Mobil versiya
Azərbaycan reaalıqlarını hamı qəbul etməlidir
Tarix: 11-07-2023 | Saat: 10:10
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan reaalıqlarını hamı qəbul etməlidir

Bakı növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə qucaq açdı. Məlum olduğu kimi, iyulun 5-də paytaxtımızda Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşü keçirilib. Bu görüşün Bakıda keçirilməsi özü-özlüyündə böyük əhəmiyyət kəsb edir. Toplantıda Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin konseptual xarakterli çıxışı böyük maraqla qarşılandı. Dövlətimizin başçısı bu çıxışında yeni dünya düzəni, dünyanın müasir təhlükəsizlik arxitekturası ilə bağlı fikirlərini paylaşdı və önəmli mesajlar verdi. Üç il əvvəl Azərbaycan Qoşulmama Hərəkatına sədrliyə başladığı vaxtdan indiyədək bu təşkilata yeni güc, yeni nəfəs verdi. Bu Hərəkat son illər ərzində beynəlxalq münasibətlər sistemində mühüm əhəmiyyətli təşkilatlardan birinə çevrilib. Qoşulmama Hərəkatı üzvlərinin sayına görə BMT-dən sonra ikinci böyük təşkilatdır.1961-ci ildə yaradılan təşkilatın hazırda 120 dövlətdən ibarət üzvü, 19 dövlət və 9 beynəlxalq müşahidəçi təşkilat üzvü var. Təşkilat müxtəlif siyasiyönümlü ölkələri birləşdirsə də, ümumi məqsəd hərbi bloklara qoşulmamaqdır. Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Bakı artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib.
Toplantıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirmişdir ki, “Hərəkatın institusional inkişafı, xüsusən də müvafiq olaraq 2021-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılması Azərbaycanın sədrliyinin növbəti nailiyyətidir. Biz hazırda Qoşulmama Hərəkatının qadınlar platformasının yaradılması üzərində işləyirik. İnstitusional davamlılığa doğru atılan bu addımlarla biz növbəti sədrlərə mütləq uğurlu bir miras qoyacağıq.”
Cənab Prezident Azərbaycanın humanist siyasətinə toxunaraq bildirmişdir ki. Pandemiya dövrünün ağrılı dövrlərində biz bu siyasətimizi inamla davam etdirdik. “peyvənd millətçiliyi”nə qarşı səsini ucaldan Azərbaycan Hərəkatın sədri kimi fəal iş apararaq bir sıra ölkələrə humanitar yardımını əsirgəmədi: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.”
Qoşulmama Hərəkatının bir təsisat kimi dünya nizamında yerini tutduğunu bildirən ölkə başçısı bu təşkilatın önəmini vurğualyaraq bildirmişdir ki, “BMT Təhlükəsizlik Şurasında Qoşulmama Hərəkatına bir daimi yer verilməlidir. Qoşulmama Hərəkatına, İslam Əməkdaşlıq Təşkilatına və Afrika İttifaqına sədrlik edən ölkələr BMT Təhlükəsizlik Şurasında veto hüququ ilə rotasiya əsasında yer almalıdırlar”
Cənab İlham Əliyev neokolonializm meyillərinin artmasından narahatlığını ifadə edərək bildirdi ki, indiki dövrdə dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı və onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.
Təəssüf ki özünü demokratiyanın beşiyi adlandıran Fransa bu gün neokolnist siyasəti yeridir. Əvvəllər nbir qədər pərdəli aparılan bu siyasət makron hakimiyyəti dönəmindaə açıq müstəviyə keçmişdir. İndi bu ölkədə hər gün millətçilik, irqçilik təzahürləri özünü göstərir, insanlar dini, irqi mənsubiyyətinə görə qətlə yetirilir. Hazırda Fransanı bürüyən iğtişaşlar da bu siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Hər yerdə öz maraqlarını önə çəkən Fransa rəsmiləri Cənubi Qafqaza da burun soxur, hər vəchlə sülhə, əmin-amanlığa mane olmağa çalışırlar. İşğalçı, təcavüzkar ermənistana verilən dəstək bunu göstərir. “Özünü yalandan insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ də digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali və Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq və “Orientalizm” müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır.”-deyə cənab İlham Əliyev Qoşulmama Hərəkatını bu cür m meyllərə qarşı birgə mübarizəyə çağırd: “Əlcəzair əsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin və islamofobiyanın daha bir əlamətidir. Fransada, xüsusilə də mediada və internetdə müəyyən etnik azlıqlara qarşı davamlı və geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlər, rəsmi şəxslər və parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışlar getdikcə artmaqdadır. Bu baxımdan biz BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləyirik.”
İkili standartların tətbiqinə üstünlük verən, riyakar siyasət yürüdən Fransanın Korsika dilinə qadağa qoyub insan haqlarından danışması gülüncdür. Dünyanı narahat edən problemlərin həllinin vacib olduğunu qeyd edən cənab ilham əliyev indiki dövrdə bu məslələrə diqqət ayırmağın vacibliyini bildirmişdir: “Mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi bizim gündəliyimizdə öndə duran məsələlər olmalıdır. Geniş vüsət alan islamofobiya və ksenofobiya hallarından, həmçinin İslamın zorakılıq və terrorla eyniləşdirilməsi cəhdlərindən narahatıq. Danimarkada, Niderlandda, İsveçdə müqəddəs Quranın yandırılması, təhqir olunması və buna ifadə azadlığı adı altında bəraət qazandırılması tamamilə məsuliyyətsizlikdir və qəbulolunmazdır”
Qoşulmama Hərəkatına üzv olan ölkələrin işğal zamanı və işğaldan sonra Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini, 2020-ci və 2022-ci illərdə Qoşulmama Hərəkatı ölkələrinin BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə olan birtərəfli və qərəzli bəyanatların qəbul edilməsinin qarşısını almasını qeyd edən ölkə başçısı bir daha qeyd etmişdir ki, erməni işğalından sonra Azərbaycan işğalın nəticələrini aradan qaldırır. Lakin hələ də bu regionda vəziyyət kövrək olaraq qalır. Çünki ermənistandakı revanşist qüvvələr, onların beynəlxalq havadarları sülh prosesinə mane olur. Üçtərəfli bəyanatda götürülən öhdəliklərin bir çoxuna, eləcə də Zəngəzur dəhlizinin açılması öhdəliyinə Ermənistan əməl etmək istəmir. Hansı ki, bu dəhlizin açılması bir sıra qlobal məslələrin həllində mühüm rol oynayacaqdır.
Cənab İlham əliyev bir sıra mesajları ilə əslində müəyyən güclərə öz yerlərini göstərmiş oldu və Azərbaycanın bundan sonra da öz suverenliyi, müstəqilliyi uğrunda mübarizə aparacağını bildirdi. 30 il bundan əvvəlki Azərbaycan artıq tarixdədir və bu gün yeni reallıqları hamı qəbul etməlidir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025