Mobil versiya
CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ORDUMUZ XOCALI ŞƏHİDLƏRİN QİSASINI ALDI
Tarix: 24-02-2024 | Saat: 21:16
Bölmə:Özəl | çapa göndər

CƏNAB PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ ORDUMUZ XOCALI ŞƏHİDLƏRİN QİSASINI ALDI

«Xocalı faciəsi iki yüz ildən çox müddətdə davakar erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi incəliklə yeridilən bu mənfur siyasət və düşmənçilik heç zaman dayanmamış, gah açıq qarşıdurma və qanlı toqquşmalar şəklini almış, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələnmişdir»” sözləri ilə bildirən Ulu Öndər Heydər Əliyev bu qətliama ilk siyasi qiymət verməklə kifayətlənmədi, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi naminə önəmli addımlar atdı.

Daşnakların Azərbaycana qarşı illərdən bəri həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətinin qanlı səhifələri kimi tarixə yazılan, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet imperiyasının 366-sı motoatıcı alayı ilə erməni silahlı birləşmələrinin Xocalıda törətdikləri soyqırımdan illər ötsə də xalqımızın ağrı-acısı səngimir. SSRİ-nin ilk və son prezidenti ermənipərəst Mixail Qorbaçovun xeyir-duasını alan daşnaklar ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı əsrin sonlarında təkrarladılar. Həmin gecə 7000 əhalisi olan, bəşəriyyət əleyhinə törədilmiş ən qanlı qətliama şahidlik edən Xocalı tamamilə yandırıldı. Sadəcə azərbaycanlı olduqlarına görə xüsusi qəddarlıqla öldürülən, əsir götürülərək işgəncələrə məruz qalan insanlar erməni vəhşiliyinin qurbanlarına çevrildilər. Bir gecədə 613 Xocalı sakini qətlə yetirildi. Soyqırım zamanı 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirdi. 1275 insan əsir və girov götürülərək amansız işgəncələrə məruz qaldı, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Soyqırımın amansızlıqla, ağla gəlməyən qəddarlıqla törədildiyini yazılarında qeyd edən Fransanın KİV-lərində dərc olunan bəzi məqalələrə diqqət yetirək. Fransanın «Le Monde» qəzetindən: «Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında baş dərisi soyulmuş, dırnaqları çıxarılmış 3 meyit gördülər. Bu, Azərbaycan təbliğatı deyil, reallıqdır… Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşi xislətlərini bütün dünyaya bəyan etdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc sakinlərinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı…»
Fransanın «Liberation» qəzetinin əməkdaşı Jül Gen Vayner yazırdı: «Xocalıda baş verənlər qabaqcadan hazırlanmış ssenari üzrə həyata keçirildi. Hələ Xocalı işğal edilməzdən bir gün əvvəl 49 azərbaycanlı əsir alınaraq kütləvi şəkildə güllələndi. Batalyon və hərbi hissələrin komandirləri dinc əhalinin məhvinə qərar vermişdilər. Hücumdan bir neçə saat əvvəl 366-cı alayın qərargahında 58 azərbaycanlı qətlə yetirildi. Onların çoxu qadın və uşaqlar idi. Meyitlərin gömüldüyü quyuların yanından keçmək mümkün deyildi, oradan dözülməz meyit iyi gəlir, itlərin, çaqqalların səsləri eşidilirdi… Ermənilər Xocalıda qətlə yetirdikləri 100 nəfəri yanaşı düzərək körpü düzəltdilər. Mən meyitlərin üzərindən keçdim. Ayağımı körpə bir uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşdü, qana boyandı. Özümü tamamilə itirdim. Bütün bədənim əsirdi...» Erməni vandalizminin ağlagəlməz dəhşətləri ilə yaddaşlarda qalan, Xocalı qırğınının şahidi olmuş fransız jurnalisti Jan İv Yunetin məqaləsindəki sözlər erməni xislətinin, vəhşiliyinin sadəcə bir nümunəsidir: «Biz Xocalını müdafiə edənlərin, yüzlərlə dinc sakinlərin – qadınların, uşaqların, qocaların tanınmaz hala salınmış meyitlərini öz gözlərimizlə gördük… Ermənilər bizim vertolyotu da atəşə tutduğundan çəkilişi sona çatdıra bilmədik. Amma yuxarıdan gördüklərimiz
törədilən vəhşilikləri təsəvvürə gətirməyə kifayət edirdi. Bu, tük ürpərdici mənzərə idi. Mən müharibələr, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişdim. Lakin 5-6 yaşlı uşaqları, dinc əhalini qətlə yetirən ermənilər faşistləri də geridə qoymuşdular… Növbəti kəndi zəbt edərkən bir erməninin sağ-salamat uşağı götürüb iki yerə böldüyünü gözlərimlə gördüm. Sonra həmin bədənin bir hissəsi ilə ananın sifətinə, başına o qədər döydü ki, övladının al-qanına bulaşmış qadın havalanıb gülməyə başladı.»

