Mobil versiya
Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır.
Tarix: 04-11-2022 | Saat: 11:13
Bölmə:Ölkə | çapa göndər

Ermənistan rəhbərliyi bundan nəticə çıxarmalıdır.

Məlum olduğu kimi, Soçidə Azərbaycan Prezidentinin Rusiya Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə keçirilmiş Soçi sammiti başa çatdı. Əvvəldən də görüş Azərbaycan və Ermənistan arasında sülhü birbaşa təmin edəcək təmas kimi qiymətləndirilmirdi və gözlənildiyi kimi də oldu. Ancaq görüş faydasız da olmadı. Ən azından ona görə ki, Moskva münaqişəli durumda olan iki Cənubi Qafqaz respublikasının bölgədə qərarlaşmış hazırkı status-kvoya uyğun davranışını hansısa formada tənzimləmək, qanlı toqquşmaların baş verməsini önləmək yolundakı vasitəçi nüfuzunu saxlamaqdadır. Təsadüfi deyil ki, sammitin təşəbbüskarı Rusiya Prezidenti Vladmir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş zamanı bildirdi ki, məqsəd Rusiya, Azərbaycan və Ermənistan arasında 2020 və 2021-ci illərdə əldə olunmuş bütün razılaşmaların icrasını təmin etməkdir.

Göründüyü kimi, Rusiya lideri, sülh müqaviləsindən söhbət açmır. Hər halda, üçtərəfli bəyanatlardakı bütün öhdəliklər yerinə yetirilsə, sülh yolunda əhəmiyyətli addım atılmış olar. Amma... Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev Vladimir Putinlə ikitərəfli görüş zamanı bəyan etdi ki, Qarabağ münaqişəsi artıq tarixdir. O, problemin iki il əvvəl həll edildiyini və bu kontekstdə praktiki müzakirə olunacaq nəyinsə qalmadığını vurğuladı. Deməli, Qarabağla bağlı hər hansı məsələnin müzakirəsi yoxdursa, o zaman sərhədlərin demarkasiyasına və delimitasiyasına keçmək lazımdır. Əlbəttə, sülh sazişinə də. Azərbaycan Prezidenti də çox güman, məhz bunu deyir, məsələnin konkretləşməli olduğuna eyham vurur. Ermənistanın baş naziri Nikol Paşinyana gəlincə, gözlənildiyi kimi, onun Soçidəki başlıca missiyası şikayət etmək idi. Ermənistanın hökumət rəhbəri V.Putinlə ikitərəfli görüşü zamanı Kreml rəhbərinin ötən həftə “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasındakı çıxışını bir növ, öz istədiyi formada interpretasiya edən fikirlər səsləndirib. Sanki, Putin “Valday”da ermənilərə hansısa fövqəladə jest edib. Əslində isə belə bir söz yoxdur. Kreml rəhbəri ölkəsinin Ermənistanla Qarabağ mövzusunda söhbət aparmağa hazır olduğunu bildirib və bu zaman Azərbaycanın maraqlarının nəzərə alınmalı olduğunu vurğulayıb. Paşinyan Soçidə Putindən Azərbaycan qoşunlarının Qarabağdakı Rusiya sülhməramlılarının təsir zonasından çıxarılmasını istəyib. Ermənistan rəhbərinin sözlərindən o da aydın görünür ki, Ermənistan üçtərəfli bəyanatda yer alan dəhliz məntiqindən uzaqdır: “Ermənistan ərazisindən keçən kommunikasiyalar ölkənin tam nəzarəti altında olmalı və Ermənistan qanunvericiliyinə uyğun fəaliyyət göstərməlidir”. N.Paşinyan çıxışında Azərbaycanda saxlanılan erməni əsirlər məsələsini də qabardıb. Ümumən, onun tonunun Rusiyanı öz vasitəçilik missiyasını yerinə yetirmədiyini söyləməyə fokuslandığı aşkardır.

Hərçənd, Soçidə göründü ki, İrəvan Moskvanı dinləmək fikrindən uzaqdır. Bir reallıq var ki, hazırda Ermənistan və Azərbaycan arasındakı münaqişəli vəziyyətin aradan qaldırılması baxımından iki yanaşma diqqət çəkir. Bunlardan birincisi– Rusiya, ikincisi – Qərb baxışıdır. İkinci baxış iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasını əsas götürür.

Əlbəttə, Qərbdən Qarabağa status çağırışları da gəlir və ATƏT-in Minsk Qrupunu dirçəltmək istəkləri nəzərə çarpır. Bu vəziyyətdə Qərb təşəbbüslü sülh konseptinin konkret nədən ibarət olmasına dair şübhələr də yaranır. Belə təəssürat formalaşır ki, təşəbbüsdə məqsəd, ilk növbədə, Rusiyanı prosesdən kənarlaşdırmaqdır. Yəni, Moskva kənara dursa, demək olmaz ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq, ya yox. Kreml hadisələrə kənardan tamaşa etmək və gələcək vəziyyəti görmək məqsədilə kənara çəkildiyinə dair hətta siyasi blef də edə bilməz. Daim təşəbbüsü əlində saxlamalıdır və saxlamağa cəhd göstərir də. Soçi görüşü də məhz bu istəyin vurğulanmasıdır. Görünən budur ki, Moskva da birbaşa sülh müqaviləsi məntiqindən uzaqdır. Ölkə prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının Ermənistan–Azərbaycan münaqişəsinin həllinə həsr olunmuş video formatda keçirilmiş görüşündə kommunikasiyaların açılmasının zəruriliyi üzərində dayandı. Deməli, sülh müqaviləsi Moksva üçün yalnız son məqsəddir. Bu, nə vaxt reallaşacaq, demək çətindir.

Məlumdur ki, oktyabrın 29-da Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının qurultayında Qarabağ probleminin həlli ilə bağlı yeni konsepsiya təsdiq edilib. Sənəddə bildirilir ki, Türkiyə və Azərbaycanla qeyri-sabit münasibətlər Ermənistanın təhlükəsizliyinə daimi təhdid mənbəyidir və bu, aradan qaldırılmalıdır. O da vurğulanır ki, Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyini təmin etməyin yolu regionun bütün ölkələri, ilk növbədə, Türkiyə, Azərbaycan, İran və Gürcüstanla birgəyaşayış formulunun hazırlanmasından keçir. Sözügedən qurultayda çıxış edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan “Ermənistan qonşuları üçün təhlükə mənbəyi hesab edilməməli, qonşuları da ölkəyə təhlükəyə çevrilməməlidir” fikri üzərində xüsusi dayanıb. Qarabağ probleminə gəlincə, hakim partiyanın yeni konsepsiyasında bildirilir ki, əgər əvvəllər status məsələsi bölgədəki ermənilərin hüquq və təhlükəsizliyini təmin edən prioritet hesab olunurdusa, artıq onların təhlükəsizliyi və hüquqları prioritet sayılır, status bu təminatlar sistemindən çıxarılır. Beləliklə, əgər Qarabağa status məsələsi yoxdursa, hər şey sanki, aydın görünür. İlk baxışdan sülh müqaviləsinin imzalanması üçün İrəvan tərəfindən hər hansı promlemin olmadığı təəssüratı yaranır. Ancaq burada maraqlı məqam da var. Sözügedən konsepsiyaya nəzərən, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması 2026-cı ilə qədərki prioritet olaraq qabardılır. Deməli, Ermənistanın siyasi rəhbərliyi, əslində, vacib olan məsələni irəli sürsə də, onun günümüz üçün vacibliyindən, bir növ, uzaqlaşır, hansısa konseptual baxışa baş vurararaq məsələni gələcəyə daşıyır. Bununla bir yandan, status məsələsi olmasa da, Qarabağ ermənilərinə, guya, hamilik missiyasını üzərinə götürdüyünü göstərərək daxili ictimai rəyi razı salmağa çalışır, digər tərəfdən, yenə status amilini qabartmamaq şərtilə, problemin həllini qeyri-müəyyənliyə aparır. Halbuki, Azərbaycan Prezidenti cənab İlham Əliyev, eləcə də ölkəmizin rəsmiləri bildiriblər ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdırlar və onların qayğısına qalmaq bizim vəzifəmizdir. Qarabağ ermənilərindən söz düşmüşkən, onlar bir neçə gün öncə Xankəndidə etiraz mitinqi keçirərək, Azərbaycanın yurisdiksiyası altında yaşamaq istəmədiklərini bildirdilər. Soçi görüşü ərəfəsində belə bir aksiyanın təşkili də sıradan məsələ sayıla bilməz. Bu yerdə Xankəndidəki ermənilərə və onları küçəyə çıxaranlara Azərbaycan Prezidenti İlham Əliyevin Soçi sammiti zamanı səsləndirdiyi fikri xatırlatmağa ehtiyac yaranır – Qarabağ münaqişəsi tarixdir!

Ən əsası, Soçi görüşü bu fikrin yenidən, kifayət qədər qətiyyətli şəkildə səsləndirildiyi sammit kimi kifayət qədər əhəmiyyətlidir. Vaxt varkən, Ermənistan rəhbərliyinin bundan nəticə çıxarması zəruridir. Paşinyan indi şikayət edir. O, əsassız şikayətlərə son qoymaq barədə də düşünməlidir. Sonra gec ola bilər.

Eldəniz Səttarov,
YAP Göygöl rayon təşkilatı üzrə Köşkü kənd ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024