Mobil versiya
Keyfiyyətsiz kolbasaları necə tanımalı?
Tarix: 28-04-2016 | Saat: 13:15
Bölmə:Səhiyyə | çapa göndər



Son zamanlarda bir-birinin ardınca satışda külli miqdarda at əti aşkarlanması, at və murdar ətdən hazırlanan kolbasalar əhalinin qidaya olan həssaslığını artırıb. Xüsusən də əhalinin kolbasa xoşlayan və yeyən kəsimini keyfiyyətli ətdən hazırlanan kolbasanı necə seçmək lazım olması məsələsi ciddi düşündürür.

Məsələ ondadır ki, "Halal" markası ilə satılan bir sıra kolbasaların da əslində halallıqdan uzaq olması barədə mətbuatda çoxsaylı informasiyalar yer alıb. Hətta kolbasa istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda iddialar var.

Bir neçə ərzaq mağazasına baş çəkib kolbasalarla, onların üzərində etiketi olub-olmaması ilə maraqlandıq. Satışda bir-birindən fərqli və müxtəlif qiymətə kolbasalar satılırdı. Elə kolbasalar vardı ki, onun üzərində etiketi, harada istehsal edilməsi barədə məlumat yox idi. Bəzilərinin isə istehsal tarixi çox qəliz şəkildə yazılmış və ya yalnızca istehsal olunma vaxtı qeyd edilmişdi.

Alıcılardan kolbasa alarkən nələrə diqqət etdiyini soruşduqda onlar əsasən keyfiyyətə fikir verdiklərini deyirdilər. Daha çox toyuq kolbasası almağa üstünlük verdiklərini deyirdilər. Ancaq elə alıcılar da vardı ki, son yazılan məlumatlardan sonra kolbasadan imtina etdiklərini bildirdilər. Maraqlıdır, alıcı keyfiyyətli kolbasanı necə tanımalıdır?

Aia.az musavat.com-a istinadən bildirir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov əhali arasında qida təhlükəsizliyi ilə əlaqədar ajiotaj yarandığını dedi: "Bu işdə Azad İstehlakçılar Birliyinin yaxşı işləyə bilməməsi birinci növbədə tənqid olunmalıdır. İstehlakçı malın etiketinə ilk növbədə diqqətlə baxmalıdır. Hər şey etiketdən başlayır. Düzdür, etiket də malın təhlükəsizliyi məsələsini həll etmir. Amma bütövlükdə orada yazılan informasiyaya diqqət yetirilməlidir. Birincisi, ərzaq malları haqqında qanunda birmənalı göstərilir ki, malın etiketində onun istehsalçısının ünvanı, telefonu, qaynar xətti, standartın nömrəsi, malın adı, qeydiyyata alınmış əmtəə nişanı, sertifikatın nömrəsi və sairə olmalıdır. Bütün bunlara fikir verilməlidir. İstehlakçı ərinməsin, əgər malın üzərində telefon xətti varsa, ora zəng eləsin. Soruşsun ki, bu telefonda doğrudanmı bu mal istehsal olunur ya olunmur. Məsəl üçün, yaxın günlərdə mən bir mal üçün zəng etmişdim. Məlum oldu ki, həmin telefonu qeyd edilən yer evdir və buranın malla heç bir əlaqəsi yoxdur. Ona görə də istehlakçı etiketdə dediyim bu amillərə fikir versin. Əlbəttə, buraxılma və son yararlılıq müddətinin olması çox zəruri şərtlərdən biridir. İndi bir yerdən zəng edib dedilər ki, qatlaşdırılmış süd almışıq. Südün üzərində 27.11.15 yazılıb və nöqtə qoyularaq 14 yazılıb. Bu bilinmir ki, bu buraxılma tarixidir, son yararlılıq müddətidir ya nədir. Bu cür anonim başa düşülməyən yazılar olan malları istehlakçılar almamalıdırlar. Onun mənşəyinin nə olduğunu bilmək də istehlakçı üçün o qədər də asan bir şey deyil".

Qurum sədri yaxın zamanlarda AİB-in ətin mənşəyini müəyyən edən testlər əldə edəcəyini dedi: "Onu da qeyd edim ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyası ətin mənşəyini müəyyən edir, hətta ətin normal kəsilmiş olmasını və ya murdar ətdən hazırlandığını müəyyən edən laboratoriya var. Biz çalışırıq ki, həmin dövlət qurumunun o laboratoriyası ilə əməkdaşlıq edək. Bizə müraciət olunarsa, biz bu məsələləri araşdırarıq. Çox təəssüf ki, cəmiyyətdə böyük ajiotaj yaranıb. Azad İstehlakçılar Birliyinə at ətindən, eşşək ətindən hazırlanan kolbasalar barədə gündə 100-dək zəng gəlir. Qeyd edim ki, biz kolbasa istehsal edən böyük müəssisələrdən yalnız üçünə qida təhlükəsizliyi nişanı vermişik. Orada daim monitorinqlər aparırıq. Bunlar böyük müəssisələrdir. Orada belə hallar istisna olunur. Həmin müəssisələrdə də bizim gizli işçimiz işləyir. Yəni orada 400-500 adam işləyir və onlardan birini bizə məlumat verməsi üçün ictimai nəzarətçi qoymuşuq. Neqativ hallar kiçik sexlərdə də baş verir. Yaxşı haldır ki, adını çəkdiyim dövlət orqanı iki kolbasanın bu cür pis hazırlandığını müəyyən elədi və məlum oldu ki, bu kolbasaların etiketində yazılan ünvanları da doğru deyil. Son olaraq mən tənqid etmək istəyirəm yerli icra hakimiyyəti orqanlarını, yerli bələdiyyələri, yerli polis orqanlarını ki, nə üçün onların gözləri qarşısında bu hadisələr baş verir? Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsi Bakıdan gedir əməliyyat keçirir və bunları ifşa edir. Ancaq nə üçün yerli orqanlar ictimai nəzarəti həyata keçirmir".

Aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024