Əlavə izaha ehtiyac duyulmayan daşnak qəddarlığı haqqında təsəvvür yaradan belə nümunələr çoxdur.

Xocalıya qədər Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndində bir ailəni yandıran, İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərini işğal edən ermənilər eyni vəhşiliklərini bu ərazilərdə də göstəriblər. Qaradağlı, Ağdaban kəndlərində də eyni qəddarlığı törədən daşnakların vəhşiliklərinin izləri İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə aşkarlanan kütləvi məzarlıqlardır.

Xocalı qırğınını XX əsrin ən dəhşətli cinayətləri adlandıran, «Əfsuslar olsun ki, bu cinayəti törədənlər hələ ki ədalət qarşısında cavab verməyiblər, amma o gün gələcəkdir» söyləyən Prezident İlham Əliyevin soyqırım qurbanlarını anma mərasimlərində iştirakı Azərbaycan xalqının birlik və həmrəyliyinin, erməni faşizminə nifrətin ifadəsidir. Xocalı soyqırımının dünyada tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən «Xocalıya ədalət!» beynəlxalq kampaniyasında iştirak edən ölkələrin sayının artması faciə qurbanlarının xatirəsinəi hörmətdir.
Aparılan məqsədyönlü təbliğatın nəticəsidir ki, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya və Paraqvay parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb. Beynəlxalq ictimaiyyət ermənilərin xalqımıza, Qərbi azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə siyasəti, Xocalı haqqında məlumatlandırılırlar. Azərbaycanın bu sahədə diplomatik fəallığı, ölkəmizin informasiya müharibəsində erməni diasporunun və lobbisini geridə qoyması işğalçı ölkə rəhbərliyinin təşviş və narahatlığını artırmaqdadır.
Çünki Azərbaycanın məqsədyönlü və həqiqətə söykənən təbliğat strategiyası əsl soyqırımının nədən ibarət olduğunu və kimin təcavüzə məruz qaldığını tarixi faktlar əsasında açıq şəkildə ortaya qoyur. Xocalı faciəsinin qabaqcadan düşünülmüş daşnak ideologiyasının vəhşiliyindən qaynaqlandığı artıq bütün dünya ictimaiyyətinə bəllidir. BMT-nin «Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında» Konvensiyasına görə, soyqırımı törədənlərin qanunvericiliyə uyğun cəzalandırılması istiqamətində müəyyən işlər görülmüş, qırğının törədilməsində iştirak edən cinayətkarların bəziləri həsb edilmişlər. Faciəni törədənlər ədalət mühakiməsinə cəlb olunur, layiqli cəzalarını alırlar. Təkcə Xocalıda deyil, Vətən müharibəsi zamanı Gəncədə, Bərdədə, Tərtərdə dinc əhaliyə qarşı cinayət törədənlər artıq məsuliyyətə cəlb olunublar. Dövlət başçısı kimi «Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir. Amma yenə də deyirəm, hələ ki, dünyada ikili standartlar siyasəti mövcuddur, erməni lobbisi, dünya erməniliyi və onların havadarları çalışırlar ki, erməniləri bu vəziyyətdən çıxarsınlar. Biz isə bundan sonra da çalışacağıq ki, bütün dünya Xocalı haqqında bilsin. Bizim indi imkanlarımız da artır, o cümlədən təbliğat imkanlarımız genişlənir. Biz istənilən ölkədə diaspor təşkilatlarımızın xətti ilə, dövlət xətti ilə istənilən tədbiri, konfransı keçirə bilərik. Bunu edirik və bu həqiqətləri bütün
dünyaya çatdırırıq. Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir» söyləyən cənab İlham Əliyev Ali Baş Komandan kimi bu sözlərini Zəfərimizlə reallaşdırdı. Vətən müharibəsindəki Qələbəmizlə, artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ respublikası»ndakı separatizmin, erməni faşizminin məhvi, Xankəndidə Azərbaycanın Dövlət Bayrağını dalğalanması ilə bütün şəhidlərimizin qisası alındı.
Xocalı şəhərinin 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənməsi soyqırımı qurbanlarının xatirəsinə əbədi hörmət rəmzi idi. İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işlərinə şəxsən nəzarət edən Prezident İlham Əliyevin ötən ilin oktyabrında Xocalı şəhərində Dövlət Bayrağımızı dalğalandırması, rayonun Çapanaqçı və Sığnaq kəndlərində olması ermənilərə və onların havadarlarına göz dağı, lider qətiyyətinin ifadəsi idi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024