Mobil versiya
Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...
Tarix: 01-08-2026 | Saat: 09:05
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? – İranla sərhəddə nə baş verir...


Qərbi Azərbaycan əyalətinin İraqla sərhəd Təmərçin keçid məntəqəsində Ərbəin mərasimi üçün İraqa gedən Azərbaycan Respublikasının vətəndaşlarının qanuni və gömrük prosedurundan əlavə qeydiyyatı aparılır. Bu haqda yerli mənbələr bildirib.

Məlumata görə, orada Azərbaycan vətəndaşlarının bütün koordinatları qeyd olunur, onlarla danışıq aparılır. “İslam təbliğatı təşkilatının nümayəndələrinin apardıqları danışıqlardan, hansısa razılıqların əldə olunduqdan sonra bəzi Azərbaycan vətəndaşlarının orada quraşdırılmış və üzərində Əli Xamneyinin fotusu olan böyük bannerin qarşısında çıxışları lentə alınır”, - məlumatda qeyd olunub (Bakıvaxtı.az).

Bildirilib ki, İran məmurları ilə razılığa gələn Azərbaycan vətəndaşları Əli Xamneyinin bütün dünya müsəlmanlarının, o cümlədən azərbaycanlıların rəhbəri olduğu barədə fikirlər səsləndirir, Azərbaycan vətəndaşlarını “islam inqilabı” etməyə səsləyirlər. “Danışıqlar və başqa proseslər gizlədilmir, nümayişkaranə şəkildə həyata keçirilir və çıxış edən, iğtişaşa çağırış edən azərbaycanlılar daha lüks avtobus və minibuslarla İraqa yola salınırlar. Səbəbi məlum olmasa da, bu prosesdə daha çox qadınlardan istifadə olunur”, - yerli mənbələr vurğulayıb.

Məlumat nə dərəcədə səhih ola bilər? İranla sərhəddə nə baş verir, azərbaycanlılar Azərbaycana qarşı casusluğa cəlb edilir? Bu vətəndaşlar Azərbaycan qanunvericili ilə hansısa məsuliyyət altına düşə bilərmi?

Deputat Ceyhun Məmmədov Musavat.com-a deyib ki, bəzi qüvvələr yanlış məlumatlar yayır: "Son prosesləri təhlil edərkən həm İranda, həm də Azərbaycanda müəyyən qüvvələrin hər iki ölkə ilə bağlı bir sıra hallarda yanlış məlumatları paylaşdıqlarının şahidi oluram. Yəni gördüyüm odur ki, sanki Türkiyədə, İranda da müəyyən qruplar var ki, bu cür yalan, yanlış məlumatları yayıb ölkələrimiz arasındakı münasibəti pozurlar. Eləcə də bizim ölkəmizdə də bu cür məlumatları bəzən məqsədli şəkildə yayaraq münasibətlərin pozulmasına cəhd edirlər".

Deputat hesab edir ki, yayılmış məlumat dəqiqləşdirilməli, həqiqətə uyğunluğu araşdırılmalıdır. Əgər həqiqətən belə bir fakt varsa, belə bir hal varsa, təbii ki, bu yol verilməzdir. Bu, başqa ölkə vətəndaşlarına qarşı hörmətsiz bir münasibətdir və qəbul edilməz bir yanaşmadır. Və bu cür cəhdlərə, bu cür addımlara son qoyulmalıdır. Amma onu xüsusi vurğulayıram ki, birinci növbədə bu cür məlumatlar, bu cür faktlar dəqiqləşdirilməlidir. Dəqiqləşdirilmə aparılmadan bu cür məlumatların yayılması yol verilməzdir".

Tanınmış vəkil Ceyhun Yusifov da qeyd edib ki, ilk növbədə sosial şəbəkələrdə və bəzi media resurslarında yayılan məlumatlar araşdırılmalıdır: "Hələlik bu məlumatlar rəsmi qaydada təsdiqini tapmayıb. Ona görə də hüquqi qiymətləndirmə konkret faktlara deyil, iddia edilən halların doğru olması ehtimalına əsasən aparıla bilər.

Azərbaycan Respublikasının vətəndaşı ölkə hüdudlarından kənarda dini ziyarətdə iştirak edə, dini etiqadını ifadə edə və qanunla qadağan olunmayan tədbirlərə qatıla bilər. Bu hüquqlar həm Azərbaycan Konstitusiyası, həm də ölkənin qoşulduğu beynəlxalq müqavilələrlə qorunur. Xarici ölkədə dini tədbirdə iştirak etmək və ya hər hansı dini lider haqqında fikir bildirmək cinayət məsuliyyəti yaratmır.

Lakin məsələ fərqli məzmun alır, əgər həmin şəxslər xarici dövlətin, onun təsiri altında olan qurumların və ya təşkilatların göstərişi ilə Azərbaycanda ictimai-siyasi proseslərə təsir göstərmək, Konstitusiya quruluşunu zorla dəyişdirməyə çağırmaq, dövlət hakimiyyətinə qarşı qanunsuz fəaliyyət təşkil etmək və ya insanları radikal hərəkətlərə sövq etmək məqsədilə hazırlanır və yönləndirilirlərsə, dövlət təhlükəsizliyi və milli maraqlara toxunan məsələ ön plana çıxır".

Ceyhun Yusifov deyib ki,əgər doğrudan da sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşlarının adi gömrük və sərhəd prosedurlarından əlavə qeydiyyatı aparılır, onlarla ideoloji söhbətlər keçirilir, müəyyən bəyanatlar vermələri istənilir və bunun müqabilində onlara müxtəlif üstünlüklər təqdim olunursa, bu hallar aidiyyəti dövlət qurumları tərəfindən ciddi araşdırılmalıdır: "Həmin proseslərin məqsədi, təşkilatçıları, maliyyələşmə mənbələri və sonrakı nəticələri müəyyən edilmədən hüquqi nəticə çıxarmaq düzgün olmaz.

Eyni zamanda, əgər Azərbaycan vətəndaşı xarici ölkədə videomüraciət edərək Azərbaycan Respublikasında hakimiyyətin zorla dəyişdirilməsinə, iğtişaşlara və ya digər qanunsuz hərəkətlərə açıq çağırış edirsə, həmin əməllər artıq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq normaları baxımından hüquqi qiymətləndirilə bilər. Cinayət qanunvericiliyinə görə, Azərbaycan vətəndaşı müəyyən hallarda ölkə hüdudlarından kənarda törətdiyi əməllərə görə də Azərbaycan qanunvericiliyi əsasında məsuliyyət daşıya bilər. Bunun üçün həmin əməlin cinayət tərkibi yaratması və qanunvericilikdə nəzərdə tutulan şərtlərin mövcud olması vacibdir. Bu səbəbdən də hesab edirəm ki, yayılan məlumatlar ciddi xarakter daşıdığından aidiyyəti dövlət orqanları tərəfindən yoxlanılmalı, iddiaların həqiqiliyi araşdırılmalı, cəmiyyət isə yalnız rəsmi araşdırmaların nəticələrinə əsaslanan məlumatlarla məlumatlandırılmalıdır. Hüquqi dövlətdə hər hansı şəxs yalnız sübutlarla təsdiqlənmiş əməllərinə görə məsuliyyət daşıya bilər və istənilən hüquqi qiymətləndirmə də məhz obyektiv araşdırmanın nəticələrinə söykənməlidir".musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə