Mobil versiya
Azərbaycanın qlobal enerji xəritəsindəki liderlik missiyası
Tarix: 02-06-2026 | Saat: 15:17
Bölmə:Siyasət | çapa göndər

Azərbaycanın qlobal enerji xəritəsindəki liderlik missiyası

2026-cı il iyunun 1-də Bakı şəhəri növbəti dəfə qlobal enerji siyasətinin mərkəzi kimi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olub. Azərbaycanın enerji sektorundakı nailiyyətlərini və qlobal tərəfdaşlıq strategiyasını özündə ehtiva edən “Bakı Enerji Həftəsi” cənab Prezident İlham Əliyevin müəyyən etdiyi praqmatik və uzaqgörən siyasətin təntənəsinə çevrilib. Bu mötəbər tədbir ölkəmizin enerji təhlükəsizliyində oynadığı müstəsna rolu və dövlət başçısının qlobal enerji xəritəsini yenidən formalaşdıran strateji təşəbbüslərini bir daha dünya ictimaiyyətinə nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan enerji resurslarını sadəcə iqtisadi gəlir mənbəyi kimi deyil, həm də regional sabitliyin, tərəfdaşlığın və maliyyə müstəqilliyinin aləti kimi idarə etməyi bacarmışdır. 1996-cı ildə imzalanan “Şahdəniz” müqaviləsinin 30 illik tarixi və bu gün Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilən Cənub Qaz Dəhlizi dövlət başçısının enerji diplomatiyasının ən uğurlu nəticələrindəndir. Bu gün Azərbaycan qazının 10-u Avropa İttifaqı üzvü olmaqla ümumilikdə 16 ölkəyə çatdırılması, dövlətimizin qlobal enerji təchizatındakı əvəzolunmaz mövqeyini təsdiq edir.

Cənab Prezident İlham Əliyevin praqmatik yanaşması neft və qaz hasil edən ölkələrə qarşı beynəlxalq səviyyədə tətbiq edilən əsassız yanaşmaların dəyişməsində həlledici rol oynamışdır. Dünya enerji bazarında faydalı qazıntıların strateji əhəmiyyətini müdafiə edən dövlət başçısı, eyni zamanda, bərpaolunan enerji mənbələrinə – günəş və külək enerjisinə nəhəng investisiyalar yatıraraq Azərbaycanın gələcək onilliklərdə də lider mövqeyini qoruyub saxlamasını təmin edir. 2032-ci ilədək 8 giqavatlıq bərpaolunan enerji hədəfi və "Qara dəniz Enerji Kabeli" kimi layihələr ölkəmizin yaşıl enerjiyə keçid prosesindəki öncül missiyasının göstəricisidir.

Azərbaycanın iqtisadi uğuru dövlət başçısının resurslardan əldə olunan gəlirləri xalqın rifahına – təhsilə, səhiyyəyə və güclü ordu quruculuğuna yönəltməsi sayəsində mümkün olmuşdur. İşğaldan azad edilmiş ərazilər və həyata keçirilən nəhəng bərpa işləri, eləcə də xarici borcu 18 dəfə üstələyən maliyyə ehtiyatları məhz İlham Əliyevin yürütdüyü müstəqil və güclü dövlətçilik siyasətinin nəticəsidir. Zəngəzur dəhlizinin strateji vizyonu və Azərbaycanın Mərkəzi Asiyadan tutmuş Yaxın Şərq və Afrikaya qədər genişlənən investisiya coğrafiyası, ölkəmizin regional güc mərkəzindən qlobal aktora çevrilməsini təsdiqləyir. “Bakı Enerji Həftəsi” Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu tarixi transformasiyanın və Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki liderliyinin ən bariz təzahürüdür.


İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-06-2026