılacaq. Xüsusilə kiçik yaşlı uşaqlar üçün bu, az şey deyil. Saat 8-də məktəbdə olmaq üçün bir çox uşaq daha səhər açılmamış yatağından qalxmalı, hazırlaşmalı, yola çıxmalıdır. Bakı kimi səhər saatlarında nəqliyyatın onsuz da ciddi problem olduğu şəhərdə məktəbə çatmaq ayrıca bir sınağa çevrilir.
Uşaq məktəbə çatır, amma sual yaranır: o, həqiqətən dərsə hazır vəziyyətdə çatırmı? Sinifdə oturmaq başqa şeydir, dərsi qavramaq başqa. Bir saat gec başlanğıc uşağın yuxu rejimini bir qədər yaxşılaşdıra, səhər tələskənliyini azalda bilər. Bu baxımdan dəyişiklik müsbət sayıla bilər. Ancaq burada dayanıb “deməli, təhsil sistemimizdə böyük islahat baş verdi” demək də sadəlövhlük olardı.
Çünki Azərbaycan məktəbinin problemi saat 8 deyil. Problem ondadır ki, məktəb çox vaxt uşağın əsas təhsil aldığı yer olmaqdan çıxıb, onun ardınca repetitorun, hazırlıq kursunun, fərdi müəllimin gəldiyi bir sistemin ilk mərhələsinə çevrilib. Uşaq səhər məktəbə gedir, günün bir hissəsini orada keçirir, sonra başqa müəllimin yanına qaçır, axşam evə qayıdır, tapşırıqlarını edir və bəzən gecə saatlarında belə dərsdən yaxa qurtara bilmir.
Belə bir rejimdə məktəbin saat 8-də, yoxsa 9-da başlaması artıq əsas məsələ deyil. Əsas məsələ budur: uşaq nə vaxt yaşayır? Onun nə vaxt dincəlməyə, oynamağa, kitab oxumağa, ailəsi ilə danışmağa, idman etməyə vaxtı qalır?
Təhsil sisteminin uğurunu yalnız uşağın neçə saat məktəbdə qalması ilə ölçmək olmaz. Əgər məktəbdə keçirdiyi saatlar uşağa real bilik vermirsə və həmin bilik axşam repetitor tərəfindən tamamlanırsa, onda biz məktəbin işini başqa birinin üzərinə yükləmiş oluruq.
Maraqlıdır ki, yeni təmayül tədris modelində məhz bu problemin müəyyən qədər aradan qaldırılması hədəflənir. Model üzrə tam ştatlı müəllimlərin məktəbdə gün ərzində qalması, dərsdən sonra geridə qalan şagirdlərlə əlavə məşğələlər, fərdi məsləhətlər və digər akademik fəaliyyətlər aparması nəzərdə tutulur. Yəni nəzəri olaraq uşaq məktəbdə öz probleminin həllini tapa bilməlidir, əlavə müəllim axtarmağa məcbur olmamalıdır.
Əgər bu yanaşma həqiqətən işləsə, onda saat 9 məsələsinin də başqa mənası olacaq. Çünki məktəb uşağı səhər qəbul edib, onun təhsil ehtiyaclarını gün ərzində mümkün qədər tam qarşılayan məkana çevriləcək. Yox, əgər sadəcə zəngin vaxtını bir saat irəli çəksək, amma dərsin keyfiyyəti, müəllimin hazırlığı, dərsliklər, ev tapşırıqları, repetitor asılılığı və məktəbdə fərdi yanaşma əvvəlki kimi qalsa, onda biz yalnız saatı dəyişmiş olacağıq.
Saatı dəyişmək asandır. Sistemi dəyişmək isə çətindir.
Hətta saat 9-da başlayan məktəb də uşağı axşam saatlarına qədər yoran bir sistem olaraq qala bilər. Ona görə də bu müzakirəyə yalnız “uşaqlar bir saat çox yatsın” prizmasından baxmaq düzgün deyil. Bəli, uşağın daha çox yatması yaxşıdır. Bəli, səhərin qaranlığında məktəb yoluna çıxmamaq, tıxacda vaxt itirməmək, ilk dərsə daha ayıq getmək müsbət nəticə verə bilər.
Amma təhsil islahatı zəngin vaxtını dəyişməklə başlamır. Təhsil islahatı məktəbin uşağın həyatındakı yerini dəyişməklə başlayır. Məktəb uşağı yalnız dərsə gətirib aparan müəssisə yox, onun bilik aldığı, sualına cavab tapdığı, zəif olduğu fənni düzəltdiyi, müəllimindən kömək aldığı, öz qabiliyyətini kəşf etdiyi yer olmalıdır.
Uşaq məktəbdən çıxandan sonra yenidən “məktəb” axtarırsa, deməli, problem saatda deyil.
Bəlkə də biz illərdir yanlış sual veririk: “Dərslər saat neçədə başlamalıdır?” Əsl sual isə budur: “Uşağın təhsili necə təşkil olunmalıdır?”
Cavabı da sadədir: uşağın təhsili məktəbin qapısından içəri girəndə başlayıb, qapıdan çıxanda bitməməlidir. Amma bu, onun bütün gününü dərslə doldurmaq demək də deyil. Əksinə, yaxşı sistem uşağa həm öyrənməyi, həm də yaşamağı bacarmalıdır.
Bəlkə də saat 8-i 9 etməkdən əvvəl bunu düşünməliyik. Çünki uşağın yuxusundan bir saatı geri qaytarmaq yaxşı işdir. Amma uşağın uşaqlığını geri qaytarmaq daha böyük işdir.

Şəmsi Qoca



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026