Mobil versiya
Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gün
Tarix: 04-07-2025 | Saat: 12:55
Bölmə:Siyasət | çapa göndər

Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gün

İyulun 2-də Bakı şəhərində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuata bəyanatları iki qardaş ölkə arasında münasibətlərin yeni tarixi mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Bu görüş yalnız diplomatik protokolun bir hissəsi deyil, həm də yüzilliklərə söykənən tarixi bağların müasir dövrdə daha da gücləndiyini sübut edən real addımların təqdimatı idi.
Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.” Bu ifadələr iki ölkənin münasibətlərinin nə qədər dərin və səmimi olduğunu aydın göstərir. Azərbaycan və Özbəkistanı birləşdirən tellər yalnız eyni mədəni və tarixi köklər, ortaq türklük kimliyi ilə məhdudlaşmır. Bu münasibətlər həm də qarşılıqlı hörmət və strateji baxış üzərində qurulub. Keçən il Daşkənddə imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” artıq real nəticələr verməyə başlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu sənəd istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Tarix boyu Özbəkistan və Azərbaycan arasında ticarət, mədəniyyət və elm sahəsində sıx əlaqələr mövcud olub. Bu gün isə bu münasibətlər daha da möhkəmlənir, çünki hər iki ölkənin rəhbərləri gələcəyə baxır, əməkdaşlığı yalnız indiki deyil, gələcək nəsillər üçün də möhkəm əsaslar üzərində qururlar. Əlamətdar hadisələrdən biri də Özbəkistanın Bakının mərkəzində yeni, müasir səfirlik binasının açılması oldu. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu bina Ulu Öndər Heydər Əliyevin vaxtında Özbəkistana ayrılmış torpaq sahəsində inşa olunub və uzun illər gözlədikdən sonra nəhayət, istifadəyə verilib. Cnab Prezident dedi: “Bu yer Heydər Əlirza oğlu tərəfindən ayrılıb. Amma ən azı iki onillik, yox, bir qədər az müddətdə, sadəcə, orada boş qalıb. Qərar veriləndə əmin oldum ki, bina tikiləcək və tikildi.” Bu bina yalnız diplomatik nümayəndəlik deyil, həm də Bakının mərkəzində dostluğun, qardaşlığın, strateji əməkdaşlığın simvoluna çevrilir. Daha da önəmlisi, Bakı şəhərinin mərkəzində “Ağ şəhər” layihəsində yaradılacaq “Özbəkistan parkı” iki xalqın bir-birinə sevgisini və hörmətini əks etdirəcək. Bu park həm Azərbaycan vətəndaşlarının, həm də şəhərə gələn turistlərin diqqət mərkəzində olacaq. Prezident İlham Əliyevin zarafatla dediyi kimi: “Bəlkə də mənfi cəhət o olacaq ki, xarici turist Bakıya gəlib bu parka gedirsə, sonra Özbəkistana getməyə bilər, çünki hər şeyi əsasən burada görəcək.” Bu yumorlu yanaşma belə münasibətlərin səmimiyyətini və mehriban xarakterini göstərir. Beləcə, tarixdən gələn qardaşlıq bu gün konkret layihələr, binalar, parklar, məktəblər və fabriklər şəklində özünü göstərir. Bu isə münasibətlərin yalnız sözdə deyil, əməldə də möhkəmliyini sübut edir. Prezidentlərin mətbuata verdiyi mesajlar göstərir ki, iki ölkə yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün də ortaq hədəflər, böyük planlar qurur. Azərbaycan-Özbəkistan münasibətlərinin dərinliyini göstərən mühüm detal bir də ondan ibarətdir ki, iki ölkə liderləri görüşlərinin yalnız rəsmi hissəsi ilə kifayətlənmir, həm də şəxsi münasibətləri ilə əməkdaşlığı gücləndirirlər. Prezident İlham Əliyev dedi: "Biz hökumət üzvlərinə tapşırıq verdik ki, öz işlərini ləyaqətlə yerinə yetirsinlər. Bilsinlər ki, biz mütəmadi olaraq monitorinq aparıb yoxlayacağıq, bunu da edirik." Bu cür davamlı nəzarət və şəxsi məsuliyyət hissi ikitərəfli əməkdaşlığın uğurunun əsas şərtidir. Görüşdə həm də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qarabağa növbəti səfəri planlaşdırıldı. Bu, sadəcə bir diplomatik addım deyil, həm də regionda sabitlik və quruculuq proseslərinə verilən dəstəyin təzahürüdür. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan münasibətləri yalnız tarixi köklərə deyil, həm də müasir, strateji baxışa, davamlı layihələrə və səmimi dostluğa əsaslanır. Beləliklə, iyulun 2-dəki görüş iki ölkənin münasibətlərində təkcə tarix deyil, həm də gələcək üçün möhkəm təməl yaradan, qürurverici bir səhifəyə çevrildi. Azərbaycan və Özbəkistan qardaşlığı təkcə sözlərdə deyil, əməldə, real layihələrdə, məktəblərdə, parkda, fabrikdə və yeni səfirlik binasında yaşayır.

Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-07-2025