Mobil versiya
Naxçıvan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm mərkəzinə çevrilir
Tarix: 13-08-2026 | Saat: 11:43
Bölmə:Siyasət | çapa göndər

Naxçıvan beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm mərkəzinə çevrilir

Azərbaycan Prezidentinin Naxçıvana səfəri zamanı verdiyi müsahibədə diqqət çəkən əsas məqamlardan biri muxtar respublikanın gələcək nəqliyyat imkanları ilə bağlı səsləndirilən fikirlərdir. Bu məsələyə yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası kimi yanaşmaq doğru olmaz. Cənab Prezident İlham Əliyevin açıqlamalarından aydın olur ki, qarşıda daha geniş strateji məqsəd – Naxçıvanı regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevirmək vəzifəsi dayanır. Uzun müddət ərzində Naxçıvanın Azərbaycanın digər əraziləri ilə birbaşa quru bağlantısının olmaması onun iqtisadi və nəqliyyat potensialının tam şəkildə reallaşdırılmasına müəyyən maneələr yaradıb. Lakin Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı tarixi Zəfərdən sonra formalaşan yeni geosiyasi şərait bu vəziyyətin dəyişdirilməsi üçün mühüm imkanlar açdı. Zəngəzur dəhlizi ideyasının gündəmə gətirilməsi də məhz bu yeni reallıqlar fonunda xüsusi əhəmiyyət qazandı. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat bağlantısının yaradılması ölkəmizin uzun illərdir qarşıya qoyduğu məqsədlərdən biridir və artıq bu istiqamətdə mühüm nəticələr əldə olunub.

Bu prosesdə diqqətçəkən məqamlardan biri Azərbaycanın gözləmə mövqeyində qalmaması və müharibədən dərhal sonra həm avtomobil, həm də dəmir yolu layihələrinin icrasına başlamasıdır. Horadiz-Ağbənd avtomobil yolunun tikintisinin son mərhələyə çatması, dəmir yolu layihəsinin sürətlə davam etdirilməsi Azərbaycanın üzərinə düşən öhdəlikləri ardıcıl şəkildə həyata keçirdiyini göstərir. Naxçıvan istiqamətində dəmir yolunun bərpası ilə bağlı işlərin başlanması isə prosesin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını təsdiqləyir. Burada əsas məsələlərdən biri Naxçıvan dəmir yolunun gələcək texniki imkanlarıdır. Yeni texniki-iqtisadi əsaslandırmaya görə, dəmir yolu xəttinin uzunluğu 194 kilometr təşkil edəcək və əsas hədəf onun illik ən azı 15 milyon ton yükdaşıma qabiliyyətinə çatdırılmasıdır. Bu göstərici Naxçıvanın sadəcə regional nəqliyyat bağlantısı deyil, iri yük axınlarını qəbul edə bilən beynəlxalq tranzit marşrutuna çevrilməsi üçün geniş imkanlar yaradır. Prezidentin vurğuladığı kimi, Azərbaycanın öz maliyyə vəsaiti hesabına bu infrastrukturun qurulması üçün kifayət qədər imkanları mövcuddur.

Naxçıvanın ən böyük üstünlüklərindən biri isə onun əlverişli coğrafi mövqeyidir. Zəngəzur bağlantısı Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm istiqamətlərindən birinə çevrilməklə yanaşı, gələcəkdə Şimal-Cənub marşrutu ilə də əlaqələndirilə bilər. Bu halda Naxçıvan Avropadan Mərkəzi Asiyaya, Rusiyadan İran və Fars körfəzinə qədər uzanan müxtəlif nəqliyyat istiqamətlərinin kəsişdiyi mühüm məkanlardan birinə çevrilə bilər. Belə perspektiv muxtar respublikanın iqtisadi inkişafı baxımından tamamilə yeni imkanlar yaradır.

Nəqliyyat dəhlizlərinin əhəmiyyəti yalnız avtomobil yollarının və dəmir yolu xətlərinin inşası ilə məhdudlaşmır. Geniş tranzit imkanlarının formalaşması logistika mərkəzlərinin, anbar komplekslərinin, müxtəlif xidmət sahələrinin, istehsal müəssisələrinin və yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verir. Yükdaşımaların artması isə əlavə iş yerlərinin yaradılmasına, əhalinin gəlirlərinin yüksəlməsinə və iqtisadi fəallığın genişlənməsinə şərait yaradır. Bu baxımdan Prezidentin Naxçıvanın gələcəkdə “əvəzolunmaz nəqliyyat mərkəzlərindən biri”nə çevrilə biləcəyi barədə fikri real iqtisadi əsaslara söykənir.

Naxçıvanın nəqliyyat perspektivləri onun enerji imkanları ilə birləşdikdə bu proses daha böyük strateji əhəmiyyət qazanır. Müasir nəqliyyat dəhlizlərinin davamlı və səmərəli fəaliyyəti yalnız fiziki bağlantılardan deyil, eyni zamanda etibarlı enerji təminatından da asılıdır. Naxçıvanda yeni elektrik generasiya güclərinin yaradılması, Günəş və su elektrik stansiyalarının inşası, enerji ixracı imkanlarının genişləndirilməsi ilə bağlı planlar göstərir ki, nəqliyyat və enerji siyasəti bir-birini tamamlayan istiqamətlər kimi həyata keçirilir.

Əslində, burada Azərbaycanın daha geniş strateji yanaşması özünü göstərir. Ölkənin ayrı-ayrı regionlarının imkanlarına təcrid olunmuş şəkildə deyil, vahid iqtisadi və nəqliyyat məkanının tərkib hissəsi kimi yanaşılır. Naxçıvan qarşısında açılan yeni nəqliyyat yolları da yalnız muxtar respublikanın inkişafına deyil, bütövlükdə Azərbaycanın tranzit potensialının genişlənməsinə xidmət edəcək.

Bu gün Naxçıvana doğru uzanan yolların bərpası, əslində, gələcəyin iqtisadi xəritəsinin formalaşdırılması deməkdir. Azərbaycanın siyasi iradəsi, maliyyə imkanları və əlverişli geostrateji mövqeyi bir araya gəldikcə Naxçıvanın uzun müddət nəqliyyat baxımından üzləşdiyi təcrid vəziyyəti gələcəkdə onun əsas üstünlüklərindən birinə çevrilə bilər. Vaxtilə məhdud nəqliyyat imkanlarına malik olan bu diyar gələcəkdə Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm keçid məntəqələrindən biri kimi çıxış etmək potensialına malikdir. Bu isə Naxçıvanın yeni inkişaf mərhələsinin ən mühüm iqtisadi nəticələrindən biri olacaqdır.

Rauf Qaffarov,
YAP Mingəçevir şəhər təşkilatının sədr müavini.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-08-2026