Mobil versiya
Bakı–Bratislava münasibətlərinin yeni üfüqləri
Tarix: 21-07-2026 | Saat: 09:39
Bölmə:Siyasət | çapa göndər

Bakı–Bratislava münasibətlərinin yeni üfüqləri

Azərbaycanın müstəqil və milli maraqlara əsaslanan xarici siyasəti son illərdə beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyini daha da möhkəmləndirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatik fəaliyyət Azərbaycanın həm regional, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi nüfuzunu artırıb. Bu siyasətin növbəti uğurlu təzahürü Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri və iyulun 14-də Şuşada keçirilən yüksəksəviyyəli görüş oldu. İki ölkə liderinin Şuşada mətbuata verdiyi bəyanatlar təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də Azərbaycanın geosiyasi mövqeyinə, Qarabağın bərpasına və Avropa ilə əməkdaşlığın yeni mərhələsinə dair mühüm mesajlarla yadda qaldı.
Şuşanın görüş məkanı kimi seçilməsi xüsusi siyasi və rəmzi məna daşıyır. Bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də ölkəmizin suverenliyinin, tarixi ədalətin bərpasının və qalib dövlət iradəsinin simvoludur. Prezident İlham Əliyevin xarici dövlət başçılarını məhz Şuşada qəbul etməsi Azərbaycanın yeni geosiyasi reallıqlarının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinin bariz göstəricisidir. Bu, eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinin beynəlxalq tərəfdaşlara nümayiş etdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev bəyanatında Azərbaycan ilə Slovakiya arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayaraq, qarşılıqlı etimada əsaslanan münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə etdi. Dövlət başçısı qeyd etdi ki, iki ölkə arasında iqtisadi, ticarət, sənaye, investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. Xüsusilə enerji təhlükəsizliyi məsələləri fonunda Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da artır və Slovakiya ilə bu istiqamətdə əməkdaşlıq yeni perspektivlər açır.

Bu gün Avropanın enerji xəritəsində Azərbaycanın xüsusi çəkisi getdikcə artır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına təbii qaz ixrac edən Azərbaycan enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, enerji əməkdaşlığı artıq yalnız iqtisadi deyil, həm də strateji və siyasi əhəmiyyət daşıyan istiqamətə çevrilib. Slovakiyanın bu prosesdə maraqlı tərəf kimi çıxış etməsi Azərbaycan–Avropa əməkdaşlığının genişlənməsinə xidmət edən mühüm amildir.

Bəyanatda diqqət çəkən mühüm məqamlardan biri də Slovakiya şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirak etməsi oldu. Bu fakt göstərir ki, azad edilmiş ərazilərdə həyata keçirilən layihələr artıq beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Xarici şirkətlərin "Ağıllı kənd", infrastruktur, enerji və tikinti layihələrinə cəlb olunması Azərbaycanın yaratdığı əlverişli investisiya mühitinin və beynəlxalq etimadın göstəricisidir. Bu, həm də Qarabağın iqtisadi reinteqrasiyasının sürətləndirilməsinə və bölgənin beynəlxalq iqtisadi əlaqələrə inteqrasiyasına xidmət edir.

Şuşada səsləndirilən bəyanatlar bir daha təsdiqlədi ki, Azərbaycan regionda sabitliyin, əməkdaşlığın və qarşılıqlı faydalı tərəfdaşlığın tərəfdarıdır. Rəsmi Bakı bütün dövlətlərlə münasibətlərini qarşılıqlı hörmət, beynəlxalq hüquq normaları və milli maraqlar prinsipi əsasında qurur.

Lalə İskəndərova,
YAP Qusar rayon təşkilatının məsləhətçisi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-07-2026