Mobil versiya
Səttar Möhbalıyev: "İslam həmrəyliyindən qlobal liderliyə aparan yol"
Tarix: 25-06-2026 | Saat: 10:50
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Səttar Möhbalıyev: "İslam həmrəyliyindən qlobal liderliyə aparan yol"

XXI əsrin mürəkkəb geosiyasi reallıqları fonunda İslam dünyasının qarşısında duran əsas vəzifələrdən biri ortaq maraqlar ətrafında birləşmək, siyasi həmrəyliyi gücləndirmək və beynəlxalq münasibətlər sistemində daha təsirli mövqe qazanmaqdır. Bakı şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci Sessiyasının iştirakçılarına cənab Prezident İlham Əliyevin müraciəti məhz bu baxımdan xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Dövlət başçısının mesajı Azərbaycanın İslam aləmində oynadığı rolun, müsəlman ölkələri arasında etibarlı körpüyə çevrilməsinin və gələcək strateji hədəflərinin aydın ifadəsi kimi diqqəti cəlb edir.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Fikirlərini davam etdirən millət vəkili bildirib ki, bu il Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzvlüyünün 35 ili tamam olur. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, İƏT müstəqilliyini bərpa etmiş Azərbaycanın qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri olub. Ötən dövr ərzində ölkəmiz təşkilatın fəaliyyətində passiv iştirakçı deyil, təşəbbüskar və məsuliyyətli üzv kimi çıxış edib. Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət artıq təkcə regional deyil, qlobal miqyasda qəbul olunan bir modelə çevrilib. Müraciətdə xüsusi vurğulanan məqamlardan biri İslam dünyasının Azərbaycanın haqq mübarizəsinə göstərdiyi dəstəkdir. Ermənistanın uzun illər davam edən işğal siyasəti dövründə İƏT-in qəbul etdiyi qətnamələr, bəyanatlar və Təmas Qrupunun fəaliyyəti Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin müdafiəsində mühüm rol oynayıb. Bu dəstək təkcə siyasi həmrəylik nümunəsi deyil, həm də müsəlman ölkələrinin ədalət və beynəlxalq hüquq prinsiplərinə sadiqliyinin göstəricisi kimi qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin müraciətində Qarabağ və Şərqi Zəngəzurda törədilmiş dağıntılarla bağlı səsləndirdiyi faktlar bir daha göstərir ki, Ermənistanın işğal siyasəti yalnız torpaqların zəbt olunması ilə məhdudlaşmayıb. Bu siyasət eyni zamanda mədəni irsin, dini abidələrin və tarixi yaddaşın məhv edilməsinə yönəlmiş sistemli vandalizm aktı olub. İşğal dövründə 67 məsciddən 65-nin dağıdılması, qalanlarının təhqirə məruz qalması təkcə Azərbaycana qarşı deyil, bütün İslam dünyasına qarşı yönəlmiş hörmətsizlik aktıdır. Dövlət başçısının bu vandalizmi islamofobiyanın təzahürü kimi dəyərləndirməsi mühüm siyasi mesajdır. Çünki Qarabağda dağıdılmış məscidlər yalnız memarlıq abidələri deyil, həm də İslam mədəniyyətinin ayrılmaz hissəsi idi. Bu gün həmin torpaqlarda aparılan bərpa və quruculuq işləri, məscidlərin yenidən tikilməsi və azan səslərinin yüksəlməsi yalnız fiziki yenidənqurma deyil, tarixi ədalətin bərpası deməkdir.

Millət vəkili onu da bildirib ki, müraciətin ən mühüm istiqamətlərindən biri də islamofobiya ilə bağlı qlobal çağırışdır. Son illərdə dünyanın müxtəlif bölgələrində müşahidə olunan anti-İslam meyilləri, “Qurani-Kərim”in yandırılması, müqəddəs dəyərlərin təhqir olunması və müsəlmanlara qarşı nifrət kampaniyaları beynəlxalq ictimaiyyəti ciddi düşündürməlidir. Cənab Prezident İlham Əliyev haqlı olaraq bildirir ki, bu cür hərəkətlər ifadə azadlığı adı altında əsaslandırıla bilməz. Azərbaycanın bu məsələdə tutduğu mövqe xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz islamofobiyaya qarşı beynəlxalq mübarizənin aparıcı mərkəzlərindən birinə çevrilib. Bakıda keçirilən beynəlxalq konfranslar, mədəniyyətlərarası və dinlərarası dialoq platformaları Azərbaycanın yalnız müsəlman ölkələrinin deyil, bütövlükdə sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın tərəfdarı olduğunu nümayiş etdirir. Müraciətdə diqqət çəkən digər mühüm məqam Azərbaycanın İslam dünyasının inteqrasiyasına verdiyi töhfələrin xatırladılmasıdır. “İslam Həmrəyliyi İli”, IV İslam Həmrəyliyi Oyunları, İslam İnkişaf Bankının illik toplantıları, Bakı, Naxçıvan və Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi ölkəmizin İslam sivilizasiyasının inkişafına verdiyi töhfələrin konkret nümunələridir. Bu gün artıq Azərbaycan təkcə İslam dünyasının bir üzvü deyil, həm də onun aparıcı siyasi mərkəzlərindən biri kimi qəbul edilir. Təsadüfi deyil ki, 2027-ci ildə keçiriləcək İslam Zirvə Konfransının 16-cı Sessiyasına ev sahibliyi etmək və İƏT-ə sədrlik missiyasını öz üzərinə götürmək məhz Azərbaycana həvalə olunub. Bu qərar ölkəmizin qazandığı beynəlxalq etimadın və nüfuzun göstəricisidir. Cənab Prezident İlham Əliyevin müraciətində səsləndirilən fikirlərdən aydın görünür ki, Azərbaycan qarşıdakı dövrdə İslam dünyasının daha sıx inteqrasiyası, iqtisadi əməkdaşlığın genişləndirilməsi və siyasi həmrəyliyin gücləndirilməsi istiqamətində fəal rol oynamaqda davam edəcək. Bu baxımdan Bakı sessiyası yalnız parlamentlərarası əməkdaşlıq platforması deyil, həm də gələcəyin İslam dünyasının konturlarının müəyyənləşdirildiyi mühüm siyasi tribuna kimi tarixə düşür.
Bu gün Azərbaycan İslam dünyasında həmrəylik çağırışlarını sadəcə səsləndirən deyil, onları real siyasətə çevirən ölkə kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin müraciəti isə bir daha göstərir ki, ölkəmiz İslam həmrəyliyinin güclənməsini yalnız dini və mənəvi məsələ kimi deyil, beynəlxalq sabitliyin, ədalətin və inkişafın vacib şərti kimi qiymətləndirir. Məhz buna görə də Azərbaycanın İslam dünyasında yüksələn nüfuzu təkcə milli uğur deyil, eyni zamanda müsəlman ölkələrinin birgə gələcəyinə verilən mühüm töhfədir-deyə Səttar Möhbalıyev fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-06-2026